Paulo Koelyo

Rio-Pyedranın sahilində
oturdum və ağladım
Ön söz
İspaniyalı bir missioner adada üç astek kahininə rast gəldi. Keşiş onlardan soruşdu:
-Siz necə dua edirsiniz?
-Biz bircə dua bilirik, - baş kahin cavab verdi - O da budur: «İlahi, səndə üç ruh birləşib, biz də üç nəfərik. Bizi əfv elə».
- Pis dua deyil, - missioner dedi.
- Ancaq Allahın eşitmək istədiyi bir az başqa cürdür.Gəlin, mən sizə başqa dua öyrədim - bundan çox-çox yaxşısını.
Sonra onlara katolik duasını öyrətdi və Tanrı sözünü yaymaq üçün yoluna davam etdi.
Bir neçə il sonra missioner İspaniyaya, öz evinə qayıdanda onun gəmisi həmin adanın yanından keçməli oldu. Missioner yuxarı
göyərtədən üç kahini sahildə gördü və onlara əl elədi.
Həmin anda onlar suların üstüylə gəmiyə tərəf qaçdılar. İçlərindən biri, gəmiyə ən yaxın olanı qışqırdı;
-Padre! Padre! Biz tanrının sevimli duasını yadımızda saxlaya bilmədik! Onu bizə təzədən öyrət!
-Bu vacib deyil, - möcüzə şahidi olmuş missioner dedi. Və vaxtında başa düşmədiyi üçün Tanrıdan üzr istədi - Tanrı bütün dillərdə
danışır.
Bu pritça «Rio-Pyedranın sahilində oturdum və ağladım» kitabında söhbətin nədən getməsinin ən yaxşı izahıdır. Biz nadir hallarda
möcüzənin ətrafımızda olduğunu boynumuza alırıq. Möcüzələr bizim lap yanımızda baş verir, səma işarətləri bizə yol göstərir,
mələklər onları eşitməmizi xahiş edirlər. Ancaq biz «Dinə gəlmək üçün konkret qaydalara əməl etmək, konkret formulaları
səsləndirmək lazımdır» deyərək qətiyyətlə özümüzü görməməzliyə vururuq. Anlamırıq: «biz Onun üçün hansı qapıları açsaq, O da
oradan gırəcək».
Ənənəvi dini ayinlər vacibdir, zira birgə dua edən, mərasimləri yerinə yetirən zaman yaranan vəhdət hissini başqaları ilə bölməkdə
bizə kömək edir. Bununla belə unutmaq olmaz ki, mənəvi təcrübə hər şeydən əvvəl praktik məhəbbət təcrübəsidır. Məhəbbətdə isə
qaydalar yoxdur. Əlbəttə, dərslikləri əzbərləmək, ehtirası cilovlamaq, davranış strategiyası hazırlamaq olar- bütün bunlar
cəfəngiyyatdır. Qərarı ürək verir və yalnız onun qərarı vacib və gərəklidir.
Belə hadisə hər birimizin həyatında baş verib. Bizlərdən hər birimiz bu və ya digər anda göz yaşları içində təkrar etmişik: «Bu
sevgi mənim əzablarıma dəyməz». Biz ona görə əzab çəkirik ki, aldığımızdan çox verdiyimizi (bizim fikrimizcə) düşünürük. Ona görə
əzab çəkirik ki, bizim sevgimiz gizli, təsdiqsiz qalıb. Biz öz qaydalarımızı qoya bilməmişik, odur ki, əzab çəkirik.
Amma əbəs yerə. Zıra sevgidə bizim mənən böyüməmizin rüşeymləri qoyulub. Nə qədər çox seviriksə, mənəvi kamilliyin dərkinə bir
o qədər yaxınlaşırıq. Həqiqətən kamilliyə çatmış insanlar – ürəkləri məhəbbətlə alovlananlar - öz dövrlərinin bütün xürafatını,
maneələrini dəf ediblər. Onlar mahnı oxuyublar, gülüblər, yüksək səslə dua ediblər, oynayıblar, apostol Pavelin «müqəddəs dəlilik»
adlandırdığı hər şeyi həyata keçiriblər. Onlar şən olublar – zira dünya sevənlərin qarşısında diz çökür və onlar, itirmək qorxusundan
xəbərsizdir.Əsl məhəbbət özünü bütünlüklə verməkdir.
«Rio-Pyedranın sahilində oturdum və ağladım» kitabı bunun nə qədər vacib olması haqqındadır. Pilar və onun dostu -uydurma
personajlardır. Lakin onlar həm də Fərqli Məkan axtarışlarında qarşılaşdığımız bir çox konfliktləri simvolizə edirlər. Gec, ya tez
hər birimiz öz qorxularımıza qalib gəlməli olacağıq - zira mənəviyyatın yolu gündəlik qazanılan məhəbbət təcrübəsindən keçir.
Bir dəfə rahib Tomas Merton dedı: «Mənəvi həyat məhəbbətə bərabərdir. Kiməsə kömək eləmək, kimisə qorumaq, xeyriyyəçilik
məqsədilə sevmirlər. Belə olanda yaxınımız bizim üçün sadəcə obyektə çevrilir, özümüzü isə xeyirxah və müdrik adamlar kimi
görürük. Bunun məhəbbətə heç bir dəxli yoxdur. Sevmək - başqa adamın bir parçası olmaq, onda İlahi odun qığılcımlarını tapmaq
deməkdir».
Qoy, Piların Rio-Pyedra sahilində tökdüyü göz yaşları bizə İlahi oda gedən yolu göstərsin.

***
Əgər rəvayətə inansaq, bu çayın sularına düşən hər şey – yarpaqlar, həşəratlar, quş lələkləri zamanla onun yatağını döşəyən daşlara çevrilirlər. Of, əgər mən ürəyimi sinəmdən qopara
bilsəydim. Qopara və coşğun sulara ata - bir də nə əzab, nə həsrət, nə də xatirə olmasın deyə.
Rio- Pyedranın sahilində oturdum və ağladım. Qışın soyuğu mənə yanaqlarımdakı göz yaşlarını
hiss etdirdi və göz yaşları qarşımda axan buz kimi soyuq sulara qarışdı. Hardasa bu çay başqasıyla,
sonra üçüncüsü ilə birləşir, o vaxta qədər ki - ancaq artıq mənim gözümdən və könlümdən uzaqda bütün bu sular dəniz suyu ilə qarışır.
Qoy, sular ona qarışmış göz yaşlarını da uzaqlaşdırsın, onda mənim məhəbbətim bilməyəcək ki,
mən nə vaxtsa ona yas tutmuşam. Qoy, sular ona qarışmış göz yaşlarını uzaqlaşdırsın ki, mən Rio Pyedranı, monastırı, Pireneyin ətəklərindəki kilsəni, birlikdə getdiyimiz yolları və dumanı unuda
bilim.
1

Mən yuxuda gördüyüm yolları, dağları, düzənlikləri unudacağam -onlar yuxularıma girirdilər,
ancaq mən bundan xəbərsizdim.
Lakin mən adi «hə» və ya «yox»un bizim bütün yaşamımızı dəyişməyə qadir olduğu həmin sehirli
anı xatırlayıram. Sanki bu çoxdan baş verib, bununla belə cəmi bir həftə əvvəl mən yenidən onunla
görüşdüm və yenidən itirdim.
Rio-Pyedranın sahilində mən bu əhvalatı yazdım. Mənim əllərim donmuşdu, ayaqlarım narahat
oturmaqdan keyimişdı və mən hər an dayanmağa, yazdıqlarımı tullamağa can atırdım.
-Sadəcə yaşamağa çalış. Xatirələri saxla qocalara - o belə deyirdi.
Bəlkə, məhəbbət bizi vaxtından əvvəl qocaldır və elə o da çoxdan ötmüş gəncliyi qaytarır. Axı o
anları necə xatırlamamaq olar? Mən həm də sonsuz həsrəti işıqlı kədərə, tənhalığı xatirəyə çevirmək
üçün yazıram. Bu əhvalatı özümə danışıb, sonra çaya tullamaq üçün - yanında sığınacaq tapdığım
qadın mənə belə dedi. Əgər müqəddəslərin sözlərinə inansaq - onda su yanğı ilə yazılanları
söndürəcək.
Bütün sevgi əhvalatları bir - birinə oxşayır.
Biz bir yerdə böyüyüb, bir yerdə boya-başa çatmışıq. Sonra o, ata yurdundan getdi, zira gec, ya tez
bütün cavanlar doğma daldabucaqlarını tərk edirlər. Dedi ki, dünyanı görmək istəyir, onun arzuları
üçün Soriyanın çölləri çox dardı.
Bir neçə il mən onun haqqında heç nə eşitmədim.Yalnız hərdən bir ondan qısa məktublar gəlirdi vəssalam. Zira bizim uşaqlığımızın küçələrinə və meşələrinə o, bir də heç vaxt qayıtmadı.
Mənsə məktəbi bitirib Saraqosa getdim və orada anladım: O haqlı idi. Soriya kiçik şəhərcikdir və
dünyaya bağışladığı yeganə məşhur şairin ən məşhur sözü «yol onunla getmək üçün yaranıb»
misrası idi. Mən universitetə daxil oldum, nişanlandım. Hələ də qalib gələ bilmədiyim açıq
müsabiqəyə hazırlaşmağa başladım. Təhsil haqqını ödəmək üçün satıcı işlədım. Müsabiqədən
kəsildim, nişanlımdan ayrıldım.
Bütün bu vaxt ərzində isə ondan gələn məktubların sayı çoxalırdı və xarici ölkələrin markalarına
baxanda mən həsəd aparırdım. Bax, - mən fikirləşirdim - mənim dostum yetkinləşib, o, hər şeyin
dadına baxıb, o bütün dünyanı gəzib, onun qanadları böyüyüb, mənsə hələ də kök atmağa çalışıram.
Bir vaxt gəldi ki, eyni ünvandan - kiçik fransız şəhərciyindən göndərdiyi məktublarında o, tez - tez
Allahdan danışmağa başladı. Günlərin bir günü isə seminariyaya daxil olmaq, özünü duaya və
moizəyə həsr etmək istədiyini bildirdi. Cavab məktubunda mən ondan tələsməməsini, azadlığın
kefini bir az da çıxartmasını, yalnız bundan sonra belə ciddi addım atmasını xahiş etdim.
Təzədən oxudum və məktubu cırmaq qərarına gəldim - mən kiməm ki, azadlıq və ya rahiblik
haqqında hökm çıxardım? Ondan da, o birisindən də o xəbərdardır, mən yox.
Yenə bir müddət keçəndən sonra mən onun mühazirə oxuduğunu eşitdim və təəccübləndim - axı,
o, başqalarını öyrətmək üçün çox gəncdir. Ancaq iki həftə keçəndən sonra o, mənə yazdı ki,
Madriddə mühazirə oxuyacaq və çox xahiş edir ki, mən də ora gəlim.
Və mən Saraqosdan Madridə qədər dörd saat yol getdim, çünki onu yenidən görmək ıstəyirdim.
Onun səsini eşitmək istəyirdim. Onunla kafedə oturmaq, birlikdə oynadığımız zamanları yada
salmaq istəyirdim - onda bizə elə gəlirdi, dünya o qədər böyükdür ki, onu gəzib qurtarmaq, dərk
etmək mümkün deyil.
***
Mühazirəyə mənim fikirləşdiyimdən də çox adam gəlmişdi, elə mühit də çox təntənəli və ciddi
idi. Və mən heç nə anlamırdım.
«Bəlkə o, məşhur adam olub» - mən fikirləşdim.Öz məktublarında o, bu barədə heç nə deməmişdi.
Mən zalda oturanlarla danışmaq, onları bura nəyin gətirdiyini soruşmaq istədim - ancaq cürət
eləmədim.
Onu görəndə təəccübləndim. O, mənim bir vaxtlar tanıdığım yeniyetməyə heç oxşamırdı. Axı
2

qəribə nə var ki, on bir il – az müddət deyil. O,gözəlləşmişdi, gözləri parıldayırdı.
-O, bizə bizim olanı qaytarır, - məndən solda əyləşmiş qadın dilləndi.
Qəribə sözlərdir.
-Nəyi qaytarır ? - mən soruşdum.
-Bizdən oğurlanmış olanı. İnamı.
-Yox, qaytarmır, - sağ tərəfdəki qonşu etiraz etdi, o, nisbətən gənc idi. -Onsuz da bizə məxsus olanı
qaytarmaq mümkün deyil.
-Eləsə, siz bura niyə gəlmisiniz? - birinci qadın əsəbi halda xəbər aldı.
-Ona qulaq asmaq istəyirəm. Mənə onların indi nə fikirləşdiyi maraqlıdır. Vaxt vardı, onlar bizi
tonqalda yandırırdılar. Bəlkə elə bilirlər, az yandırıblar?
-Bu yalqız səsdi, – birinci dedi. - O, bacardığını edir.
İkinci qadın istehza ilə gülümsündü və söhbəti kəsib üzünü çevirdi.
-Bir seminarist üçün o, çox cəsarətlidir, - birinci qadın indi də mənə müraciət edərək və məndən
dəstək gözləyərək davam etdi.
Ancaq mən heç nə başa düşmürdüm və susdum. Gənc qadınsa mənə göz vurdu - onun əlbiri,
müttəfiqiyəmmiş kimi.
Mənsə ona görə susurdum ki, fikrim başqa şeylə məşğul idi. Mən birinci qadının dediyi haqqında
düşünürdüm.
«Seminarist»
Ola bilməz. O, mənə xəbər verərdi.
O, danışmağa başladı, ancaq mən heç cür diqqətimi cəmləyə bilmirdim. «Yaxşı geyinmək lazım
idi» - bunun məni niyə belə narahat etdiyini başa düşmədən fikirləşirdim. O, zalda məni gördü və
mən onun nə düşündüyünü, xoşuna gəlib - gəlmədiyimi tapmağa çalışdım. Yəqin ki, o vaxtkı mənlə
indiki mən arasında böyük fərq var - onda mənim 18 yaşım vardı, indi 29.
Səsi heç dəyişməmişdi. Lakin tamam fərqli sözlər deyirdi.
Mütləq risk eləmək lazımdır. Həyatın möcüzəsini yalnız gözlənilməz hadisələrə hazır olduğumuz
zaman tam şəkildə dərk edə bilərik.
Tanrı hər gün bizə - günəşlə birlikdə - bizi bədbəxt edən hər şeyi dəyişmək imkanı göndərir. Və hər
gün biz özümüzü elə aparırıq ki, guya bu imkanı görmürük, guya o, ümumiyyətlə mövcud deyil, guya
bu gün tamamilə dünənə oxşayır və sabahdan fərqlənmır. Ancaq öz gününə diqqətlə baxan kəs
həmin sehirli anı tapacaq. O, bizim sabaha gedən qapını açdığımız saatda, ya da şam yeməyindən
sonra yaranan səssizlik anında, ya da bir - birindən ayırmadığımız minlərlə xırda detallarda gizlənə
bilər. Həmin an - ulduzların gücünün bizə keçdiyi və bizə möcüzə yaratmaq imkanı verən an
mövcuddur.
Düzdür, xoşbəxtlik hərdən başımıza göydən yağır, ancaq əksər hallarda o mübarizə, qələbədir.
Sehirli an bizə dəyişməkdə və arzularımızın axtarışlarına çıxmaqda kömək edir. Doğrudur, bu yolda
bizi ağrı - acı, əzab, ehtiyac gözləyir, çoxlu məyusluqlarla rastlaşacağıq - lakin onların hamısı
keçicidir, heç bir iz qoymur. Gələcəkdə biz geriyə qürur və inamla baxacağıq.
O şəxs bədbəxtdir ki, riskə getməkdən qorxur. Yəqin ki, o, məyusluqdan və illüziyaların puça
çıxmasından xəbərsizdir, əzab çəkmir - arzu edən və arzusunu həqiqətə çevirməyə can atanlardan
fərqli olaraq. Amma o, geri baxdığı zaman – o isə mütləq baxacaq, zira bu bizim hər birimizə xasdır
- ürəyinin ona necə: « Sən, Tanrının bu qədər səxavətlə sənin günlərinə, iş və asudə vaxtlarına
səpələdiyi həmin möcüzələri neynədin? Ustadının sənə etibar etdiyi istedadı, zəkanı necə
dəyərləndirdin? İtirməkdən qorxduğun üçün dərinə basdırdın? Yaxşı, bundan sonra arxayın ola
bilərsən: sən öz həyatını yelə verdin və xərclədin, puç və israf etdin. Bu arxayınçılıq sənin yeganə
qazancın olacaq». - dediyini eşidəcək.
Bədbəxt o kəsdir ki, belə sözlər eşidir. Bədbəxtdir, çünki indi o, möcüzənin mümkünlüyünə inanır,
lakin sehirli anlar bir daha qayıtmayacaq.
O, mühazirəni bitirəndə, adamlar hər tərəfdən onu əhatəyə aldılar. Mən bir qədər aralıda
3

gözləyirdim və gərgin halda uzun illərin ayrılığından sonra ona necə təsir bağışlayacağım barədə
fikirləşirdim. Mən özümü körpə uşaq kimi hiss edirdim - onu təzə, yad dostlara qısqanan, qorxaq bir
uşaq. Mən əzab çəkirdim, çünki o, başqalarına daha çox diqqət ayırırdı, nəinki mənə.
Nəhayət ki, o yaxınlaşdı. Yanaqları allandı və mən qarşımda bir dəqiqə əvvəl ciddi şeylərdən
danışan yetkin kişi yox, bir vaxtlar mənimlə birlikdə müqəddəs Saturiya sovməəsində - (kiçik kilsə)
gizlənən balaca oğlanı gördüm. Həmin oğlan mənə dünyanı gəzmək arzusundan danışdığı vaxt,
valideynlərimiz polisə zəng edirdilər, çünki elə bilmişdilər ki, çayda boğulmuşuq.
-Salam, Pilar, - o dedi.
Mən onu öpdüm. Mən onun çıxışını tərifləyə və bu qədər çox adamın içində özümü nədənsə yaxşı
hiss etmədiyimi deyə bilərdim. Mən uşaqlığımızdan hər hansı bir gülməli hadisəni xatırlaya və
indi başqalarının ona necə heyranlıqla baxdığını görəndə qürur duyduğumu etiraf edə bilərdim. Mən
Saraqosa gedən sonuncu gecə avtobusuna çatmaq üçün tələsməli olduğumu ızah edə bilərdim.
Bilərdim. Biz heç vaxt bu sözlərin mənasını sonacan anlamayacağıq. Zira həyatımızın hər bir
anında nə isə bir şey baş verə bilər - baş verə bilər, ancaq vermir. Elə sehirli anlar var ki, geridə qalır
və kəşf olunmadan keçir, və ya taleyin əli qəflətən bizim dünyamızı dəyişir.
Və onda da, məhz, belə oldu. Bütün o deyə biləcəklərimin əvəzinə, mən cəmi iki söz dedim - bir
həftədən sonra məni bu çayın sahilinə gətirib çıxardan, bu sətirləri yazmağa məcbur edən ikicə söz...
- Qəhvə içək? – bax, onda mən bunu dedim.
Və o, mənə tərəf dönərək taleyin ona uzatdığı əli geri çevirmədi.
- Səninlə danışmağa elə ehtiyacım var ki. Sabah Bılbaoda mühazirə oxuyacam. Mən maşınlayam.
Gedirik?
- Mən Saraqosa qayıtmalıyam - bunun yeganə çıxış yolu olduğunu bilmədən cavab verdim. Ancaq
sonrakı saniyədə ya yenidən uşaqlıq dövrünə döndüyüm üçün, ya da ona görə ki, həyatımızın ən
gözəl anlarını biz yazmırıq, mən dedim:
- Amma, yox, Müqəddəs Məryəmin qüsursuz haimləliyi bayramı münasibətilə istirahət günləri
olacaq. Mən səninlə Bilboaya gedə bilərəm, Saraqosa da oradan qayıdaram.
Yanımda oturmuş qadının «seminarist» barədə replikası mənə rahatlıq vermirdi və deyəsən o, bunu
hiss etdi.
- Sən məndən nə isə soruşmaq istəyirsən?
- İstəyirəm, - mən biclik işlətməyə çalışaraq cavab verdim. - Bir qadın mühazirədən qabaq dedi ki,
sən ona məxsus olanı qaytarırsan.
- Bu vacib deyil.
- Mənim üçün vacibdir, - mən etiraz etdim. - Axı, mən sənin haqqında, həyatın haqqında heç nə
bilmirəm. Səni dinləmək üçün bu qədər adamın gəldiyini görəndə heyrətə gəldim.
O, gülərək yanındakı adamlara tərəf çevrildi və artıq onlarla söhbətə başlamağa hazırlaşdı.
- Dayan, - mən onun qolundan çəkərək dedim. - Sən mənə cavab vermədin.
- Pilar, inan ki, bu sənin üçün o qədər də maraqlı olmayacaq.
- Hər halda, mən bilmək istəyirəm.
O, dərindən nəfəs aldı və məni zalın küncünə çəkdi.
-Əsasında təkallahlıq duran böyük dinlərın hər üçü - iudaizm, xristianlıq, islam kişi dinləridir. Din
xadimləri - kişilərdir. Qanunları kişilər qoyur, mərasimləri kişilər icra edir.
- Zaldakı o xanım nəyi nəzərdə tuturdu?
O, çaşdı, duruxdu, ancaq hər halda cavab verdi:
- Mənim hər şeyə fərqli yanaşdığımı. Tanrının qadın simasına inandığımı.
Mən yüngülcə nəfəs aldım - qadın səhv etmişdi. O, seminarist ola bilməzdi, zira seminaristlər hər
şeyə fərqli yanaşa bilməzlər.
- Müfəssəl izahatdır, - mən cavab verdim.
Qapıda məni zalda mənə göz vuran həmin qız gözləyirdi.
- Mən bilirəm ki, biz səninlə eyni məzhəbə etiqad edirik, - o dedi. - Mənim adım Bridadır.
4

- Nə barədə danışırsan? Başa düşmürəm.
- Çoz gözəl başa düşürsən, – o güldü.
Və mənə nə isə izah etməyə imkan vermədən əlimdən yapışmağı ilə çölə çıxmağı bir oldu.
Yetərincə isti axşam idi, ancaq mən səhərə qədər küçədə qala bilməzdim, gecələmək üçün hara
getmək lazım gəldiyi haqqında isə heç bir fikrim yox idi.
- Hara gedirik? - mən soruşdum.
- Tanrıçanın heykəlinin yanına, - cavabı gəldi.
- Mən ucuz bir otel axtarsam, yaxşıdır.
- Hər şeyi sonra başa salaram.
Mən kafedə oturub danışmağa, dostum haqqında daha çox şey öyrənməyə üstünlük verərdim.
Ancaq mübahisə eləmədim və qız məni Paseo-de-Kastelyana küçəsilə aparanda itaətkarcasına
yanınca gedirdim və bu günə qədər heç vaxt görmədiyim Madridə baxa-baxa başımı tərpədirdim.
Qız prospektin ortasında dayandı və səmanı göstərdi.
- Odur!
Çılpaq budaqların arasından bütöv ay parıldayırdı.
- Gözəldir, - mən dedim.
Ancaq qız, məni eşitmədən, qollarını geniş açdı, ovuclarını üzü yuxarı çevirdi, başını geri atdı və
dondu.
«Hara gəlıi çıxmışam, - mən fikirləşdim. Mühazirəyə qulaq asdım, sonra bu ağıldankəm qızla
Paseo-de-Kastelyanada gəzdim, sabahsa Bilbaoya gedirəm».
- Yer Tanrıçasının güzgüsü, - qız gözlərini açmadan dilləndı. - Öz qüdrətimizi dərk etməyi bizə
öyrət. Elə et ki, kişilər bizi başa düşsün. Doğulan, işıq saçan, ölən və göylərdə yenidən dirilən Sən,
toxumdan meyvəyə qədər olan yolu bizə göstərirsən.
Qız əllərini göyə uzatdı və uzun müddət bu pozada dayandı. Yoldan keçənlər ona baxırdılar,
gülürdülər, ancaq o, onlara fikir vermirdi. Əvəzində mən onun yanında olduğum üçün utandığımdan
yerə girməyə hazır idim.
- Mən bunu etməli idim, - o, Aya bütün ehtiramını bildirdikdən sonra dilləndi:
- İndi İlahə bizi qoruyacaq.
- Bir əməlli başa sal görüm, nədən danışırsan?
- Sənin dostun nədən danışırdısa, ondan, ancaq həqiqi sözlərlə.
Və mən mühazirənin mənasını anlamağa çalışmadığım üçün peşman
oldum. İndi orada nədən söhbət getdiyini bilmirəm.
- Biz bilirik ki, Tanrı qadın simasındadır, - yolumuza davam edəndə qız dedı. - Biz Böyük Ananı
başa düşən və sevən qadınlarıq. Biliyimiz bizə baha başa gəlib - bizi təqib ediblər, tonqalda
yandırıblar - amma biz sağ qala bildik. Və indi onun sirlərinin mənası bizə məlumdur.
Tonqallar.Cadugərlər.
Yol yoldaşımın üzünə baxdım: gözəldir, pərişan, kürən saçları kürəyinə tökülüb.
- Kişilər ova gedirdilər, biz mağaralarda Ananın bətnində qalırdıq və uşaqları böyüdürdük, - o,
davam etdi - Elə orada da Böyük Ana bizə öz elmini öyrətdi.
Kişi hərəkətdə olanda, biz Ananın bətnində idik. Ona görə də ailənin necə qol - budaq atdığını
başa düşdük və kişilərimizi xəbərdar etdik. Biz birinci çörəyi bişirdik və onları doyuzdurduq. Biz
gildən ilk piyaləni yapdıq və onlara su verdik. Biz yaradılışın necə dövr etdiyini anladıq, çünki
bizim cismimiz ay fazalarının ardıcıllığını təkrarlayaraq yaşayır. Bax, odur! - qəflətən o, sözünü
kəsdi.
Mən onun göstərdiyi tərəfə baxdım. Dörd yandan sonsuz maşın selinın araya aldığı meydanın
mərkəzində heykəllə bəzədilmış fəvvarə durmuşdu - şirlərin qoşulduğu cəng arabasının üzərində
qadın.
-Bu, Kibela meydanıdır, - Mən Madridi yaxşı tanımağımla lovğalandım. Bu heykəli dəfələrlə poçt
açıqcalarında görmüşdüm.
5

Ancaq qız məni eşitmirdi. O, artıq küçənin ortasında idi və maşınların arasından sivişərək
fəvvarəyə tərəf qaçırdı.
- Gedək! Gedək! – o, əlini yelləyərək qışqırdı.
Mən, heç olmasa, otelin adını soruşmaq üçün onun ardınca getmək qərarına gəldim. Artıq bütün
bu dəyişikliklərdən yorulmuşdum və doyunca yatmaq istəyirdim.
Fəvvarənin yanına ikimiz də, təxminən, eyni vaxtda çatdıq – mən - ürəyim ağzıma gələ - gələ, o dodaqlarında təbəssümlə.
- Su! - qız qışqırdı. – Su onun əlamətidir!
- Xahiş edirəm, mənə ucuz bir otel adı de.
O, hər iki əlini fəvvarənin altına tutdu.
- Sən də belə elə, - mənə dedi. – Toxun suya.
- Dünyasında olmaz. Amma sənə mane olmaq istəmirəm - gedim, gecələməyə yer tapım.
- Bir dəqiqə də!
Bu sözlə, o, çantasından kiçik fleyta çıxartdı və dodaqlarına yaxınlaşdırdı. Mənə elə gəldi ki,
musiqi məni hipnoz elədi - maşınların səs - küyü uzaqlaşdı, ürəyim sakitləşdi. Mən fəvvarənin
kənarında oturub suyun şırıltısını və fleytanın nəğməsini dinləyə - dinləyə gözümü başımızın
üstündə üzən ayın haləsinə zilləmişdim. Nə isə mənə deyirdi ki - hərçənd mən bunu tam dərk
etmirdim - orada, göylərdə mənim qadın mahiyyətimin hansısa bir hissəciyi var.
Bilmirəm, fleyta nə qədər oxudu. Qız melodiyanı yarımçıq kəsib, üzünü fəvvarəyə çevirdi.
- Kibela, - o dedi. - Böyük Ananın daha bir əlamətidir. Kibela tarlada sünbülün yetişməsini idarə
edir, şəhərləri qoruyur, qadını din yoluna qaytarır.
- Kimsən sən? - mən soruşdum. - Məndən səninlə gəlməmi niyə istədin?
O çevrildi:
- Sən nə görürsənsə, mən, məhz, oyam. Mən Yer dininə etiqad edirəm.
- Mən sənin nəyinə lazımam? - yenə təkidlə soruşdum.
- Mən sənin gözlərini oxuyuram. Sənin ürəyin mənim üçün açıq kitabdır. Sən qızğın bir ehtirasla
sevəcəksən. Və əzab cəkəcəksən.
- Mən?
- Kim haqqında danışdığımı özün bilirsən. Mən onun sənə necə baxdığını gördüm. O səni sevir.
Təbii ki, o dəlidir.
- Ona görə də səni özümlə çağırdım, - qız davam etdi. – O, vacib və qiymətlidir. Danışdıqlarının
mənasız, cəfəngiyyat olmasına baxmayaraq, hər halda Böyük Ana kultunu qəbul edir. Onun
məhvinə yol vermək olmaz. Ona kömək elə.
- Nə danışdığını özün də bilmirsən. Sən öz fantaziyalarında azmısan, - mən yenidən maşınların
arasından sivişə - sivişə dedim və özümə söz verdim ki, bir də heç vaxt bu qadının dedikləri barədə
fikirləşməyəcəm.
***
Biz qəhvə içmək üçün dayandıq.
- Həyat sənə çox şey öyrədib, - mən söhbət etməyə çalışaraq dedim.
- İlk öncə bizim dərk etməyə qadir və dəyişdirmək istedadına sahib olduğumuzu öyrətdi, - o cavab
verdi. - Hətta bu qeyri - mümkün görünsə belə.
Bununla da söhbətimiz bitdi. Bundan əvvəl, yol kənarındakı barın yanında dayanana qədər keçən
iki saatlıq yol boyu biz, demək olar ki, danışmamışdıq.
Əvvəlcə, mən birlikdə keçən uşaqlığımızı xatırlamağa cəhd etdim, ancaq bu onu maraqlandırmadı
və o, sadəcə nəzakət xatirinə danışırdı. O, hətta hərdən mənə qulaq da asmırdı və mənim artıq
danışdığım haqqında yenidən soruşurdu.
Başlanğıcdan düz getməyən nə isə vardı. Bəlkə də zaman və məsafə onu birdəfəlik mənim
6

dünyamdan uzaqlaşdırmışdı. «O, sehirli anlar haqqında danışır» - mən fikirləşdim. «Bəs Karmenin,
Müqəddəs Yakovun və ya Mariyanın getdiyi yollar bir-birindən nə ilə fərqlənir?» Bəli, o, artıq
başqa aləmdə yaşayır, Soriya xatirəyə çevrilib - vaxtın yuduğu, keçmişdə ilişib qalmış xatirəyə.
Onun uşaqlıq dostları elə uşaqlıqda da qalıblar, qocalarsa - əgər hələ sağdırlarsa - iyirmi doqquz il
əvvəl neynirdilərsə, indi də onu edirlər.
Mən artıq onunla getməyə razılıq verdiyimçün peşman olmuşdum.Və həmin barda o, yenə də
söhbəti yarıda kəsəndə, daha danışmamağa qərar verdim. Bilbaoya qədər qalan iki saatlıq yol mənim
üçün əsl işgəncə idi. O, yola baxırdı, mən pəncərədən baxırdım və heç birimiz pis əhval ruhiyyəmizi gizlətməyə cəhd belə etmirdik. Kirayə götürülmüş avtomobildə radio yox idi və üzücü
sükutu heç nə poza bilmirdi.
-Gəl, avtobus stansiyasının yerini soruşaq - biz sürət magistralından çıxanda mən dedim. - Burdan
Saraqosa müntəzəm ekspresslər (sürət avtobusları) gedir.
Siesta vaxtı olduğundan küçədə adam az idi. Biz bir kişinin, gənc cütlüyün yanından keçdik, ancaq
o, maşını saxlamadı, soruşmadı.
-Bəyəm, sən onun yerini bilirsən? - mən dözmədim.
-Nəyin?
O, bayaqkı kimi məni dinləmir və eşitmirdi.
Və qəflətən, mən bu sükutun mənasını başa düşdüm. Axı o, dünyaya çıxmağa heç vaxt cəsarət
tapmamış qadınla nə barədə danışa bilər? Məchulluq və naməlumluqla rastlaşanda qorxusundan
əsən, yaxşı işi və uğurlu evliliyi dünyada hər şeydən üstün tutan bir şəxslə yanaşı addımlamaqdan
necə həzz almaq olar? Mənsə - kül başıma! - onunla köhnə dostlar, üstünü toz basmış xatirələr,
ucqar şəhərcik barəsində danışmağa çalışırdım. Mən başqa nə barədə danışa bilərdim ki?
-Bax, elə burda sən məni düşürəcəksən, - biz mərkəzə çatanda dedim. Mən var qüvvəmlə
çalışırdım ki, səsim təbii çıxsın. Ancaq əslində özümü axmaq, infantil, zəhlətökən kimi hiss edirdim.
O, maşını saxlamadı.
-Mənə avtobus stansiyasını tapıb, Saraqosa qayıtmaq lazımdır, - mən inad etdim.
-Mən heç vaxt burda olmamışam. Mən bilmirəm, otelim harda yerləşir. Bilmirəm, mühazirə harada
olacaq. Və avtobus stansiyasının harda
olduğunu da bilmirəm.
-Narahat olma, taparam.
O, sürəti azaltdı, ancaq dayanmadı.
-Mən istərdim ki....
O, iki dəfə başladı və heç cürə cümləsini bitirə bilmədi. Mən onun nə istədiyini ancaq
təssəvvürümə gətirə bilərdim. - ona yol yoldaşlığı etdiyim üçün təşəkkür etmək, ümumi tanışlara
salam göndərmək və beləcə xoşagəlməz hisslərdən qurtulmaq.
-Mən istərdim ki, sən bu axşam mənimlə mühazirəyə gedəsən, - nəhayət ki, o dilləndi.
Mən çaşdım. Bəlkə o, sadəcə yolboyu maşında hökm sürən məcburi səssizliyi pozmaq üçün vaxt
qazanmağa çalışır?
-Mən çox istərdim ki, sən mənimlə gedəsən, - o, təkrar etdi.
Bəli, əlbəttə, mən - əyalət qızıyam. Əlbəttə, mənim həyatımda danışılmağa layiq olacaq maraqlı,
həyəcanverici heç nə baş verməyib. Əlbəttə, mən paytaxt xanımlarına xas olan parıltı və lətafətdən
məhrumam. Ancaq əyalət həyatı qadına təcrübə və ya eleqantlıq verməsə də, ona ürəyinin səsini
dinləməyi - ona diqqətlə qulaq asmağı və boyun əyməyi öyrədir.
Və heç gözləmədiyim halda ürəyimin səsi mənə pıçıldadı ki, yol yoldaşım səmimidir.
Mən dərindən nəfəs aldım. Təbii ki, heç bir mühazirəyə getməyəcəm, ancaq dostumun sanki
yanıma qayıtdığını, məni öz macərasına dəvət
etdiyini, öz qorxularını və qələbə fərəhini mənimlə bölüşdüyünü duymağın özü artıq çox sevindirici
haldır.
-Dəvət üçün çox sağ ol, - mən cavab verdim. - Ancaq mənim otel üçün pulum yoxdur, həm də
7

məşğələlərə çatmalıyam.
-Məndə pul var. Gecəni mənimlə qalarsan. İki çarpayılı otaq istəyərik.
Mən hiss etdim ki, havanın soyuq olmasına baxmayaraq, o, tər - su içindədir. Ürəyim həyəcan
siqnalları verməyə başladı, səbəbini anlamaq isə imkanim xaricində idi. Bir neçə dəqiqə əvvəl içimi
doldurmuş sevinc tam çaşqınlıqla əvəz olundu.
Qəflətən o, maşını kəskin saxladı və düz mənim gözlərimin içinə baxdı.
Və əgər sənin gözlərinin içinə baxırlarsa, heç nəyi gizlədə, yalan danışa bilməzsən.
Və istənilən qadın - əgər hissləri tamamilə ölməyibsə - kişinin gözlərindən onun ehtirasın
əsarətində olduğunu başa düşəcək. Bu nə qədər ağlasığmaz görünsə də, əlamətləri nə qədər yersiz və
zamansız üzə çıxsa da, başa düşəcək. Elə o andaca kürənsaçlı qızın dediyi sözlər yadıma düşdü.
Bu mümkün deyildi. Amma bu belə idi.
Heç vaxt, həyatım boyu heç vaxt ağlıma da gəlməzdi ki, o, - bu qədər ildən sonra – hələ xatırlayır.
Biz uşaq idik, biz bir yerdə böyüyürdük, biz əl - ələ verib dünyanı kəşf edirdik. Mən onu sevirdim əlbəttə, əgər sevginin nə olduğunu uşağın anlaması mümkünsə. Ancaq bütün bunlar o qədər uzaqda
qalmışdı ki, sanki hansısa başqa, əvvəlki həyatda, hələ günahsız ürəyin dünyada yaxşı nə varsa, hər
şeyə açıq olduğu zamanlarda baş vermişdi.
İndisə biz böyümüşük və öz əməllərimiz üçün cavab verməyi öyrənmişik. Uşaq vaxtı olanlarsa elə
orada da qalıb.
Yenidən onun gözlərinə baxdım. Mən inanmaq istəmirdim, ya da bacarmırdım.
-Mənim cəmi bir mühazirəm qalıb, sonra isə Bakirə Ananın şərəfinə bayramlar başlayacaq. Mənə
dağlara getmək lazımdır, - o, davam etdi. -Mən sənə bir şey göstərməliyəm.
Sehirli anlar haqqında danışan bu mükəmməl insan mənim qarşımda dayanmışdı - və hər şeyi
tərsinə edirdi: həm yersizcəsinə inadkar idi, həm də yetərincə bədgüman, həm hadisələri tələsdirirdi
və eyni vaxtda da hansısa qarışıq təkliflər edirdi. Onu belə görmək mənim üçün ağır idi.
Mən maşının qapısını açdım, düşdüm, kapota söykəndim. Xeyli vaxt, demək olar ki, boş olan
prospektə baxdım. Siqaret yandırdım, düşünməyə çalışdım. Mən özümü elə apara bilərdim ki, guya
heç nə başa düşmürəm - özümü inandırardım ki, söhbət ən məsum şeylərdən gedir, guya, doğrudan
da, uşaqlıq dostu, bu təklifi öz rəfiqəsinə edib. Bəlkə o, həddindən artıq çox səyahət edib və reallığı
başqa cür qavrayır.
Bəlkə mən hər şeyi şişirdirəm.
O, maşından sıçrayıb çıxdı, çömbəlib yanımda oturdu.
-Mən çox istərdim ki, sən axşam mənimlə mühazirəyə gedəsən, - təkrar etdi. - Mümkün deyilsə, eybi yox, incimərəm.
Vəssalam! Yer kürəsi 360 dərəcə fırlandı və başlanğıc nöqtəyə qayıtdı. Mən hər şeyi səhv
anlamışam - budur, o, artıq təkid eləmir, məni buraxmağa hazırdır. Ehtiras əsiri kişilər özlərini belə
aparmırlar.
Mən özümü çox axmaq hiss elədim və eyni zamanda yüngüllük duydum. Bəli, mən qala bilərəm heç olmasa, bir günlük. Biz birlikdə şam edərdik, ola bilsin, hətta, içki içib bir azca keflənərdik uşaq vaxtı belə şey olmayıb. Bir neçə dəqiqə əvvəl ağlıma gələn bütün səfeh fikirləri unutmaq üçün
gözəl fürsət yaranmışdı, Madriddən bu yana bizi buxovlayan buz qabığını qırmaq imkanı düşmüşdü.
Bir gün heç nəyi dəyişmir. Uzağı, rəfiqələrimə danışmağa sözüm olacaq.
-İkiçarpayılı nömrə, - mən zarafatyana dedim. - Şam yeməyinin hesabı da sənlikdi, çünki mən
gənc olmasam da, kasıb tələbəyəm. Pulum yoxdur.
Biz çemodanları nömrəyə qoyduq, oteldən çıxdıq, mühazirənin olacağı yerə tərəf getdik. Hələ vaxt
vardı və biz kafeyə girdik.
-Mən sənə bir şey vermək istəyirəm, - o dedi və balaca qırmızı kisəciyi mənə uzatdı. Elə həmin
dəqiqə onu açdım. İçində köhnə, paslanmış medalyon vardı: bir üzündə müqəddəs Məryəm ananın,
o birisində -İsanın ürəyinin təsviri.
-Səninkidi, - o, mənim təəccübləndiyimi görüb dedi.
8

Və mənim ürəyim yenə də təlaşlandı.
-Bir dəfə - onda payız idi, hava da düz indiki kimi idi, biz yəqin ki, on yaşında - filan olardıq sahildə oturmuşduq - böyük palıd ağacı olan yerdə. Mən bu söhbətə hazırlaşa - hazırlaşa bir neçə
həftə özlüyümdə təkrarladığım sözləri demək istəyirdim. Ancaq təzəcə başlamışdım ki, sən
medalyonunu itirdiyini qışqırıb sözümü kəsdin və onu axtarmağı xahiş etdin.
Yadıma düşdü. Aman Allahım, mənim yadıma düşdü.
-Mən onu tapdım. Ancaq sahilə qayıdanda o qədər uzun vaxt deməyə hazırlaşdığımı dilimə
gətirməyə cəsarətim çatmadı. Və mən and içdim ki, medalyonu sənə ancaq o gün – təxminən, iyirmi
il əvvəl başladığım cümləni axıra çatdıranda verəcəm. Uzun müddət onu ağlımdan çıxartmağa
çalışdım, amma heç nə alınmadı. Və artıq mənim onunla yaşamağa gücüm yoxdur.
O, fincanı yerə qoydu, siqaret yandırdı və tərpənməz baxışlarını tavana zillədi. Sonra mənə tərəf
döndü və dedi:
-Cümlə çox sadədir.
Mən səni sevirəm. Hərdən bizi kədər bürüyür və biz onun öhdəsindən gələ bilmirik. Biz başa
düşürük ki, bu günün sehirli anı keçdi, bizsə ondan istifadə etmədik. Və onda həyat bizdən öz
magiyasını, öz hünərini gizlədir.
Körpənin səsinə qulaq vermək lazımdır. O körpənin ki, nə vaxtsa sən özün olmusan və hələ də
içində bir yerlərdə yaşayır. O, həmin sehirli anların dərkinə qadirdir. Bəli, biz körpənin ağlamasını
kəsə bilərik, lakin səsini batırmaq yox.
Bu körpə mövcudluğunu davam etdirir: körpələr xoşbəxtdirlər, zira artıq rəhmət qazanıblar.Və
əgər biz yenidən doğulmağı bacarmasaq, əgər həyata nə vaxtsa baxdığımız kimi – uşaq saflığı ilə və
şövqlə baxa bilməsək, onda bizim mövcudluğumuzun heç bir anlamı olmayacaq.
İntihar etməyin çoxlu üsulları var. O kəslər ki, cisimlərini öldürməyə cəhd göstərirlər, Allaha
qarşı çıxırlar. Lakin ruhun qətlinə cəhd edənlər də Onun qanununu pozur - hərçənd adamlar
onların bu cinayətini hesaba qatmırlar.
Sinəmizdə gəzdirdiyimiz körpənin bizə dediklərini eşidək. Utanmayaq ondan, çəkinməyək. Onun
qorxmasına yol verməyək - zira o təkdir və onun səsi, demək olar ki, heç vaxt eşidilmir.
İzn verək - heç olmasa, azacıq - yaşamımızın ixtiyarını əlinə götürsün. O körpəyə əyandır ki, bir
gün o birindən fərqlənir.
Elə edək ki, o yenidən özünü sevimli hiss etsin. Onu sevindirək - hətta buna görə vərdişlərimizin
əksinə çıxmaq lazım gəlsə belə, hətta bu kənardan axmaqlıq təsiri bağışlasa belə.
Yadımıza salaq ki, insanın müdrikliyi Tanrının gözündə dəlilikdir. Əgər biz ruhumuzda yaşayan
körpəyə qulaq assaq, gözlərimiz yenidən parıldayacaq. Əgər həmin körpəylə əlaqəni itirməsək,
həyatla da əlaqəmiz qırılmayacaq.
Ətrafımdakı rənglər parlaqlaşdı: səs güclənirdi və qədəhin stola dəyən dibi də bərk cingildəyirdi.
Mühazirə sona çatan kimi bütün kampaniya - ona yaxın adam - şam eləməyə yollandı. Hamı
birdən danışırdı, mənsə gülümsəyirdim -gülümsəyirdim, çünki bu axşam tamamilə fərqliydi. Uzun
illər ərzində ilk dəfə hər şey öz - özünə baş verirdi - planlaşdırılmadan və qayğısızcasına.
Nə böyük xoşbəxtlik! Mən Madridə getmək qərarını verəndə, bütün hərəkətlərim kontrol
altındaydı. İndi hər şey dəyişib. İndi - mən burdayam - Bilbaoda, heç vaxt olmadığım yerdə,
baxmayaraq ki, o, mənim doğma şəhərimdən üç saatlıq məsafədədir. Mənimlə bir stol arxasında
əyləşənlərdən ancaq birini tanıyıram. Lakin hamı sanki yüz ilin tanışıyıqmış kimi müraciət edir.
Özüm - özümə heyrətlənirəm - çünki danışmağı, içməyi, əylənməyi onlardan heç də pis bacarmıram.
Mən ona görə burdayam ki, həyat qəflətən məni yaşama təhvil verib. Mən nə qorxu, nə günah, nə
utanc hiss edirəm. Onu görən kimi və onun səsini eşidən kimi haqlı olduğuna inandım - elə anlar var
ki, riskə getmək, çılğın əməllər etmək mütləq lazımdır.
«Mən nə qədər vaxtımı kitab - dəftərlə əlləşərək, fövqəlinsani səylər göstərərək boşa sərf etmişəm
- könüllü qul olmaq üçün, - mən fikirləşdim. - Mən bu işi əldə etmək üçün niyə dəridən - qabıqdan
9

çıxırdım ki? Bir insan, bir qadın kimi o mənə nə verə bilər?»
Heç nə. Yəni mən ancaq ona görə doğulmuşam ki, həyatımın qalanını dəftərxana stolu arxasında,
hakimlərə məhkəmə proseslərini aparmaqda yardımçı olmaqla keçirim?
Yəqin belə fikirlər çox içməkdən yaranır: «İşləməyən dişləməz» - axı, bunu babalarımız hələ
binayi - qədimdə deyiblər.
Bu yuxudur. Və o indicə sona çatacaq. Bəs onda niyə hələ də qurtarmır? Və ilk dəfə ağlıma gəldi
ki, onunla dağlara getməyə dəyər. Onsuz da tətil başlayır - qarşıda bütöv bir həftə var.
- Sən onun nəyisən? - bizim stolun arxasında oturmuş gözəl qadın məndən soruşdu.
- Uşaqlıq dostuyuq, - mən cavab verdim.
- O, uşaq vaxtı da bunu bacarırdı?
- «Bunu» - yəni nəyi?
Stol arxasındakı söhbət get-gedə sönükləşirdi.
- Özün bilirsən, - o dedi. -Möcüzə yaratmağı.
- O, elə o vaxtdan yaxşı danışmağı bacarırdı, - nə dediyimi düz-əməlli anlamadan cavab verdim.
Stol arxasındakıların hamısı gülüşdü - o da hamı ilə birlikdə. Mənsə nəyin onları bu qədər
əyləndirdiyini yenə də başa düşmədim. Ancaq şərabın təsirilə özümü azad hiss edirdim və baş
verənləri idarə etməyə ehtiyac görmürdüm.
Mən ətrafa baxdım, nə barədəsə bir-iki replika atdım və bir dəqiqədən sonra onları unutdum. Və
yenidən tətil haqqında düşünməyə başladım.
Burda oturmaq mənimçün xoş idi, maraqlı idi. Mənim təzə tanışlarım ciddi problemlərin
müzakirələri arasında yaranan fasilələrdə zarafatlaşır, məzələnirdilər və mənə elə gəlirdi ki, dünyada
baş verən hər şeyin mənə birbaşa dəxli var. Hər halda həyat, heç olmasa, bir gecəliyə qarşımda
televiziya ekranından, qəzetdən dayanmamışdı.
Hə, Saraqosa qayıdanda danışmağa sözüm olacaq. Əgər onun dəvətini qəbul etsəm, xatirə və
təəssüratlar bütün bir il üçün bəs edəcək.
«O, mənim Soriya haqqında danışdıqlarımı dinləməməkdə tamamilə haqlıydı» - mən düşündüm və
özümün özümə yazığım gəldi: neçə illərdi ki, yaddaşımın rəfində eyni əhvalatlar yatır?!
- Bir az da iç, - və ağbaş kişi stəkanımı doldurdu.
Mən də uşaqlarıma və nəvələrimə, əslində danışacaq çox az şeyim olduğunu fikirləşib içdim.
- Mən sənə ümid edirəm - o, yalnız mənim eşidə biləcəyim səslə dedi:
- Gedək Fransaya.
Şərab mənim dilimi açmışdı.
- Əgər bir məsələyə aydınlıq gətirsək. Ancaq o halda.
- Hansı məsələyə?
- Mühazirədən əvvəl dediklərinə. Kafedə.
- Medalyon haqqında?
- Yox, - mən var-gücümlə ayıq görünməyə çalışaraq və düz onun gözlərinin içinə baxaraq cavab
verdim. - Sənin onda mənə dediklərin haqqında.
- Yaxşı, biz sonra bu haqda danışarıq, - o, mövzunu dəyişməyə cəhd edərək dedi.
Sevgi etirafı. Onda biz danışa bilmədik, amma indi mən onu bütün məsələnin, məhz, bundan ibarət
olduğuna inandıra bilərdim.
- Əgər səninlə getməyimi istəyirsənsə, mənə qulaq asmalısan.
- Daha burda yox ki. Burda biz əylənirik.
- Sən Soriyadan çox tez getdin, - mən təslim olmurdum.- Mən səni doğma yerlərə bağlayan yeganə
bağam. Məhz, o, sənə irəli getmək üçün güc verir.
«Vəssalam. Heç bir sevgidən söhbət belə ola bilməz».
O, mənə səssizcə, sözümü kəsmədən qulaq asırdı. Lakin qəfildən kimsə fikrini öyrənmək üçün onu
çağırdı və bizim söhbətimiz qırıldı.
Nə isə, heç olmasa, mən hər şeyi aydınlaşdırdım, - mən öz-özümə dedim. Belə sevgi ancaq
10

nağıllarda olur.
Ona görə ki, real həyatda biz baş tutmayan sevgini sevgi hesab etmirik. Sevgi, yalnız sevdiyimiz
şəxsi fəht eləməyə ümid - qoy, lap cüzi
olsun - qalanda əhəmiyyət kəsb edir.
Yerdə qalanlar - fantaziyadır. Və sanki mənim fikirlərimi oxuyurmuş kimi, o, stolun o başından
mənə tərəf bərkdən dedi:
- Məhəbbətin şərəfinə içək!
O da azacıq kefli idi. Mən bu imkandan istifadə etmək qərarına gəldim.
- Məhəbbətin bəzən uşaq ağılsızlığı olduğunu anlamağa qadir müdriklərin şərəfinə.
- Müdrik elə sevdiyi üçün müdrikdir. Axmaqsa - ona görə axmaqdır ki, elə bilir, məhəbbəti dərk
etməyə qadirdir, - o cavab verdi.
Stol arxasındakılar onu eşitdilər və bir dəqiqədən sonra sevgi qızğın mübahisənin mövzusuna
çevrildi. Hər kəsin öz nəzər nöqtəsi vardı, hər kəs dişi ilə, dırnağı ilə öz həqiqətini müdafiə edirdi və
ehtirasların yatışması üçün bir neçə şüşə şərab gərək oldu. Elə bu vaxt kiminsə yadına düşdü ki,
artıq gecdir və sahibi restoranı bağlamağa hazırlaşır.
- Sərbəst beş gün! - stolun o biri başından kimsə qışqırdı. - Sahibi siz ciddi söhbətlər etdiyiniz üçün
restoranı bağlamaq istəyir.
Hamı güldü, hamı – ondan başqa.
- Bəs, səncə, ciddi şeylər barədə harda danışmaq lazımdır?
- Kilsədə! – birinci şəxs cavab verdi.
Bu dəfə bütün restoran gülüş səsindən guruldadı.
O qalxdı. Mən fikirləşdim ki, o, indicə dava salacaq - axı biz hamımız bir on il əvvələ, gənclik
dövrünə qayıtmışdıq. O dövrə ki, dava - öpüş, həyasız sığallar, qulaq batıran musiqi və coşğun
sürətlə birlikdə – gecə yığıncaqlarının vacib elementlərindən idi.
Ancaq yox – o, sadəcə mənim əlimdən tutdu və qapıya tərəf getdi.
- Biz getməliyik, – dedi. - Artıq gecdir.
Yağış Bilbaoda da, bütün dünyada da yağışdı. Sevən kəslər tapmaq və itirmək qabiliyyətinə sahib
olmalıdır. O, onların arasında tarazlığı gözləməyi öyrənib. O, şəndir və yol boyu zümzümə edir.
Mənim başımın içi hələ azca uğuldayır, dünyanın rəngləri hələ bozarmayıb, sönükləşməyib, ancaq
mən də tədricən tarazlığımı bərpa edirəm. Necə deyərlər, mən situasiyaya nəzarət etməliyəm, çünki
onunla getmək istəyirəm.
Və mənim üçün situasiyanı nəzarətdə saxlamaq çətin deyil, ona görə ki, artıq dəlicəsinə sevmirəm.
Kim ki, öz qəlbini ram etməyə qadirdir, ona bütün dünya baş əyəcək.
«Mən qəlbimi sərbəst buraxmaq istərdim», - deyə düşünürəm. Əgər mən ürəyimi ona verə
bilsəydim - heç olmasa bir week-endlik – yanaqlarıma düşən yağış damcılarının dadı indi fərqli
olardı. Əgər sevmək asan olsaydı, o, məni qucaqlayardı və zümzümə etdiyi melodiyanın taktında
başqa əhvalat danışardı və o, bizim əhvalatımız olardı. Əgər orada uzaqda, bayramların arxasında,
Saraqosa qayıdan yol görünməsəydi, mən istərdim ki, meyxoşluğum heç vaxt keçməsin, onu öpmək,
oxşamaq, ancaq sevgililərə məxsus sözləri pıçıldamaq və eşitmək üçün yetərincə azad olum.
Ancaq yox. Bacarmıram.
İstəmirəm. O isə təklifinə «hə» deyəcəyimi hələ bilmir. Bu risk mənim nəyimə gərəkdir, axı?
Çünki, bu anda keflilik məni nəşələndirmişdi, çünki mən bir - birinə eynilə bənzəyən günlərdən
yorulmuşdum.
Lakin bu yorğunluq keçəcək. Mən də o dəqiqə Saraqosa - özüm seçdiyim və öz xoşumla yaşadığım
şəhərə qayıtmaq istəyəcəyəm. Məni məşğələlər gözləyir, müsabiqə gözləyir. Mən nə vaxtsa
rastlaşmalı olduğum (bu isə o qədər də asan olmayacaq) - ərim gözləyir.
Məni sabit və sakit, uşaqlı, nəvəli, təminatlı, təqaüdlü, illik məzuniyyətli həyat gözləyir. Ona hansı
qorxuların əzab verdiyindən xəbərsizəm, əvəzində öz qorxularımı yaxşı tanıyıram. Və onların sayı
yetərincədir -yenilərini istəmirəm.
11

Mən kimisə onun qədər sevməyi bacarmazdım: heç vaxt bacarmazdım.
Mən onu çox yaxşı tanıyıram - axı, biz uzun müddət yanaşı yaşamışıq:
Onun bütün zəifliklərini, qorxularını tanıyıram. Mən başqaları kimi ona valeh olmağı bacarmaram.
Və bir də mən bilirəm ki, məhəbbət - bəndə oxşayır: əgər nazik su şırnağının keçə biləcəyi dəlik
qoysan, tezliklə onun təzyiqindən divarlar yıxılacaq, elə bir an gələcək ki, axının qarşısında
dayanmağa heç kimin
gücü çatmayacaq.
Əgər divarlar yıxılsa, məhəbbət hər şeyi zəbt edəcək və hamının üzərində hakim olacaq: nəyin
mümkün, nəyin qeyri - mümkün olması
onun vecinə deyil. Onu maraqlandırmır - sevdiyimiz şəxsi yanımızda saxlamağa gücümüz çatacaq,
ya yox. Məhəbbət idarə olunmazdır.
Yox, mən divarda dəlik qoya bilmərəm - hətta çox kiçiyini belə.
- Bir dəqiqə!
O, ani olaraq susdu. Yaş körpüdən kiminsə tələsik addımları eşidildi.
- Gedək, - o, əlimdən yapışaraq dedi.
- Dayanın! Bircə dəqiqə! - Yolçu qışqırdı. - Mən sizinlə danışmalıyam!
Ancaq o, addımlarını yeyinlətdi.
- Bizi çağırmır, - o dedi. - Otelə gedək.
Bununla belə, məhz, bizə müraciət edirdilər - küçədə başqa heç kim yox idi.
Mənim ürəyim əsdi, bir anda ayıldım. Yadıma düşdü ki, Bilbao - basklar ölkəsinin paytaxtıdır və
burda tez-tez terror aktları baş verir. Addımlar
yaxınlaşırdı.
- Gedək! - o dedi və daha da sürətlə yeridi.
Lakin artıq gec idi. Aramızda sanki yerin altından çıxmış, başdan - ayağadək yaş kişi fiquru peyda
oldu.
- Dayanın! - həmin adam təkrar etdi. - Bir dəqiqəlik! Allah xatirinə!
Mən qorxudan qaçmaq istədim, hansı möcüzəyləsə yanımızda patrul maşının əyləclərinin
zingildəməsi üçün yalvardım. Qeyri - ixtiyari ondan bərk - bərk yapışdım, ancaq o, əllərimi itələdi.
- Yalvarıram, - yad kişi dilləndi. - Mən sizin burda olduğunuzu eşitdim. Tanrı eşqinə, kömək edin!
Mənim oğlumu xilas edin!
O ağladı və təkrar – təkrar:
- Sizə yalvarıram! Yalvarıram! - deyərək diz çökdü.
Mənim dostum dərindən nəfəs aldı, başını aşağı saldı, gözlərini yumdu. Yaranmış səssizlikdə yağış
damlalarının tappıltısı və körpünün ortasında diz çökmüş adamın necə ağlaması eşidilirdi.
- Otelə get, Pilar, - nəhayət, dostum dilləndi - Uzan, yat. Mən ancaq səhərə yaxın qayıdacam.

***
Məhəbbət - başdan-başa hiylə və tələdən ibarətdir. O, öz gəlişi haqqında xəbər vermək istəyəndə,
ancaq işığını göstərir, işığın yaratdığı kölgələri isə - gizlədir.
- Bir ətrafa bax, - o dedi. - Gəl diz çökək, yerin ürəyinin necə döyündüyünə qulaq asaq.
- İndi yox, - mən cavab verdim. - Mən jaketimi çirkləndirə bilmərəm. Ondan bir dənədir.
Biz zeytun ağacları ilə örtülü təpələrlə gedirik. Bilbaodakı dünənki yağışdan sonra günəşli səhər
yuxuya bənzəyirdi. Mənim qara eynəyim yox idi - ümumiyyətlə, özümlə heç nə götürməmişdim,
çünki elə həmin gün Saraqosa qayıtmağa hazırlaşırdım. Gecə ondan götürdüyüm köynəkdə yatmalı
oldum, otelimizin yanındakı kiçik dükandan özümə mayka aldım, yuduğum - bir gün əvvəl
geyindiyim quruyana qədər dəyişək kimi nə isə olsun deyə.
- Məni hər gün eyni paltarda görmək, yəqin səni bezdirib, - bu adi söhbətin məni gerçəkliyə
12

qaytarmasını istədiyim üçün zarafatyana dedim.
- Mən xoşbəxtəm, çünki sən – burdasan.
Medalyonu mənə qaytardığı andan etibarən o, mənə daha sevgisi haqqında danışmır. Lakin şəndir
və özünü 18 yaşlı gənc kimi aparır.Və indi mülayim səhərin şəfəqlərinə bürünmüş halda yanımda
addımlayır.
- Sənin orada nə işin var? – mən üfüqü gizlədən Pireneyin qollarını göstərib soruşdum.
- Dağların o biri üzü –Fransadır, – o, təbəssümlə cavab verdi.
- Mən məktəbdə coğrafiyanı oxumuşam. Bilmək istəyirəm, niyə ora gedirik və orda nə edəcəyik?
- Niyə? Ona görə ki, mən sənə bir ev göstərmək istəyirəm. Ola bilsin, o səni maraqlandırdı.
- Əgər sən əmlak satan agent olmaq qərarına gəlmisənsə, məni yadından çıxart. Mənim pulum
yoxdu.
Mənimçün fərqi yox idi – Navarraya gedirik, ya Fransaya. Təki bayramda Saraqosa geri
dönməyim.
«Hə, necədir? – ağlım ürəyimdən soruşdu. – Onun təklifini qəbul etdiyin üçün məmnunsan. Sən
dəyişmisən və özün bunu hiss edirsən».
Yox, bir qram da dəyişməmişəm. Sadəcə bir az dincəlmişəm.
- Bir daşlara bax.
Doğrudan da, çaydaşı kimi sığallı, hamardırlar, amma burda, Navarranın düzənliklərində heç vaxt
dəniz olmayıb.
-Onları kəndlilərin, ziyarətçilərin, macəra axtaranların dabanları cilalayıb, - o dedi. – Daşlar
dəyişib, lakin yolçular da həminki deyil.
- Bildiklərinin hamısını sənə səyahətlər öyrədib?
- Yox.Vəhyin möcüzələri.
Mən onun nəyi nəzərdə tutduğunu başa düşmədim və dərinə getməməyə üstünlük verdim. Mən
günəşə, düzlərə, üfüqdəki sıra dağlara necə qarışdığımı hiss edirdim.
- Biz hara gedirik? – mən soruşdum.
- Hələ ki, heç hara. Biz sadəcə səhərdən, günəşdən, gözəl mənzərədən, həzz alırıq. Hələ qarşıda
bizi maşınla uzun yol gözləyir, – o deyir və ani tərəddüddən sonra əlavə edir. – Sən medalyonu
gizlətdin?
- Gizlətdim, – mən cavab verirəm və addımlarımı yeyinlədirəm. Bu səhərin sərbəstliyini və
sevincini korlamamaq üçün bu haqda danışmaq istəmirəm.
Qabaqda şəhərcik peyda olur. Orta əsrlər üçün xarakterik olaraq o, təpənin zirvəsindədir və mən
aralıda onun kilsə zəngini və qəsrin xarabalığını görürəm.
- Gəl, ora gedək, – mən xahiş edirəm.
O, tərəddüd edir, ancaq sonra razılaşır. Yolda sovməə ilə (kişik kilsə) rastlaşırıq və mən ora girmək
istəyirəm. Mən dua edə bilmirəm, ancaq kilsənin sükutu məni həmişə sakitləşdirir.
«Özünü günahlandırma, sənin heç bir günahın yoxdur, - mən özümə deyirəm. – Əgər o sevirsə, bu
onun öz işidir».
O, medalyonu soruşdu. Mən bilirəm – o gözləyirdi ki, biz yenidən kafedəki köhnə söhbətə
qayıdacağıq. Gözləyirdi – həm də istədiyini eşitməyəcəyindən qorxurdu. Bax, elə buna görə
hadisələri tələsdirmir, o mövzuya toxunmur.
Ola bilsin ki, o, məni doğrudan da sevir. Ancaq biz bu sevgini nə isə fərqli, daha dərin bir şeyə
çevirməliyik.
«Nə çərənləyirəm, – özümə deyirəm. – Dünyada sevgidən dərin heç nə yoxdur. Ancaq nağıllarda
şahzadə qurbağanı öpür və o, gözəl oğlana çevrilir. Həyatda hər şey əksinədir. Şahzadə qız şahzadə
oğlanı öpür və o, iyrənc qurbağaya çevrilir».
Yarım saatdan sonra sovməəyə çatırıq. Pillələrdə qoca kişi oturub.
Yola çıxdığımız andan o, rastlaşdığımız ilk insandır. – zira indi payızdır, Tanrının onlara yenidən
bərəkət əta edəcəyi və insanın öz alın təriylə gündəlik ruzisini qazanmasına imkan verəcəyi ümidilə
13

çöllər özlərini yenidən onun öhdəsinə buraxırlar.
- Salam, – o, qocaya deyir.
- Salam.
- Bu şəhərciyin adı nədir?
- San-Martin de Unks.
- Unks? – mən təkrar soruşuram. – Cırtdan adına oxşayır.
Qoca zarafatı başa düşmür və mən bir qədər pərt halda, sovməənin qapısına doğru yönəlirəm.
- Olmaz, - qoca məni dayandırır. – Günorta bağlıdır. İstəyirsinizsə - dörd üçün gəlin.
Lakin sovməənin qapısı aralıdır. Və mən, - qarışıq da olsa, -çünki günəşin parlaq şüaları
gözqamaşdırır – içərini görürəm.
- Cəmi bir dəqiqəlik... Mən dua eləmək istəyirəm.
- Təəssüf, ancaq icazə verə bilmərəm. Bağlıdır.
O, mənim qoca ilə söhbətimi dinləyir və qarışmır.
- Yaxşı, gedək burdan, - mən deyirəm. - Mübahisə etməyək.
O, əvvəlki kimi boş, soyuq nəzərlərlə mənə baxır.
- Bəyəm, sən, sovməəni görmək istəmirsən? - deyə soruşur.
Mən bilirəm, mənim özümü belə aparmağım onun xoşuna gəlmir. O, məni - zəif, qorxaq, öz
istədiyini əldə etməyi bacarmayan biri hesab edir. Şahzadə qız öpüşsüz - filansız qurbağaya çevrildi.
- Dünən olanları yadına sal, - mən deyirəm. - Barda sən mübahisənin davam etməsini istəmirdin
və onu yarımçıq qoydun. Amma mən indi həmin şeyi təkrarlayanda, sən məni mühakimə edirsən.
Qoca laqeydcəsinə bizə qulaq asır. Yəqin, çox məmnundur - onun gözləri önündə heç olmasa nə
isə baş verir, zira, burda, bu balaca şəhərdə bütün səhərlər, bütün gündüzlər, bütün gecələr birbirindən fərqlənmir.
- Qapı bağlı deyil, - o, qocaya müraciət edir. - Əgər sənə pul lazımdırsa, biz verə bilərik, az da olsa.
Ancaq bu xanım kilsəyə baxmaq istəyir.
- İndi - olmaz.
- Yaxşı görək! Biz onsuz da girəcəyik!
Və mənim əlimdən yapışaraq içəri daxil olur.
Ürəyim az qalır yerindən çıxsın - Qoca qəzəblənə, polis çağıra, səyahətimizi korlaya bilər.
- Niyə belə elədin?
- Çünki sən sovməənin içini görmək istəyirdin.
Ancaq məndə alınmır: gözlərim baxmır - bu deyişmə və mənim qadağaya münasibətim belə gözəl
bir səhərin bütün cazibəsini məhv elədi.
Mən diqqətlə bayırda baş verənlərə qulaq kəsilirəm, qocanın necə polis çağırdığını təsəvvürümə
gətirirəm. Kafirlər. Soyğunçular. Onlar qanunu pozurlar, qadağaları tapdalayırlar. Axı, qoca onlara
dedi - bağlıdır, ziyarət saatı qurtarıb! O xəstə və taqətsizdir, onun bizi saxlamağa gücü çatmazdı, biz
yaşlıya hörmət etməmişik və bu polisin gözündə bizim günahımızı ağırlaşdıracaq.
Mən içəridə gözlərin alışması üçün nə qədər vaxt gərəkdirsə, düz o qədər qalıram. Lakin ürəyim
elə bərk döyünür ki, onun ürəyimin tappıltısını eşidəcəyindən qorxuram.
- Biz gedə bilərik, - mən «Atamız» duasını oxumaq üçün lazım olan vaxtı ötürərək deyirəm.
- Pilar, qorxma. Sənə bu qocanın çaldığına oynamaq lazım gəlməyəcək.
Mən qarovulçu ilə konfliktin dostumla mübahisəyə səbəb olmasını istəmirəm. Sakitliyimi
qorumalıyam.
- Nədən danışdığını başa düşmürəm, - mən cavab verirəm.
- Elə adamlar var ki, daima kiminləsə - ətrafdakılarla, özləriylə, həyatla döyüşürlər. Və tədricən
onların başlarında müəyyən bir teatral oyun yaranmağa başlayır, onun librettosunu isə öz
uğursuzluqlarının və məyusluqlarının diqtəsiylə yazırlar.
- Mən bu cür çoxlarını tanıyıram.
- Bədbəxtlik ondadır ki, onlar bu pyesi təkbaşına oynaya bilməzlər, - o davam edir. - Və onda onlar
14

başqa aktyorların köməyindən istifadə edirlər.
İndi, təxminən, buna bənzər bir şey baş verdi. Qoca kimdənsə nəyə görəsə acıq çıxmaq, hirsini
kiminsə üstünə tökmək istəyirdi və bizi seçdi. Əgər biz ona qulaq assaydıq, qadağasına boyun
əysəydik, onda bu an məğlubiyyətin acısını çəkərdik, peşman olardıq. Biz onun uğursuzluqlarının və
miskin həyatının bir hissəsinə çevrilərdik.
Lakin onun düşmənçiliyi çox açıq idi, ona görə də ondan qorunmaq bizim üçün çətinlik törətmədi.
Bundan da pisi, adamların həyatın ədalətsizliyindən şikayətlənərək, başqalarından məsləhət,
yardım, himayə gözləyərək, özlərini qurban kimi aparmağa başlayaraq bizi də «səhnəyə»
çağırmasıdır.
O, mənim gözlərimə baxdı.
- Ehtiyatlı ol, - o dedi. – Belə oyuna qoşulsan - mütləq məğlub olacaqsan.
O haqlıdır. Amma yenə də mən rahat deyildim: ürəyimdə xoşagəlməz hiss qalmışdı.
- Mən dua elədim. İstədiyim hər şeyi elədim. Biz çölə çıxa bilərik.
Və biz bayıra çıxırıq. Kilsədəki yarıqaranlıq və günəşin gözqamaşdıran işığı arasındakı kontrast elə
güclüdür ki, mən bir neçə dəqiqə heç nə görmürəm. Görmə qabiliyyətim bərpa olanda qocanın orada
olmadığını sezirəm.
- Gedək, nahar edək, - o deyir və şəhərciyə tərəf yönəlir.
Nahar zamanı mən iki stəkan şərabın axırına çıxdım. Hələ ömrüm boyu bu qədər çox içməmişdim.
Mən əyyaşa çevrilirəm.
«Ağ eləmə».
O, ofisiantla danışır. Ətrafda hələ Qədim Romaya aid tikililərinin xarabalıqlarının qaldığını
öyrənir. Mən söhbətə qoşulmağa cəhd edirəm, ancaq pis əhval - ruhiyyədə olduğumu gizlədə
bilmirəm.
Şahzadə qurbağaya çevrildi. Nə olsun ki? Əgər mənə heç nə gərək deyilsə - nə kişi, nə məhəbbət bunun nə əhəmiyyəti var?
«Mən, axı, əvvəldən bilirdim, - mən düşünürəm. - Bilirdim ki, o mənim dünyamın tarazlığını
pozacaq. Ağlım mənə xəbərdarlıq etdi - ancaq ürəyim onun məsləhətini eşitmək istəmədi».
Mənə çatan o cüzi nəsnənin əldə olunması çox baha başa gəldi. Mən arzuladığım bir çox şeydən
imtina etməli, qarşıma sərilən bir çox yollardan üz çevirməli oldum.
Mən arzularımın çoxunu ən böyük arzuma – ruhumun sakitliyinə qurban verdim. Və indi onu
itirmək istəmirəm.
- Səni nə isə narahat edir, - o, qarsonla söhbətini kəsib soruşur.
- Hə, düz tapmısan. Məncə, o qoca polisə xəbər verdi. Məncə belə balaca şəhərdə bizi tapmaq o
qədər də çətin olmayacaq. Və məncə, sənin tərsliyinə salıb, məhz, burda nahar etmək istəmənin
ucbatından biz tətilimizin üstündən xətt çəkə bilərik.
O, içində mineral su olan stəkanı əlində fırladır. O, yəqin bilir ki, mən yalan danışıram və iş heç də
qocada deyil. İş ondadır ki, mən xəcalətdən ölürəm. Niyə biz yaşamımızın başına belə iş açırıq?
Niyə gözdə çöpü görürük, amma dağlara, çöllərə, zeytun meşələrinə fikir vermirik?
- Qulaq as, - o deyir. - İnan ki, boş yerə narahat olursan: qoca çoxdan evindədir və bu hadisəni də
artıq unudub.
«Axmaq, mən buna görə narahat deyiləm» - mən fikirləşirəm.
- Ürəyinin səsinə qulaq as, - o davam edir.
- Mən elə belə də eləyirəm, - mən deyirəm. – qulaq asıram. Və burdan getmək istəyirəm. İçimdə nə
isə xoşagəlməz hiss var.
- Bu günlük daha içmə. Şərab sənə kömək eləmir.
Bu ana qədər mən özümü birtəhər saxlamışdım. İndi mənə çatır - ən yaxşısı, içimdə yığılıb qalan
hər şeyi deməkdir.
- Sən əminsən ki, hər şeyi bilirsən. Sən sehrli anlar haqqında, böyük adamın qəlbində saxlanmış
15

körpə haqqında danışırsan. Və mən başa düşmürəm ki, sənin burda, mənim yanımda nə işin var?!
- Mən sənə valeh oluram, - o gülür. - Sənə və sənin necə öz ürəyinə qarşı mübarizə aparmana.
- Necə, necə? - mən bir də soruşuram.
- Heç nə, mən elə-belə… - o cavab verir.
Ancaq mən onun nə demək istədiyini artıq başa düşmüşəm.
- Özünü aldatma. Əgər istəyirsənsə, biz bunu aydınlaşdıra bilərik. Sən mənim hisslərim barədə
yanılırsan.
O, stəkanı oynatmağı dayandırıb, düz mənim gözlərimin içinə baxır:
- Yanılmıram. Mən bilirəm - sən məni sevmirsən.
Mən əməlli - başlı çaşıram.
- Lakin mən sənin məhəbbətin uğrunda mübarizə aparacam, - o davam edir. - Dünyada elə şeylər
var ki, onların uğrunda sonuna qədər mübarizə eləməyə dəyər.
Mən ona nə cavab verəcəyimi bilmirəm.
- Məsələn, sənin uğrunda, - o sözünü bitirir.
Mən baxışlarımı yayındırıram və özümü elə göstərirəm ki, guya, restoranın interyerinə baxıram.
Mən özümü qurbağa kimi hiss edirdim və birdən yenə şahzadəyə çevrildim.
«Mən onun sözlərinə inanmaq istəyirəm, - mən gözlərimi üzərində balıqçı qayıqları təsviri
olunmuş rəsmə zilləyərək fikirləşirəm. – Bu heç nəyi dəyişməyəcək, amma hər halda mən özümü bu
qədər zəif, lazımsız hiss etməyəcəyəm».
- Sənə belə hücum etdiyimçün bağışla, - mən deyirəm.
O gülümsəyir və ofisiantı çağırıb hesabı ödəyir.
Geri qayıdanda mənim çaşqınlığım keçməmişdi. Günahkar kim idi? Günəş? - Ancaq indi payızdır
və günəş nəinki yandırmır, heç isitmir də. Qoca?–Ancaq qoca artıq xeyli vaxt idi ki, mənim
həyatımdan getmişdi.
Hər şey günahkar ola bilərdi - yeni olan hər şey. Təzə ayaqqabı ayağı sürtür. Yaşam da belədir - o,
bizi qəfildən yaxalayır və qeyri - müəyyənliyə sürükləyir. Hətta biz bunu istəməsək də, hətta bu bizə
lazım olmasa da.
Mən ətrafı seyr edərək fikrimi dağıtmağa çalışıram, amma daha zeytun sahələrini, təpənin
zirvəsindəki şəhərciyi, qocanın kandarında oturduğu sovməəni görə bilmirəm. Bütün bunlar mənə
yaddır, heç nə tanış deyil.
Mən dünənki ziyafəti və onun elə hey zümzümə etdiyi nəğməni xatırlayıram:
Bu gecə Buenos - Ayresdə nə isə var,
Nə isə, heç bilmirəm…
Onda bəs mən nəyi bilirəm?
Qalxdım və geyindim, evdən çıxdım, Arenales küçəsinə getdim…
Əgər biz Bilbaodayıqsa, Bueons - Ayresin bura nə dəxli var? Və «Arenales» - hansı küçədir? O,
bununla nə demək istəyirdi?
- Dünən sənin dayanmadan oxuduğun hansı mahnı idi? - mən soruşuram.
- «Dəlinin balladası», - o cavab verir. - İndi niyə soruşursan?
- Heç, elə-belə, - mən cavab verirəm.
Ancaq mənki bunun elə - belə olmadığını bilirəm. Mən bilirəm, o - tələ idi, ona görə oxuyurdu. O,
hansısa tanış, mənim min dəfə eşitdiyim bir şeyi mızıldana bilərdi, lakin o, mənim heç vaxt
eşitmədiyim mahnını seçdi.
Bəli, bu tələdir. Nə vaxtsa, radioda və ya diskdə mən bu nəğməni eşidən kimi o və Bilbao yadıma
düşəcək, ömrümün payızının bahara çevrildiyi günlər yadıma düşəcək. Mən ruh yüksəkliyini,
macəra ruhunu və allah bilir, hardan peyda olmuş körpəni xatırlayacam.
O, hər şeyi nəzərə alıb. O ağıllı və təcrübəlidir, o həyatı tanıyır və ürəyi istəyən qadını fəth etməyi
16

bacarır.
«Mən dəli oluram», - öz - özümə deyirəm. İki gün dalbadal içdiyim üçün əyyaşa çevriləcəyimdən
qorxuram. Elə bilirəm ki, onun bütün hiylə və fəndlərdən xəbəri var. Əminəm ki, onun qayğısı məni
tora salır və idarə edir.
Restoranda o necə dedi? «Mən sənin öz ürəyinə qarşı necə mübarizə aparmağına valeh oluram».
O yanılır - Mən ürəyimlə artıq çoxdan və böyük uğurla döyüşürəm. Mən əlçatmazı sevməyəcəyəm.
Mən öz imkanlarımın sərhəddini bilirəm, necə ki, əzab çəkmək bacarığımın sonsuz olmadığını
bilirəm.
- Mənə nə isə de, - geri, maşının yanına qayıdarkən mən xahiş edirəm.
- Nə deyim?
- Nə isə. Danış mənimlə.
Və o, Müqəddəs Məryəmin Fatimədə möcüzəli zühurundan danışmağa başlayır. Bilmirəm, o, bunu
indi niyə xatırladı, ancaq üç çobanın necə onunla söhbət etməsi haqqındakı əhvalat fikrimi dağıdır.
Və tezliklə ürəyim sakitləşir. Yəni mən son həddimi bilmirəm? Yəni mən özümü idarə edə
bilməyəcəyəm?!
Biz getdiyimiz yerə gecə çatdıq. Mən kiçik meydançanı, otra əsrlərdən qalma tikililərə və su
quyusuna zəif sarı işıq salan fənəri qatı duman pərdəsindən güclə seçirdim.
- Duman! - o, ucadan sevinclə dedi.
Mən təəccüblə ona baxdım.
- Biz Sent-Savendəyik, - o davam etdi.
Şəhərciyin adı mənə heç nə demirdi. Ancaq artıq Fransada olduğumuzu anladım və mən də
sevindim.
- Sən məni niyə, məhz, bura gətirmisən? - mən soruşdum.
- Sənə ev satmaq istəyirəm, - o gülə-gülə cavab verdi. - Bir də ki, mən söz vermişdim ki, Müqəddəs
Məryəmqüsursuz hamiləliyi gününə qədər qayıdacağam.
-Bura?
-Məhz, bura yox. Bura yaxına bir yerə.
O əyləci basdı. Biz maşından düşərək əl - ələ verib qatı dumanın içinə irəlilədik.
-Bu yer mənim həyatıma gözlənilmədən daxil olub, - o dilləndi.
«Necə ki, sən - mənim», - mən düşündüm.
-Bir dəfə, məhz, burda mən başa düşdüm ki, yolumu azmışam. Yox, belə yox. Daha doğrusu, mən
yenidən öz yolumu tapdığımı başa büşdüm.
-Sən tapmaca danışırsan, - mən dedim.
-Sənə nə qədər ehtiyacım olduğunu, məhz, burda anladım.
Mən, yenə - özüm də niyəsini bilmədən - ətrafa baxdım.
-Bunun sənin yoluna nə dəxli var?
-Biz kirayə mənzil tapmalıyıq, çünki bu şəhərdəki hər iki mehmanxana yalnız yayda işləyir. Sonra
yaxşı bir restoranda şam edərik - polisdən qorxmadan rahatca oturarıq və tələsik maşına qaçmaq da
lazım gəlməyəcək. Şərab dilimizin bağını sökəndə isə doyunca söhbət edərik.
Hər ikimiz güldük. Mən yüngülləşdim. Yolboyu ağlıma gələn cəfəngiyyatların siyahısını tutmağa
başladım. İspaniyanı Fransadan ayıran sıra dağlar keçəndə isə ruhumu qorxudan və gərginliklən
təmizləməsi üçün Allaha dua etdim.
Mən artıq səfeh qız rolunu oynamaqdan, özümü mümkünsüz məhəbbətdən qorxan rəfiqələrim kimi
- hərçənd heç biri bunun nə olduğunu dəqiq bilmir - aparmaqdan yorulmuşam. Əgər zamanında
dayanmasaydım, onunla yanaşı keçirdiyim bu sayılı günlərin mənə verə biləcəyi bütün yaxşılıqları
itirərdim.
«Ehtiyatlı ol, - mən fikirləşdim. – Əgər bənddə çat əmələ gəlsə, dünyada heç bir qüvvə onu bərpa
edə bilməyəcək».
17

- Müqəddəs Məryəm, bizi qoru: indi və axirətdə, - o dedi.
Mən susdum.
- Niyə «Amin» demədin?
Çünki artıq bunu vacib və gərəkli hesab etmirəm. Vaxt vardı ki, din mənim həyatımın bir hissəsi
idi. Vardı, amma daha keçdi.
O geri döndü və biz maşına yönəldik.
- Ancaq mən hələ də dua edirəm, - mən davam etdim. - Biz Pireneyləri keçəndə mən dua elədim.
Amma bu mexaniki baş verdi, heç bilmirəm, öz duama inanıram, ya yox.
- Niyə?
- Ona görə ki, əzab çəkirdim və Allah məni eşitmirdi. Ona görə ki - və bu tez-tez olurdu - mən
bütün qəlbimlə sevməyə çalışırdım, ancaq mənim sevgim əzilirdi, ona xəyanət edilirdi. Əgər Allah
məhəbbətin özüdürsə, o, mənim hisslərimə daha ehtiyatlı yanaşa bilərdi.
- Hə, Allah məhəbbətin özüdür. Ancaq bu məsələlərdən Müqəddəs Ananın başı daha yaxşı çıxır.
Mən qəhqəhə ilə güldüm, ancaq nəzərlərimi ona çevirəndə zarafat etmək fikrində olmadığını, tam
ciddi danışdığını gördüm:
Müqəddəs Anaya «qeydsiz - şərtsiz sevməyin» sirri əyandır. O, sevərək və əzab çəkərək bizi
cəhənnəm əzabından xilas edir. İsa da bizi ilkin günahdan beləcə xilas etmişdi.
- İsa-Allahın oğludur. Müqəddəs Anasa–sadəcə qismətinə Onu öz bətnində gəzdirmək xoşbəxtliyi
nəsib olmuş adi qadındır, - mən yersiz gülüşümü ciddi tonla ört-basdır etməyə çalışaraq cavab
verdim. Mən istəyirdim ki, o bilsin - mən onun etiqadına hörmət edirəm. Lakin etiqad və sevgi heç
vaxt mübahisə etmir, belə sevimli şəhərcikdə isə – xüsusilə.
O, maşının qapısını açaraq oturcaqdan bizim rükzaqları götürdü. Mən əlimi özümünkünə
uzadanda, o, təbəssümlə əlimi itələdi:
- İcazə ver, mən aparım.
«Mənimlə çoxdan belə nəzakətlə rəftar etməmişdilər» deyə fikirləşdim.
Biz rastımıza çıxan ilk qapını döyürük, ancaq qadın səsi deyir ki, burda kirayəyə otaq vermirlər.
İkinci qapının arxasından cınqır belə çıxmır.
Üçüncü evdə qoca bizi gülərüzlə qarşılayır, lakin
məlum olur ki, çarpayı ikinəfərlikdir. Mən imtina edirəm.
- Bəlkə biz irəli, bundan böyük şəhərə gedək?- çıxanda mən soruşdum.
- İndicə otaq tapacağıq, - o cavab verdi. – Sən Özgə haqqındakı pritçanı eşitmisən? Bu - yüz il
qabaq yazılmış bir əhvalaın fraqmentidir, müəllifi…
- Kimin yazdığı vacib deyil, danış, - Sent-Savendəki yeganə meydanda onunla yanaşı addımlaya addımlaya xahiş edirəm.
- Bir nəfər, cürbəcür yollarla həyata uyğunlaşmağa çalışan, ancaq bütün əziyyətləri boşa çıxan
köhnə dostu ilə rastlaşır. «Ona bir az pul vermək lazımdır» deyə o fikirləşir. Amma belə alınır ki, elə
həmin axşam dostunun varlandığını və bütün borclarını qaytardığını eşidir.
Onlar sevimli barlarına gedirlər və dostu hamının əvəzinə hesabı ödəyir. Ondan uğurunun səbəbini
soruşanda isə o, cavab verir ki, lap yaxın vaxtlaradək Özgə kimi yaşayırmış.
- «Özgə» kimdir?- ondan soruşurlar.
- Özgə - o kəsdir ki, mənə həmişə onun kimi olmağı öyrədiblər, amma mən o deyiləm. Özgə
əmindir ki, insan bütün yaşamı boyu, qocalanda acından ölməmək üçün necə pul toplamaq barədə
fikirləşməyə məcburdur. Və bu barədə o qədər çox fikirləşir, o qədər nəhəng planlar qurur ki,
yaşadığından ömrünün sonuna sayılı günlər qalanda xəbər tutur. O əl - ayağa düşür, lakin artıq
gecdir.
- Bəs onda sən özün kimsən?
- Mən - ürəyinin səsini dinləyən hər hansı birimiz kimiyəm. Adi insanam - həyatın misteriyasına
məftun olan insan, möcüzəyə açıq olan insan, gördüyü hər işdən sevinən və ilham alan insan.
Bədbəxtlik ondadır ki, daima məyusluq qorxusunun təsiri altında əzilən Özgə məni istədiyim kimi
18

hərəkət etməyə qoymurdu.
- Lakin əzab deyilən bir şey də var, - bardakı digər müştərilər ona etiraz edirlər.
- Məğlubiyyət də var. Və dünyada heç kim ondan sığortalanmayıb, dahası - heç kim ondan canını
qurtarmayacaq. Odur ki, ən yaxşısı öz arzularının reallaşması uğrunda vuruşmaq və bu müharibədə
bir neçə döyüşü uduzmaqdır, nəinki nəyin uğrunda vuruşduğunu heç vaxt bilmədən darmadağın
edilmək.
- Vəssalam?- qulaq asanlar soruşurlar.
- Vəssalam. Bu həqiqət mənə əyan olanda, qərara gəldim ki, hər zaman olmaq istədiyim kimi olum.
Özgə orda, mənim evimdə qaldı, o mənə baxırdı, amma mən onu bir daha özümə yaxın
buraxmadım, baxmayaraq ki, o məni qorxutmağa, gələcəyim haqqında fikirləşməmək, qara gün
üçün tədarük görməməklə böyük risk etdiyimi beynimə yeritməyə çalışırdı.
Və Özgəni həyatımdan qovduğum həmin andan etibarən, İlahi enerji öz möcüzələrini göstərməyə
başladı.
«O, bu əhvalatı uydurdu. Bu uydurmadır, hərçənd ola bilsin ki, ağıllı dır», - gecələmək üçün yer
axtardığımız müddət ərzində mən fikirləşdim. Lakin bütün Sent - Savendə cəmi – cümlətanı 30 ev
güclə olardı, odur ki, tezliklə o, mənim haqlı olduğumu qəbul etməli oldu və qabağa - bundan daha
böyük bir şəhərə getmək fikri ilə razılaşdı.
O, nə qədər böyük ruh yüksəkliyi hiss edir - etsin, Özgəni özündən nə qədər çoxdan və uzağa
qovur - qovsun, Sent - Savenin camaatının ağlına belə gəlmirdi ki, bu şəhərdə gecələmək onun
arzusudur və heç bir vəchlə bizə yardım etmək istəmirdilər. Bir də mənə elə gəlirdi ki, o, həmin
əhvalatı danışanda mən özümü görürdüm - öz qorxularımı, qətiyyətsizliyimi, möcüzə vəd edən hər
şeydən qaçmaq arzumu, onlara görməmək - çünki sabah hər şey bitə bilər və biz əzab çəkməli olarıq
- istəyimi tanıyırdım.
Allahlar aşıq - aşıq oynayırlar və heç soruşmurlar ki, biz onların oyununda iştirak etmək istəyirik,
ya yox. Onların vecinə də deyil, sən arxada nə qoymusan - sevgili, ev, iş, karyera, arzu. Allahları
maraqlandırmır ki, sənin həyatında hər şey öz yerindədir və sən istənilən arzunu iradə və zəhmətin
sayəsində reallaşdırmağa qadirsən. Allahlar bizim ümidlərimizlə, planlarımızla hesablaşmırlar;
Kainatın hansısa küncündə onlar aşıq - aşıq oynayırlar - və budur, təsadüfən seçim sənin üstünə
düşür. Və o andan etibarən qələbə və ya məğlubiyyət – təsadüfün əlindədir.
Allahlar oyuna başlayanda Sevgini qəfəsindən buraxırlar. Bu qüvvə yaratmağa və ya dağıtmağa onun azadlığa çıxdığı an küləyin hansı istiqamətdə əsməsindən asılı olaraq - qadirdir.
Hələ ki, külək onun tərəfə əsirdi. Lakin küləklər allahlar qədər dəyişkən və şıltaqdırlar – indicə
varlığımın ən dərin qatlarında mən də mehəbənzər nə isə hiss etdim.
Sanki Özgənin əhvalatının tamamilə gerçək olduğunu və Kainatın hər zaman xəyalpərvərlərin
tərəfini tutduğunu mənə sübut etmək üçün tezliklə biz kirayə otaq - iki çarpayılı - tapa bildik. İlk
öncə mən vanna qəbul etdim, paltarımı yudum və təzə maykamı çiynimə saldım. Özümü tamamilə
fərqli hiss etdim və bu mənə inam verdi.
«Nə bilmək olar, Bəlkə Özgənin bu maykadan xoşu gəlmir», - mən öz - özümə güldüm.
Ev sahibləri ilə şam etdikdən sonra – payızda və qışda bu şəhərcikdə restoranlar da bağlanır - o,
səhər alıb qaytaracağına söz verərək bir şüşə şərab istədi.
Biz geyindik, iki stəkan götürdük və evdən çıxdıq.
- Gəl, quyunun yanında oturaq, - mən təklif etdim.
Elə belə də etdik - oturduq və isinə - isinə, sakitləşə - sakitləşə şərab içməyə başladıq.
- Deyəsən, Özgə qayıdıb və sənin bədəninə keçib,- mən zarafat etdim.-Kefin çox pisdir.
O güldü:
19

- Mən dedim ki, biz otaq tapacağıq və tapdıq. Kainat həmişə bizə arzularımızı həyata keçirməkdə
kömək edir - onlar nə qədər axmaq olursa - olsun. Zira onlar bizim arzularımızdır və dəyəri yalnız
bizə məlumdur.
Meydan bir addım o yanı görməyə imkan verməyən və fənərin işığında sarımtıl rəngə çalan
dumana bürünmüşdü.
Mən dərindən nəfəs aldım. Daha təxirə salmaq mümkün deyildi.
- Gəl, sevgidən danışaq, - mən dedim. - Daha bundan qaçmayaq. Axı, sən son günləri necə
keçirdiyimi bilirsən. Əlimdə olsaydı, belə mövzu, ümumiyyətlə yaranmazdı. Amma əgər artıq
yaranıbsa, mən onun haqqında fikirləşməyə bilmirəm.
- Məhəbbət təhlükəlidir.
- Bilirəm. Mən sevmişəm. Sevgi - narkotikdır. Əvvəlcə eyforiya, yüngüllük, tam vəhdət hissi
yaranır. Növbəti gün sən yenə istəyirsən. Sən hələ içinə çəkməyə macal tapmamısan - baxmayaraq
ki, hiss etdiklərin xoşuna gəlir - ancaq əminsən ki, istənilən an onsuz keçinə bilərsən. Sən sevimli
varlıq haqqında iki dəqiqə fikirləşirsən və üç saat yadına da düşmür. Lakin tədricən ona öyrəşirsən
və tamamilə ondan asıla hala düşürsən. Onun haqqında üç saat fikirləşirsən və iki dəqiqəliyə
unudursan. Əgər o, yanında yoxdursa, sən növbəti dozadan məhrum olunmuş narkomanların
yaşadıqlarını hiss edirsən. Belə dəqiqələrdə dozaya görə qarətə, qətlə, istənilən alçaqlığa hazır olan
narkomanlar kimi sən də sevginin xatirinə hər şeyə hazırsan.
- Qorxulu bənzətmədir, - o dedi.
Doğrudan da, mənim misalım şərabla, quyu ilə, meydanı üzük kimi əhatəyə almış orta əsrlərə aid
evlərlə yaxşı tutuşmurdu. Ancaq bununla belə hər şey, məhz, mənim dediyim kimi idi. Əgər o, bu
qədər səyi sevgi əldə etmək üçün çəkibsə, onu hansı təhlükələrin gözlədiyini bilməlidir.
- Ona görə də yalnız yanında saxlaya biləcəyin adamı sevmək lazımdır, - mən fikrimi bitirdim.
O, dumana baxa - baxa xeyli müddət cavab vermədi. Deyəsən, bir daha o, mənə sevgi barədə
söhbətlərin təhlükəli dalğalarında üzməyi təklif etməyəcək. Bəli, mən çox sərt danışdım, amma
başqa nə edə bilərdim?
«Məsələ bağlandı», - deyə fikirləşdim. Birlikdə keçirdiyimiz üç gün - üstəgəl mən eyni paltarda
gəzirdim - öz məqsədindən imtina etmək üçün ona yetdi. Mənim qadınlıq qürurum sındırılmışdı,
lakin eyni zamanda mən həm də yüngüllük hiss edirdim.
«Yəni ürəyimin dərinliklərində mən elə bunu istəyirdim?»
Yəqin ki… Çünki sevgi küləyinin necə bir fırtınaya çevriləcəyini artıq hiss edirdim. Çünki artıq
bəndin divarında əmələ gələn çatı görə bilirdim.
Biz hələ bir xeyli içdik və boş – boş şeylərdən danışdıq - bizə otaq vermiş ev sahiblərini müzakirə
etdik, nə vaxtsa bu şəhərciyin əsasını qoymuş müqəddəsi xatırladıq. O, mənə dumanda itmiş kiçik
meydanla üzbəüz yerləşən kilsə ilə bağlı bir neçə əfsanə danışdı.
- Sən mənə qulaq asmırsan, - birdən o dedi.
Doğrudan da - fikrim hardasa uçurdu. Mən yanımda elə bir insanın olmasını istərdim ki, onu
görəndə ürəyim rahat və ahənglə döyünsün, elə bir insan ki, onun yanında sakit olum, çünki sabah
onu itirmək qorxusu yoxdur. Onda vaxt da yavaş axardı və biz də söhbət üçün qabaqda bütöv bir
ömrün olduğunu bilərək sadəcə susardıq. Və mənə çətin qərarlar qəbul etmək, ciddi şeylər üçün baş
sındırmaq, sərt sözlər demək lazım gəlməzdi.
Biz susuruq və bu çox şey deyir. Həyatımız boyu ilk dəfədir ki, biz susuruq, hərçənd mən bunu
indicə - o bir şüşə də şərab tapmaq üçün ayağa qalxanda dərk elədim.
Biz susuruq. Mən onun addımlarını eşidirəm - o, bizim bir saatdan çox vaxt keçirdiyimiz, şərab içə
- içə dumana baxdığımız quyunun yanına qayıdır.
Həyatımızda ilk dəfədir ki, biz susuruq - sözün əsl mənasında susuruq. Yox, bu bizi Madriddən
Bilbaoya qədər maşında sıxan sükut deyil. Heç San-Martin-de-Unks yaxınlığındakı sovməədə
dayanarkən mənim ürəyimi qorxudan donduran da deyil.
20

Belə sükut hər cür sözdən daha çox şey deyir. Belə sükut mənə deyir ki, bizim bir - birimizə nə isə
izah etməmizə daha heç bir ehtiyac yoxdur.
Addımlar kəsilir. O mənə baxır və yəqin ki, qarşısında gözəl mənzərə peyda olur – fənərin zəif
işıqlandırdığı gecə, quyu, qadın.
Orta əsrlərə aid evciklər, XI əsrə aid kilsə, səssizlik.
Mən sükutu pozmaq qərarını verəndə şərabın ikinci şüşəsi yarısına qədər boşalmışdı.
- Dünən səhər ağlıma gəlmişdi ki, əyyaşa çevrilirəm. Bütün günü içirəm. Bu üç sutka ərzində
keçən bir ildə içdiyimdən çox içmişəm.
O, bir söz belə demədən əllərini saçlarımda gəzdirir. Mən onun toxunuşunu hiss edirəm və kənara
çəkilmirəm.
- Mənə bir az həyatından danış,- mən xahiş edirəm.
- Mənim həyatımda fövqəladə heç nə yoxdur. Mən öz yolumu gedirəm və imkanım daxilində bunu
ləyaqətlə eləməyə çalışıram.
- Bu necə yoldur belə?
- Məhəbbət axtaranın yolu, - və boş şüşəni əlində oynada-oynada bir anlıq susur. - Məhəbbətsə çox çətin yoldur.
- Çətindir ona görə ki, o səni ya göylərə qaldıracaq, ya da cəhənnəmə atacaq, - mən deyirəm,
hərçənd dediklərimi o qədər də özümə aid etmirəm.
O cavab vermir. Ola bilsin ki, o, hələ də səssizliyin girdabındadır, ancaq şərab yenidən mənim
dilimi açıb və fikrimi bildirmək ehtiyacı hiss edirəm.
- Sən dedin ki, bu şəhərcikdə nə isə dəyişib.
- Hə, mənə belə gəlir. Ancaq mən əmin deyiləm, buna görə də səni bura gətirmək istədim.
- Deməli, bu sınaqdır?
- Yox, bu mənim doğru qərar verməmə kömək edəcək Ona bəxşişdir.
- O kimdir?
- Müqəddəs Ana.
Müqəddəs Ana. Özüm də başa düşə bilərdim. Bu qədər səyahətlərdən, kəşflərdən, yeni üfüqlərdən
sonra onda hələ də uşaq vaxtı vurulmuş katolik peyvəndinin güclü olması mənə bərk təsir edir.
Amma mən və mənim dostlarım – hər halda bu baxımdan – çox dəyişmişik: qəbahət və günahlar
artıq çoxdan bizə ağırlıq eləmir.
- Nə yaxşı ki, bu qədər çətinliklərdən sonra sən əvvəlki inamını qorumağı bacarmısan.
-Yox, bacarmadım. Mən onu itirdim və yenidən qazandım.
- Anaya inamı? Namümkünə, mübhəmə, fantastikaya? Sən cismani sevginin nə olduğunu
bilmirsən? Sən aktiv seksdən qaçırsan?
- Heç də yox. Burda hər şey qaydasındadır. Mənimçoxlu qadınım olub.
Mən qısqanclığın məni sancdığını hiss edirəm və özüm də buna təəccüblənirəm. Ancaq
daxilimdəki mübarizə yatışıb və mən onun yenidən başlamasını istəmirəm.
- Niyə-o - «Məryəm»? Niyə müqəddəs Ananı bizə digərlərinə bənzəyən adi qadın kimi
göstərmirlər?
Bir udumla o şüşənin axırına çıxır - orda lap az qalmışdı.
Məndən yenə şərab istəyib - istəmədiyimi soruşur - o tapa bilər - mən imtina edirəm.
- Mən ancaq sənin cavab verməni istəyirəm. Hər dəfəsində biz müəyyən mövzulara toxunanda sən
söhbəti dəyişirsən.
- O, elə ən adi qadın idi. O, dünyaya başqa uşaqlar da gətirmişdi. Müqəddəs kitabda deyilir ki, İsa
üç qardaşın böyüyü idi. İsanın ruhdan əmələ gəlməsinin başqa anlamı var:
Mariya yeni bərəkətli eranı başlayır, yeni mərhələ açır. O - kosmik gəlindir, səmanı qəbul edən və
onun mayalandırdığı Torpaqdır. Və həmin anda, onun öz taleyini qəbul etməyə cəsarəti çatdığından
O, Allaha Yerə düşmək imkanı verir. Və Müqəddəs Anaya çevrilir.
Mən onun fikirlərinin gedişini izləyə biləcək halda deyiləm. Və o bunu başa düşür:
21

-O, Allahın qadın simasıdır. Onun öz ilahi təbiəti var.
Onun nitqi aydın səslənmir - sözlər çətinliklə, gərginliklə tələffüz olunur, sanki onları deməklə
günah işləyir.
- İlahə? – mən soruşuram.
Mən onun məni başa salmasını gözləyirəm, lakin o söhbəti davam etdirmir. Hələ bir neçə dəqiqə
əvvəl mən ondakı katolikliyin nə qədər möhkəm olduğuna ironiya ilə gülürdüm, indi isə mənə elə
gəlir ki, o, küfr danışır.
- Məryəm kimdir? İlahə kimdir? – mən təkid edirəm.
- Bunu izah eləmək çətindir, - aydın görünür ki, o özünü yaxşı hiss etmir, hər dəqiqə – daha çox. Məndə bəzi şeylər var. Əgər istəsən, oxuya bilərsən.
- Mən indi heç nə oxumayacağam! Sən başa sal!
O əlini şərab şüşəsinə uzadır, lakin o boşdur. Biz artıq bizi quyunun yanına nəyin gətirdiyini
unutmuşuq. Nə isə fövqəladə əhəmiyyətli bir şeyin baş verməsi hissi yaranır - sanki o hər bir sözü
ilə möcüzə yaradır.
- Danış da!
- Onun simvolu - sudur, Onu duman əhatə edir. İlahə özünü su ünsüründə aşkar edir və göstərir.
Sanki, ətrafımızdakı duman canlandı, öz həyatını qazandı, konkret müqəddəs bir substansiyaya
çevrildi - hərçənd mən əvvəlki kimi onun sözlərinin anlamını tam başa düşmürdüm.
- Çox dərinə getməyəcəyəm. Əgər istəsən - özün məndəki əlyazmanı oxuyarsan. Bircə onu bil ki,
bu qadın – İlahə, Müqəddəs Məryəm, yəhudi Şəhina, misirli İzida, Böyük Ana, Sofiya - bütün
dünyəvi dinlərdə mövcuddur. Onu yaddaşlardan silməyə, qadağan etməyə çalışıblar, O simasını
gizlədir və dəyişirdi, ancaq Onun kultu minilliklərdən keçərək bu günümüzə çatıb. Allahın
simalarından biri - qadın simasıdır.
Mən ona baxıram. Parıldayan gözləri qarşımızdakı duman kələfinə zillənib. Başa düşürəm ki, artıq
təkid etməmək olar – o, onsuz da söhbətinə davam edəcək.
- Onun haqqında Bibliyanın birinci fəslində yazılıb. Yadındadır - «… və Allahın ruhu suların
üstündən uçurdu»? Və O Onu ulduzlardan yuxarıda və aşağıda qoydu. Bu - Yerin və Səmanın mistik
nigahıdır. Müqəddəs kitabın sonuncu fəslində də Onun haqqında danışılır
Nə vaxt ki
Ruh da, gəlin də deyir: gəl!
Eşidən də deyəcək: gəl!
Qoy, susuzluqdan yanan gəlsin,
Və qoy istəyən həyat suyunu havayı götürsün.
- Niyə Allahın qadın simasının simvolu sudur?
- Bilmirəm. Ancaq, adətən, O, bu vasitələri Özünü aşkar etmək üçün seçir. Yəqin, ona görə ki, su həyatın mənbəyidir, axı ana bətnində doqquz ay biz suyun əhatəsində oluruq. Su - qadın Hökmünün
simvoludur, hətta ən mükəmməl və ən kamil kişilərin belə ona şübhəylə yanaşmağa, ona iddia
etməyə cəsarəti çatmaz.
O, bir anlıq susur və davam edir:
- O, özünü bu və ya digər formada hər bir dində, hər bir etiqadda göstərir - ancaq müqləq göstərir.
Mənim üçün – bir katolik olaraq – onun cizgiləri Müqəddəs Məryəmin obrazında aydın görünür.
O, mənim əlimdən tutur və beş dəqiqədən sonra biz artıq Sent-Savendən çıxırıq. Yolda üzərinə xaç
bərkidilmiş sütunun yanından keçirik, lakin– çox qəribədir! - adətən, İsa Məsihin obrazı
yerləşdirilən yerdə biz Müqəddəs Məryəmin obrazını görürük. Onun sözləri yadıma düşür və təsadüf
məni təəccübləndirir.
Və indi zülmət və duman bizi başdan - ayağa qədər tamamilə qoynuna alır. Mən özümü suda, ana
bətnində təssəvvür edirəm - o yerdə ki, hələ zaman yoxdur, hələ varlıq şüurla yüklənməyib. Bəli,
22

oun danışdığı hər şeyin anlamı - özü də tükürpədici anlamı var. Mən mühazirədə yanımda oturmuş
yaşlı xanımı xatırlayıram. Məni dartıb meydana aparan kürən qızı xatırlayıram - axı, o da deyirdi ki,
su - İlahənin simvoludur.
- Burdan 20 km aralıda mağara var, - o davam edir. – 11 fevral 1858-ci ildə balaca bir qız iki başqa
uşaqla birlikdə onun yaxınlığında odun yığırdı. Qız xəstəhal, zəif idi, astma xəstəliyindən əziyyət
çəkirdi, onun valideynləri isə o qədər kasıb idilər ki, az qala dilənirdilər. Həmin qış günündə qız çox
da böyük olmayan çayın dayaz yerindən keçməyə qorxdu - birdən islanar, soyuqlayar və yatağa
düşər, valideynləri isə onun gətirdiyi qəpik - quruşsuz keçinə bilməzlər.
Elə bu anda onun qarşısında ağ paltarlı, üzəri qızılı qızılgüllərlə bəzədilmiş səndəllərdə qadın zühur
edir. O, qıza bir şahzadə qədər ehtiramla müraciət edərək ondan bir lütf göstəməsini - bura bir neçə
dəfə bir də gəlməsini istəyir və yoxa çıxır. Bütün bu gördüklərindən yerlərindəcə qurumuş digər iki
uşaq, əhvalatı qarşılarına çıxan hər kəsə danışırlar.
Amma qızın həyatı o andan etibarən əsl işgəncəyə çevrilir. Onu həbsə alırlar, tələb edirlər ki, belə
bir hadisənin heç vaxt olmadığını desin. Məxluqdan cürbəcür möcüzə və ənam istəməsi üçün ona
pul söz verirlər. İlk günlərsə onun valideynlərini hamının gözü qarşısında qızın bu görüşü özünə
diqqət çəkmək məqsədilə uydurduğunu deyərək rüsvay edirlər.
Qızın isə - onun adı Bernadetta idi - gördüyü şəxsin kimliyi haqqında təssəvvürü belə yox idi. Ağ
paltarlı Qadını «O» adlandırırdı və onun təşvişə düşmüş valideynləri kömək üçün yerli keşişə
müraciət edirlər. O qızdan xahiş edir ki, növbəti dəfə görüşəndə qadından adını soruşsun.
Bernadetta deyilən kimi edir, lakin cavab əvəzinə təbəssüm alır. «O» daha 18 dəfə qıza zühur edir demək olar ki, hər dəfəsində səssizcə.
Hərçənd bir dəfə qadın Bernadettadan torpağı öpməsini
istədi. Qızcığaz səbəbini anlamadı, lakin itaət etdi. Başqa bir dəfə isə «O» mağarada çuxur qazmağı
xahiş elədi. Bernadetta onun xahişini yerinə yetirdi və elə o saat çuxurdan palçıqlı su axmağa
başladı - bəs necə, axı, hərdənbir pis havalarda mağarada qabanlar gizlənirdilər.
-İç - qadın əmr elədi.
Su o qədər çirkliydi ki, Bernadetta üç dəfə su götürdü və ağzına yaxınlaşdırmaqdan çəkinərək üç
dəfə yerə səpələdi. Nəhayət, iyrənə - iyrənə də olsa, əmri yerinə yetirdi. Onun qazdığı çuxursa
yenidən su ilə doldu.
Bir gözü kor olan adam sudan bir neçə damcı gözünə tökdü və həmin dəqiqə gözləri açıldı. Yenicə
dünyaya gəlmiş oğlunun ölüm ayağında olmasından başını itirmiş gənc ana onu bu bulağın suyuna
saldı - temperatur həmin gün sıfırdan aşağı düşdü və körpə sağaldı.
Yavaş - yavaş möcüzəli bulağın sorağı ətrafa yayıldı və minlərlə adam kəndə axışmağa başladı.
Bernadetta isə hələ də sehrli qonağın adını öyrənməyə çalışırdı, lakin o, cavab əvəzi yalnız
gülümsəyirdi.
Amma gözəl günlərin birində «O» qızcığaza tərəf çevrildi və dedi:
- Mən Müqəddəs Ruhdan Doğanam.
Sevincinin həddi - hüdudu olmayan Bernadetta bu barədə danışmaq üçün var - gücü ilə keşişin
yanına qaçdı.
- Belə şey mümkün deyil, - keşiş cavab verdi. – Övladım, indiyə qədər heç kim eyni zamanda həm
ağac, həm də meyvə ola bilməyib. Sən gəl onun üstünə müqəddəs su çilə.
Keşişin qatı inamına görə, yalnız Allah bütün başlanğıcların başlanğıcından var ola bilərdi, Allahsa
- bütün əlamətlərə görə – kişidir.
Bernadetta «O» nun üzərinə müqəddəs su çilədi, ancaq qadın yalnız xəfifcə gülümsədi - başqa heç
nə baş vermədi.
16 iyulda qadın son dəfə göründü. Bundan az sonra Bernadetta mağaranın yaxınlığında yerləşən
kiçik kəndin həyatını nə qədər dəyişdiyini ağlına belə gətirmədən rahibə oldu. Bulaq qurumadı və
möcüzələr davam etdi.
Əhvalatın sorağı əvvəl Fransaya, sonra da bütün dünyaya yayıldı. Kənd böyüməyə və dəyişməyə
başladı, şəhərə çevrildi. Tacirlər gəldilər. Mağazalar və mehmanxanalar açıldı. Bernadetta öldü və
23

doğma yerlərdən çox uzaqlarda dəfn edildi. O, nə baş verdiyini heç vaxt bilmədi.
Kilsəni çətin vəziyyətdə qoymağa cəsarət edən insanlar meydana çıxdılar - xoşbəxtlikdən Vatikan o
zamanadək Zühuretmənin mümkünlüyünü etiraf etmişdi - və möcüzələr yaratmağa başladılar, lakin
tezliklə şarlatan və fırıldaqçı adı ilə ifşa edildilər. Kilsə sərt qaydalar qoydu - filan gündən yalnız
həkimlər və alimlərin apardığı ciddi yoxlamadan keçmiş fenomenlər möcüzə kimi tanınır.
Ancaq su hələ də axır və xəstələr sağalır.
Mənim qulağıma nə isə səs gəldi və mən qorxdum.
Ancaq o, hərəkətsiz oturmaqda davam edir. Ətrafımızdakı dumana isə ad aldı, keçmiş qazandı.
Mən danışılan əhvalat və onun bütün bunları haradan bildiyi haqqında düşünürəm. Mənim cavabım
yoxdur.
Mən Allahın qadın siması haqqında düşünürəm. Mənimlə yanaşı oturmuş adamın ziddiyyətli ruhu
var. Bir müddət əvvəl o mənə yazırdı ki, seminariyaya daxil olmaq fikrindədir, lakin o əmindir ki,
Allah qadın simalıdır.
O hərəkətsizdir. Mən isə özümü Yer Ananın bətnində həbsə salınmış kimi hiss edirəm - harda ki,
nə zaman var, nə məkan. Bernadettanın əhvalatı sanki gözlərimin qarşısında, bizi ağuşuna alan
dumanda baş verir.
Və yenə onun səsi eşidilir:
- Bernadetta iki mühüm şeyi bilmirdi. Birinci, xristianlıq gələnə qədər bu dağlarda keltlər
yaşayırdı, İlahə kultu isə onlanın sivilizasiyasının əsasında dururdu. Bir çox nəsillər Allahın qadın
simasını dərk edirdilər, Onun sevgisinin, Onun şöhrətinin bir hissəciyi onlara ünvanlanmışdı.
- Bəs ikinci?
- İkincisi isə, Zühurun baş verməsindən bir az əvvəl Vatikan ierarxiyası gizli yığıncağa
toplaşmışdı. Onların həmin yığıncaqda nəyi müzakirə etdiklərini kənar şəxslərdən heç kim bilmirdi,
lurdlu keşişsə - xüsusilə.
Kilsə başçıları müqəddəs ruhdan mayalanma haqqında ehkamı verməyin lazım olub - olmadığını
qərarlaşdırırdılar. Və sonda qərara alındı ki, lazımdır. Bunun nəticəsi papanın «İneffabilis Dei»
fitvası oldu. Ancaq geniş dindar kütləsinə onun mənasını heç kim başa salmadı.
- Bəs bütün bunların sənə nə dəxli var? - mən soruşuram.
- Mən Onun şagirdiyəm. O məni hazırlayıb, - o deyir.
- Yəni sən – Onu görmüsən?
- Görmüşəm.
Biz meydana geri dönürük, bizi kilsədən ayıran bir neçə metr yolu qət edirik. Fənərin işığında
quyunu və qırağındakı şüşəni, iki stəkanı görə bilirəm. «Yəqin orda aşiqlər oturublarmış, - mən
düşünürəm. - Səssizcə oturublar və bir-biri ilə sözsüz - yalnız ürəkləriylə danışıblar. Ürəklər hər şeyi
söyləyəndən sonra, onlar ulu sirlərə ortaq oldular».
Yenə də bizim sevgi barədə söhbətimizdən heç nə alınmadı. Bu heç vacib də deyil. Mən hiss
edirəm ki, nə isə çox mühüm bir nəsnənin astanasındayam və daha çox başa düşmək üçün ondan
istifadə etməliyəm. Yadıma bir anlıq universitetdəki məşğələlərim, Saraqos, ömrüm boyu rastlaşmaq
istədiyim həyat yoldaşı düşür, lakin bütün bunlar uzaq, dumanlı örtüyə - lap Sent-Savenin
üzərindəki kimi - bürünmüş görünür.
- Sən niyə mənə Bernadetta haqqında danışdın?
- Özüm də bilmirəm, - o üzümə baxmadan cavab verir. – Bəlkə ona görə ki, biz Lurdun
yaxınlığındayıq. Bəlkə ona görə ki, sabah – «İneffabilis Dei» (müqəddəs ruhdan hamilə olma)
günüdür. Bəlkə də ona görə ki, sənə sübut eləmək istəyirdim: mənim dünyam kənardan göründüyü
kimi boş və divanə deyil. Onun bir hissəsi həm də başqa insanlardan ibarətdir. Və onlar
söylədiklərinə inanırlar.
- Mən heç vaxt sənin dünyanın divanə olduğunu deməmişəm. Bu daha çox mənim dünyama aiddir.
24

Mən həyatımın ən gözəl illərini kitab - dəftərlə əlləşərək itirirəm, halbuki onlar məni hər şeyi əzbər
bildiyim yerdən çıxatmayacaqlar.
Mən hiss elədim ki, yüngülləşirəm: mən onu başa düşürdüm.
Mən gözləyirdim ki, o yenə də İlahədən danışacaq, ancaq o mənə sarı çevrilərək dedi:
-Yatmaq vaxtıdır. Biz çox içmişik.

***
O, dərhal yuxuya getdi. Mənsə hər şeyi-dumanı, şərabı, meydanı, söhbəti xatırlaya-xatırlaya xeyli
oyaq qaldım. Sonra onun mənə verdiyi əlyazmanı oxudum və xoşbəxtlik dalğası hiss etdim: Allahəgər O, gerçəkdən mövcuddursa-həm Atadır, həm də Ana.
Mən işığı söndürdüm və quyunu araya almış səssizlik barədə düşünməkdə davam etdim–məhz,
həmin dəqiqələrdə, bizim hər ikimizin susduğumuz vaxt, onun mənə nə qədər yaxın olduğunu
duyurdum.
Nə o, nə də mən bir söz belə demədik. Məhəbbət haqqında danışmağa ehtiyac yoxdur, zira onun öz
səsi var və öz yerinə özü danışır. Həmin gecə, quyunun yanında, sükut bizim ürəklərimizin
yaxınlaşmasına, bir - birini daha yaxşı tanımasına imkan verdi. Mənim ürəyim diqqətlə onun ürəyini
dinləyirdi və dinlədikcə də xoşbəxtlikdən oxuyurdu.
Gözlərimi yummazdan əvvəl mən onun «Özgənin qovulması» adlandırdığı ritualı yerinə yetirməyə
qərar verdim.
«Bax, mən burdayam, bu otaqda, bu şəhərcikdə - əvvəllər heç vaxt olmadığım bir yerdə, - mənim
fikirlərim axırdı. – Vərdiş elədiyim hər şeydən uzaqda. Həyatda heç vaxt məni maraqlandırmamış
nəsnələr haqqında düşünürəm. Mən - bir neçə dəqiqəlik də olsa - özümü elə göstərə bilərəm ki, guya
dəyişmişəm».
Və mən həmin bir neçə dəqiqəni necə yaşamaq istədiyimi təsəvvür etməyə başladım. Mən şən, hər
şeylə maraqlanan, xoşbəxt olmaq istərdim. Hər saniyədən dolu-dolu istifadə etmək, həyat suyunu
acgözlüklə içmək. Yenidən arzuya inanıb, etibar etmək. Mənim üçün əziz və istəkli olan uğrunda
mübarizə aparmaq üçün güc qazanmaq.
Sevgiyə sevgiylə cavab vermək.
Bəli, bu odur - mənim olmaq istədiyim qadın. Və o, qəflətən mənim qarşımda peyda oldu və mənə
çevrildi.
Və mən qəlbimin necə Tanrının, ya da İlahənin nuru ilə dolduğunu hiss elədim - onlara artıq
çoxdan inanmırdım. Və bir də həmin an Özgənin necə mənim cismimi tərk edərək bu balaca otağın
küncündə oturduğunu gördüm.
Mən ona baxırdım - indiyə qədər mən olana: o zəifdir, amma güclü görünməyə cəhd edir. O hər
şeydən qorxur, amma özünü inandırır ki, bu qorxu yox, buludlarda uçmayan adamın müdrikliyidir.
O, köhnə mebelinin üzü bozarmasın deyə, arasından günəşin parlaq şüaları dolan pəncərələri bərkbərk mıxlayır.
Mən otağın küncündə Özgəni görürdüm - zəif, yorğun, məyus. Mən görürdüm ki, o, necə tamamilə
azad olmalı olan nəsnələri-öz hisslərini- boğur və dustaq edir. Necə gələcək sevgi haqqında keçmiş
əzablarına əsasən hökm çıxartmağa çalışır.
Ancaq məhəbbət-həmişə yenidir. Həyatın boyu məhəbbətlə neçə dəfə rastlaşacağının əhəmiyyəti
yoxdur-bir, iki, və ya üç. Hər dəfə biz məchulluq və sirlə qarşılaşırıq. Məhəbbət bizi göylərə qaldıra
bilər, cəhənnəmə ata bilər, lakin heç vaxt əvvəlki yerimizdə qoymaz. Məhəbbətdən imtina etmək
olmaz, zira o, yaşamımızın qidasıdır. Ondan imtina etsək - həyat ağacının bardan əyilmiş
budaqlarına baxa - baxa və o bardan dərməyə cürət etmədən aclıqdan ölərik, halbuki, budur onlar sadəcə əlini uzatmalısan. Harda olursan, ol, məhəbbəti axtarmaq lazımdır, hətta bu axtarışlar
saatlarla, günlərlə, həftələrlə sürəcək kədər və məyusluq anlamına gəlsə də.
25

İş ondadır ki, biz sevginin axtarışına çıxanda, sevgi bizim görüşümüzə gəlir.
Və bizi xilas edir.
Özgə məndən uzaqlaşan kimi ürəyim yenidən mənimlə danışdı. Və dedi ki, bənddəki çat bütöv bir
axını buraxıb, dedi ki, küləklər dörd tərəfdən əsib və dedi ki, o xoşbəxtdir, zira mən yenə onun səsini
eşitməyə başlamışam.
Ürəyim mənə dedi ki - mən sevirəm. Və mən dodaqlarımda xoşbəxt təbəssümlə yuxuya getdim.
Mən oyananda o, açıq pəncərənin qarşısında dayanaraq dağlara baxırdı. Mən onu çağırmadım,
əgər o çevrilsə, o dəqiqə gözlərimi yummağa hazır vəziyyətdə səssizcə uzandım.
Sanki mənim fikirlərimi oxuyurmuş kimi o çevrildi. Mənə baxdı:
-Sabahın xeyir.
-Sabahın xeyir. Pəncərəni bağla, soyuqdu.
Özgə xəbərdarlıq etmədən peyda oldu. O, hələ də küləyin istiqamətini dəyişməyə, onun
qüsurlarını və zəifliklərini görməyə, «Yox, bu qeyri - mümkündür» deməyə çalışırdı. Ancaq özü də
bilirdi ki, gecdir.
-Çıx otaqdan, mən geyinim,- mən dedim.
-Mən səni aşağıda gözləyirəm,- o cavab verdi.
Mən çarpayıdan durdum, Özgə haqqında fikirləşməyi özümə qadağan elədim, təzədən pəncərəni
açdım, günəşi otağa buraxdım. Onun şüası dağların qarlı zirvələrini, xəzəllə örtülü torpağı, çayı –
mən onu görmürdüm, lakin şırıltısını eşidirdim - işıqlandırırdı.
Günəş mənim sinəmdə əks oldu, mənim çılpaq bədənimi işıqlandırdı və mənə soyuq deyildi, çünki
bütün bədənim hərarətdən yanırdı - alova, alovdan tonqala, tonqaldan yanğına çevrilən cüzi
qığılcımın hərarətindən. Yanğını isə heç nə ilə söndürmək, keçirmək mümkün deyil. Mən bilirdim.
Və istəyirdim.
Mən bilirdim ki, bu dəqiqədən etibarən cənnəti və cəhənnəmi, nəşəni və kədəri, arzuların həyata
keçməsini və çarəsiz ümidsizliyi tanıyacam, bilirdim ki, qəlbimin gizlinlərindən qalxan küləkləri
cilovlamağa gücüm çatmayacaq. Bilirdim ki, bu səhərdən etibarən bələdçim və müşayətçim sevgi
olacaq, baxmayaraq ki, o mənim qəlbimdə uşaqlıqdan, onu birinci dəfə gördüyüm vatxdan məskən
salıb. Zira mən onu heç vaxt unutmamışam - onun uğrunda mübarizə aparmağı ləyaqətsizlik hesab
eləsəm də. Bu çətin sevgi idi və mənim pozmaq istəmədiyim sərhədlərlə əhatə olunmuşdu.
Yaddaşımda Soriyadakı meydan və ondan itirdiyim medalyonu axtamağı xahiş elədiyim dəqiqə
canlandı. Mən bilirdim – bəli, onun mənə nə demək istədiyini mən bilirdim, ancaq eşitmək
istəmirdim, çünki o, günlərin bir günü pul qazanmaq məqsədilə, macəra dalınca, arzularını həyata
keçirmək üçün ata yurdunu tərk edən cavanlardan idi. Mənə isə real və mümkün olan sevgi gərək
idi, mənim bakirə bədənim və qəlbim gözəl şahzadəni gözləyir və istəyirdi.
O zamanlar mən sevgi barədə çoz az şey bilirdim. Onu mühazirədə görəndə, təklifini qəbul edəndə,
elə fikirləşirdim ki, yetkin qadının, öz şahzadəsi ilə görüşə tələsən qızcığazın ürəyini cilovlamağa
gücü yetəcək. Sonra o xatırlatdı ki, hər böyüyün ürəyində mütləq körpə yaşayır - və onda mən
vaxtilə olduğum qızcığazın, sevgisini itirmək qorxusu ucbatından sevməkdən qorxan o balaca
şahzadə qızın səsini yenidən eşitdim.
Dörd gün ərzində mən ürəyimin səsini batırmağa çalışdım, ancaq o, daha bərk səslənirdi və Özgə
daha çox çarəsizləşirdi. Hardasa, ürəyimin ən məhrəm guşəsində əvvəlki qızcığaz hələ mövcud idi,
hələ inanırdı ki, arzular çin olur. Özgə ağzını da açmağa macal tapmadı – mən onun maşınına
oturdum, onunla Bilbaoya getməyə razılıq verdim, risk eləmək qərarına gəldim.
Və elə bu səbəbdən - mənim əvvəlki «mən»imin cüzi hissəsi hələ yaşayırdı – sevgi məni yenə
tapdı, dünyanın müxtəlif qütblərində uzun axtarışlardan sonra tapdı. Sevgi, Saraqosun səssiz
küçəsində Özgənin dərsliklərdən, sarsılmaz prinsiplərdən və qərəzli fikirlərdən quraşdırdığı
26

əngəlləri aşaraq yenidən mənimlə görüşdü.
Mən pəncərəni və ürəyimi açdım. Gün işığı otağı doldurdu, sevgi – mənim qəlbimi.
Bir neçə saat dalbadal biz gah qarda, gah yolda gəzdik, adını heç vaxt bilməyəcəyim balaca
şəhərcikdə qəhvə içdik. Orada, meydanda qəribə varlığın-yarıilan, yarıgöyərçin - heykəli ilə
bəzədilmiş fəvvarə vardı.
O, bu abidəni görəndə gülümsədi:
- Əlamətdir. Kişi və qadın başlanğıcı birləşdirilib.
- Mən əvvəllər heç vaxt sənin dünən dediklərin barədə fikirləşməmişdim, - mən etiraf elədim. –
Baxmayaraq ki, bu tamamilə məntiqəuyğundur.
- «Və Allah insanı özü kimi yaratdı, İlahi obraza uyğun yaratdı: kişi və qadını yaratdı», - o,
Müqəddəs Kitabdan bir ayəni səsləndirdi. – Çünki bu onun özü kimi və özünəbənzər idi - kişi və
qadın.
Mən görürdüm ki, onun gözləri bu gün başqa cür parıldayır. O, xoşbəxt idi və hər xırda şeyə görə
qəhqəhə çəkirdi. Arabir yolda rastımıza çıxan yolçularla - əyinlərində kül rəngli paltar, çölə
işləməyə gedən əkinçilərlə, növbəti zirvənin fəthinə hazırlaşan rəngbərəng kostyumlu alpinistlərlə
söhbətə girişirdi.
Mən fransızca çox pis danışmağımdan utanaraq dinmirdim, lakin mənim qəlbim onun sevincinə
sevinirdi.
O, elə xoşbəxt idi ki, onunla danışan hər kəs özündən asılı olmadan gülümsəyirdi. Yəqin, ürəyi
ona nə isə pıçıldamışdı və indi o bilirdi: mən onu sevirəm. Bununla belə o, yenə də özünü mənimlə
uşaqlıq dostu kimi aparırdı.
- Görürəm, sən xoşbəxtsən,- mən dedim.
- Hə, çünki həmişə bu dağlarda səninlə gəzməyi, günəşin qızıl suyuna çəkdiyi meyvələrdən
yığmağı arzulamışam.
«Günəşin qızıl suyuna çəkdiyi meyvələr». Bu şer misrasını kimsə lap çoxdan yazmışdı, o isə təkrar
etdi - lap vaxtında və lap yerində.
- Yəqin sənin xoşbəxt olmağının səbəbi təkcə bu deyil, - meydanında bu cür əcaib fəvvarəsi olan
şəhərciyi gəzərkən mən soruşdum.
- Hə? O nə səbəbdir elə?
- Sən bilirsən ki, mənə yaxşıdır. Axı, sən, mənim bu gün burda olduğum, dəftər-kitab dağına yox,
əsl dağlara dırmaşdığım üçün məsuliyyət daşıyırsan. Sən məni xoşbəxt elədin. Biz xoşbəxtliyi
başqaları ilə bölüşəndə xoşbəxtlik artır.
- Sən Özgəni qovmusan?
- Hardan bildin?
- Bildim, çünki sən özün də tamamilə dəyişmisən. Bir də – ona görə ki, hər birimizin həyatında elə
bir vaxt gəlib çatır ki, bu qovulma mütləq baş verməlidir.
Lakin Özgə bütün səhəri məni daban-dabana izləyirdi. Yaxınlaşmağa çalışırdı. Amma hər keçən
dəqiqə onun səsi daha da zəifləməyə başlayırdı, onun obrazı isə sanki əriyirmiş kimi öz dəqiq
cizgilərini itirirdi. Mənim yadıma vampirlər haqqındakı filmlərin finalında qəddar qaniçənin necə
külə çevrildiyi düşdü.
Biz növbəti xaçlı dirəyin yanından keçirik - burda da onun üzərinə İsanın yox, Məryəmin təsviri
həkk olunub.
- Nə barədə fikirləşirsən? – o soruşdu.
- Vampirlər barədə. Zülmət gecənin yaratdığı və özlərini möhkəmcə öz içlərinə həbs etmiş
varlıqlar barədə. Onlar var-güclərilə özlərinə yoldaş axtarırlar. Lakin sevməyə qadir deyillər. Məhz,
buna görə də belə bir inam mövcuddur ki, vampiri yalnız nizəni düz ürəyinə batırmaqla öldürmək
olar. Əgər bu zərbəni vurmaq mümkün olsa, onda oyanmış ürək şəri məhv edən sevgi enerjisini
27

azadlığa buraxır.
- Bu heç vaxt mənim ağlıma gəlməyib. Amma, məncə, sən haqlısan.
Mən nizəni düz ürəyə batıra bildim. Və o, cadudan azad olaraq bütün mövcudiyyətə açıldı. Onda,
Özgə üçün yer qalmadı.
Mən min dəfə onun əlini sıxmaq istədim və min dəfə özümü saxladım. Mən təşviş içində idim onu sevdiyimi demək istəyirdim, lakin bilmirdim ki, necə başlayım.
Biz dağlardan danışırdıq, çaylardan danışırdıq. Biz düz bir saatlıq meşədə azdıq, ancaq sonunda
lazımlı cığırı tapdıq. Biz ehtiyat üçün götürdüyümüz buterbrodları yedik və susuzluğumuzu ərimiş
qarla yatırdıq. Günəş qüruba tərəf meyllənməyə başlayanda Sent-Savenə qayıtmaq qərarına gəldik.
Bizim addımlarımız daş tağların altında aydın əks-səda verirdi. Mən qeyri-ixtiyari əlimi müqəddəs
su olan kasaya saldım və xaç çəkdim. Onun sözləri yadıma düşdü: su - İlahənin simvoludur.
- Ora gedək, - o dedi.
Biz qaranlıq, boş kilsənin içiylə irəliləyərək altında birinci minilliyin əvvəllərində yaşamış zahid,
müqəddəs Savenin sərdabəsi olan əsas mehraba yaxınlaşdıq. Onun yıxılmış divarları artıq bir neçə
dəfə təzədən yüksəldilib.
Bəli, elə yerlər var ki - müharibə, təqib, laqeydlik onların üzərindən keçir və onları məhv edir,
lakin onlar müqəddəs olaraq qalır. Bir vaxt kimsə bura gələcək, baxacaq, nəyinsə çatışmadığını
görəcək və bərpa edəcək.
Mən çarmıxa çəkilmiş İsanın obrazına baxdım və məndə qəribə, lakin çox aydın bir hiss yarandı,
sanki Onun başı mənim arxamca çevrildi.
- Bura.
Biz Müqəddəs Ananın mehrabı qarşısında dayanmışdıq.
- Obraza bax.
Mariya qucağındakı körpəsi ilə birlikdə. İsa göyləri göstərir.
Mən gördüyüm barədə dedim.
- Diqqətlə bax, - o təkidlə dedi.
Mən rənglənmiş və qızıl suyuna çəkilmiş taxta heykəlin bütün xırda detallarına diqqət yetirirəm və
ustanın Məryəmin paltarlarının qırışlarını necə kamilcəsinə yonduğuna valeh oluram. Yalnız indi
körpə İsanın səmaya dikəlmiş barmağını görürəm və dostumun nədən bəhs etdiyini başa düşürəm.
Baxmayaraq ki, İsa Məryəmin əllərində oturub, əslində İsa Onu saxlayır. Və adama elə gəlir ki,
sanki Körpənin səmaya qaldırdığı əli Onu göylərə qaldırır. Onu Nişanlısının olduğu yerə qaytarır.
- 600 il əvvəl bu heykəli yaratmış sənətkar nə istədiyini bilirdi.
Taxta döşəmədə kiminsə ayaq səsləri eşidildi. Kilsəyə daxil olmuş qadın əsas mehraba yanaşdı və
onun qarşısında şam yandırdı.
Biz onun səssiz duasına mane olmaqdan çəkindiyimiz üçün sakit və hərəkətsiz dayanmışdıq.
«Sevgi ehtiyatlılığı sevmir», - onun özünü unutmuş halda necə Məryəmin obrazını seyr etdiyinə
baxaraq düşündüm. Hələ bir az əvvəl kainat onun varlığı olmadan da anlamla dolu idi. İndi isə onun
yanımda dayanması mənə hava-su kimi lazımdır - əks halda bütün əşyaların gerçək parıltısı məndən
gizlənir.
Qadın gedəndən sonra o, yenə danışdı:
- Rəssam Müqəddəs Ananı, İlahəni, Allahın mərhəmətli simasını tanıyırdı. Sən mənə sual
vermişdin, amma sənə konkret bir cavab verə bilməmişəm. Sən bütün bunları hardan bildiyimi
soruşmuşdun, düzdür?
«Yox, elə deyil, mən soruşdum, sən də cavab verdin», - mən demək istədim, amma susdum.
- Mən bu rəssam kimi öyrənmişəm, - o davam etdi. - Mən səmanın yüksəkliklərindən enmiş
sevgini qəbul elədim. Məni yönləndirəndə mən müqavimət göstərmədim. Sən yəqin ki, monastıra
getmək istəyim barədə yazdığım məktubu xatırlayırsan. Mən hələ də sənə bu haqda danışmamışam,
28

lakin mənim arzum həyata keçdi.
Və həmin dəqiqə mühazirədən əvvəlki söhbəti yadıma saldım. Ürəyim təşvişə düşdü və mən
diqqətlə Məryəmin üzünə baxmağa başladım. O gülümsəyirdi.
«Bu ola bilməz, - mən fikirləşdim. – Hətta əgər o, monastıra gedibsə də, sonra oranı tərk edib.
Xahiş edirəm, de ki, seminariyadan çıxmısan».
- Mənim gəncliyim coşqun və dolğun kecib, - Bu arada o, mənim nə barədə fikirləşdiyimi tapmağa
cəhd etməyərək sözünə davam edirdi. – Mən başqa xalqları tanıdım, fərqli mənzərələr gördüm. Mən
Allahı işıqlı dünyanın hər yerində axtardım. Mən başqa qadınları sevdim. Mən çoxlu peşələr
öyrəndim.
Qısqanclıq yenidən məni sancdı. «Özgənin qayıtmasına imkan vermək olmaz», - mən gözlərimi
gülümsəyən Məryəmdən çəkməyərək özlüyümdə dedim.
- Yaşamın misteriyası məni ovsunlamışdı və mən onun mənasını daha dərindən dərk eləmək
istədim. Adamlar mənim sorğu-suallarımın cavabında deyirdilər ki, bunu filankəs bilir, o birini
peşmənkəs.
Mən Hindistanda və Misirdə oldum. Magiya və meditasiyanın biliciləri, əlkimyaçı və din xadimləri
ilə tanış oldum. Və nəhayət, tapmalı olduğumu tapdım: İnam hardadırsa, həqiqət də daim ordadır.
İnam hardadırsa, həqiqət də daim ordadır. Mən kilsəyə təzədən və başqa gözlə baxdım – zamanın
cilaladığı, dəfələrlə külə çevrilmiş və dəfələrlə bərpa edilmiş daş plitələr. İnsanları belə nəhəng
əmək sərfinə, inanılmaz inadkarlığa nə sövq etmişdi? Onları ucqarlarda, dağların başında bu kiçik
məbədi təzədən tikmək üçün var–qüvvələri ilə çalışmağa nə məcbur etmişdi?
Nə? - İnam.
- Buddistlərin öz həqiqətləri olub, krişnaitlərin öz həqiqətləri, indusların, müsəlmanların,
yəhudilərin öz. Əgər insan səmimi inam sahibidirsə, o, Tanrıyla vəhdətdə olmağı bacaracaq və
möcüzə yaratmağa qadir olacaq. Ancaq bunu bilmək kifayət deyildi - seçim etmək üçün qətiyyət də
lazım idi.
Mən katolikliyi seçdim, çünki bu etiqadda tərbiyə almışdım, uşaqlıq illərimə onun möcüzələri
hopdurulub. Əgər mən yəhudi doğulmuş olsaydım, iudaizmi seçərdim. Allah təkdir - baxmayaraq ki,
onun minlərlə adı var, lakin onu hansı adla çağırmaq seçimi, məhz, sənə aiddir. Yenidən addım
səsləri eşidildi.
Naməlum bir adam yaxınlaşdı, bizi nəzərdən keçirdi, sonra baş mehrabın yanına getdi və iki
şamdan götürdü. Yəqin, o kilsə gözətçisi, ya da keşiş idi.
Mən bizi sovməəyə buraxmaq istəməyən qocanı xatırladım. Amma bu şəxs heç bir söz demədi. O
çıxandan sonra dostum mənə dedi:
- Mənim bu axşam görüşüm var.
- Xahiş edirəm, söhbəti dəyişmə. Gerisini danış.
- Mən bu yaxınlıqdakı seminariyaya daxil oldum. Dörd il mümkün olan hər şeyi öyrəndim. Həmin
vaxt mən İllüminatlarla, xarizmatiklərlə, çoxdan qapadılmış qapını açmağa çalışan cərəyanların
davamçıları ilə tanış odum. Mən anladım ki, Allah – uşaqlıqda varlığıyla bizi qorxutduqları cəllad
deyil. Xristianlığın ilkin, həç nə ilə ləkələnməmiş, qüsursuz mahiyyətinə qayıtmaq cəhdi yarandı.
- Onların İsa və Kilsənin eyni şey olmadığını başa düşmələrinin üzərindən cəmi iki min il keçəndən
sonra? - mən təmkinli ironiya ilə soruşdum.
- İstədiyin qədər zarafat edə bilərsən, amma söhbət, məhz, bundan gedir. Mən bizim monastıra
rəhbərlik eldən rahiblərdən birinin yanında öyrənməyə başladım. Və o, mənə təlqin elədi ki, vəyh
alovunu, Müqəddəs Ruhu mütləq qəbul eləmək lazımdır.
Onun sözlərindən mənim ürəyim sıxıldı. Məryəm isə bayaqkı kimi gülümsəyir, körpə İsa şən - şən
mənə baxırdı.
Nə vaxtsa mən də bütün bunlara inanırdım, lakin zaman keçdi və yaşadığım illər ərzində meydana
çıxan, sağlam və məntiqli düşüncə sahibi olduğuma, torpağın üstündə möhkəm dayandığıma inam
hissi məni dindən uzaqlaşdırdı. Əgər neçə illər məni müşayət etmiş, əvvəlki uşaq inamı - mələklər
29

və möcüzələrə inam - yenidən dirilsəydi, nə yaxşı olardı! Lakin təkcə istəklə onu qaytarmaq qeyri mümkündür.
- Ustadım mənə dedi: «Əgər bildiyinə inansan, əvvəl - axır biləcəksən», o davam etdi. - Mən
hücrəmin tənhalığında öz - özümlə danışmağa başladım. Mən Müqəddəs Ruhun mənə əyan olması
və bilməli olduğum hər şeyi öyrətməsi üçün dua edirdim. Və tezliklə başa düşdüm ki, mənim
səsimlə birgə sözləri mənim əvəzimə deyən, başqa bir, müdrik səs də eşidilir.
- Mən də belə vəziyyətdə olmuşam, - mən onun sözünü kəsdim.
O susaraq gözlədi, amma mən başqa heç nə deyə bilmədim.
- Danış, mən qulaq asıram.
Ancaq sözlər gəlmirdi. O, elə gözəl şeylər haqqında danışırdı ki, mən o qədər ifadəli sözlər tapa
bilməzdim.
- Özgə hər an qayıtmağa çalışır, - o, sanki mənim düşüncələrimi oxuyaraq dedi. - Özgə istəmədən
axmaq bir söz deməkdən qorxur.
- Hə, - mən var gücümlə qorxuya yenilməməyə çalışaraq cavab verdim. - hərdən elə olur ki, mən
kiminləsə qızğın şəkildə danışıram və birdən, hansısa bir anda əvvəllər heç vaxt ağlıma gəlməyən
şeylər haqqında danışmağa başlayıram. Mənə elə gəlir ki, sanki mən sadəcə həmişə məndən çox-çox
ağıllı, həyatdan yaxşı başı çıxan birinin sözlərini çatdırıram. Ancaq bu nadir hallarda baş verir.
Adətən, mən susmağa və dinləməyə üstünlük verirəm. Və təzə nə isə öyrənəcəyimə inanıram,
baxmayaraq ki, axırda hər şeyi unuduram.
- İnsan üçün onun özü qədər dərkolunmaz heç nə yoxdur. Əgər bizim buğda dəni boyda inamımız
olsa, bu dağı yerindən tərpədə bilərik. Bax, mən bunu yaxşı yadımda saxlamışam. Və bu gün mən öz
sözlərimi hörmətlə dinləyə-dinləyə təəccüblənirəm. Apostollar savadsız, cahil balıqçılar idilər.
Lakin onlar göylərdən enən Alovu qəbul edirdilər. Onlar öz cahilliklərindən utanmırdılar–Onların
Müqəddəs Ruha İnamı vardı. Bu vergi yalnız onu qəbul etmək istəyənlərə məxsusdur. Yetər ki,
inanasan, qəbul edəsən, səhv buraxmaqdan qorxmayasan.
Məryəm təbəssümlə qarşımda dayanmışdı. Dünyada hamıdan çox onun ağlamaq üçün səbəbləri
vardı - amma o gülümsəyirdi.
- Davam elə, - mən dedim.
- Mən artıq hər şeyi dedim. Vergini qəbul etmək lazımdır. Və onda o özünü göstərəcək, öz
ifadəsini tapacaq.
- Bu şey belə işləmir.
- Bəyəm, sən məni başa düşmürsən?
- Düşürəm. Ancaq mən bütün insanlar kimiyəm – mən qorxuram. Haqqında danışdığından sən,
sənin qonşun istifadə edə bilər, mən yox.
- Sən anlayanda ki, biz hamımız qarşımızdakı, bizə baxan bu körpəyə bənzəyirik, hər şey
dəyişəcək.
- Amma o vaxta qədər biz işığa çox yaxınlaşdığımızı anlayacağıq və öz alovumuzu yandıra
bilməyəcəyik.
O cavab vermədi.
- Sən seminariya barədəki fikrini tamamlamadın, - bir azdan mən onun yadına saldım.
- Mən seminariyadan çıxmayacağam.
Və mən nə isə deməyə macal tapmamış ayağa qalxdı və mehraba tərəf yönəldi.
Mən tərpənmədim. Başım fırlanırdı, nə baş verdiyini başa düşmürdüm. «Seminariyadan
çıxmayacağam»!
Ən yaxşısı fikirləşməməkdir. Bənd parçalanıb, sevgi qəlbi batırıb və axının qarşısını almaq mənim
iradəmdə deyil. Bir çıxış yolu da var - Özgəni köməyə çağırmaq, ruhi zəifliyin sərt, cəsarətsizliyin –
soyuq qadına çevirdiyi məni. Lakin mən daha bunu istəmirdim. Mən daha həyata onun gözləri ilə
30

baxa bilmirdim.
Fikir selini qəfil səslənən səs qırdı - şiddətli və uzun, sanki yanımda kimsə nəhəng fleytada not
götürdü. Mənim ürəyim əsdi.
Birinci səsin ardınca ikincisi eşidildi. Sonra daha biri. Mən geri baxdım: taxta pilləkən kilsənin
soyuq gözəlliyi və harmoniyası ilə kəskin kontrast yaradan başdansovdu tikilmiş meydançaya
qalxırdı. Meydançada mən qədimi orqan gördüm.
Və – onu. Yarıqaranlıqda mən onun sifətini seçə bilmirdim, ancaq bilirdim - o ordadır.
Mən yerimdən qalxdım, amma o dəqiqə onun həyəcanlı səsi eşidildi:
- Pilar! Yerindən tərpənmə!
Və mən itaət elədim.
- Qoy, Müqəddəs Ana məni ilhamlandırsın, - o davam elədi. - Qoy, musiqi bu gün mənim duam
olsun.
Və «Ave Mariya»nı çalmağa başladı. Saat altıya yaxın olardı, «Anqelus»un vaxtı, işıq və
qaranlığın qarışdığı vaxt yaxınlaşırdı.
Orqanın səsi sanki divarların qədim daşlarına hoparaq,
müqəddəslərin statuyalarını bürümüş əfsanələrin ruhu və duaların qızğınlığı ilə qarışaraq boş
kilsəyə yayılırdı. Musiqi qəlbimin lap dərinliklərinə keçsin deyə, ordakı bütün qorxuları, günah
hissini silsin deyə, məni düşündüyümdən daha yaxşı, daha güclü olduğuma inandırsın deyə,
gözlərimi yumdum.
Mən dəhşətli dərəcədə dua eləmək istədim, din yolundan döndüyüm vaxtdan bu yana mənimlə ilk
dəfə idi ki, belə bir şey baş verirdi. Mən əvvəlki kimi skamyada oturmuşdum, lakin ruhum
Müqəddəs Ananın qarşısında diz çökmüşdü, «Hə» deyən qadının ayaqlarına düşmüşdü.
Hərçənd, o «yox» da deyə bilərdi və onda mələk başqasını axtarıb tapardı və onun rədd cavabı
Allahın gözündə günah olmazdı, Allah Öz övladlarının nəyə qadir olduqlarını yaxşı bilir. Ancaq o
dedi «sənin İradənə tabeyəm» Hərçənd dərk edirdi ki, seçdiyi taledə mələyin sözləri ilə birlikdə əzab
– əziyyətdə qazanır; hərçənd qəlbinin gözü ilə sevgili oğlunun ata evini necə tərk elədiyini,
insanların onun ardınca necə getdiyini və sonra onu dandığını artıq görə bilirdi, ancaq o dedi «sənin
İradənə tabeyəm» hərçənd hər bir qadının həyatındakı ən ali, ən müqəddəs anı o, pəyədə yaşamalı və
malların əhatəsində doğmalı oldu, zira Müqəddəs Kitabda belə yazılmışdı, «sənin İradənə tabeyəm»
hərçənd o, təlaş içində oğlunu küçədə axtarırkən onu məbəddə tapdı. Və oğlu, ondan mane
olmamasını istədi, çünki o, başqa öhdəlikləri yerinə yetirməli, başqa vəzifəni həyata keçirməli idi,
«sənin İradənə tabeyəm» hərçənd bilirdi ki, ömrünün sonuna qədər oğlunu axtaracaq, əzab sancısı
həmişəlik onun ürəyində qalacaq və hər dəqiqə onun həyatı üçün əsəcək, zira o həyat- təhlükə
altındadır, oğlusa qovulur və təqib edilir, «sənin İradənə tabeyəm» hərçənd camaatın içində oğlu ilə
rastlaşanda ona yaxınlaşa bilməyəcək, «sənin İradənə tabeyəm» hərçənd o, kiminləsə oğluna xəbər
göndərəndə ki - burdadır, oğlu əli ilə öz şagirdlərinə göstərərək, ona çatdırılmasını əmr etdi: «budur
mənim anam və mənim qardaşlarım», «sənin İradənə tabeyəm» hərçənd hər şey sona çatanda və
hamı yaxasını kənara çəkəndə, çarmıxın altında, düşmənlərin rişxəndinə və dostların qorxaqlığına
dözərək təkcə o, daha bir qadın və bir şagird qaldı, «sənin İradənə tabeyəm» İlahi, sənin İradənə
tabeyəm. Zira övladlarının ruhən nə qədər zəif olduğu yalnız sənə əyandır və hər birinin üzərinə
onun daşımağa gücü çatacaq ağırlığı qoyursan. Zira Sən mənim sevgimi anlayırsan, çünki bu yeganə şeydir ki, həqiqətən mənə məxsusdur, yeganə şeydir ki, mən özümlə başqa dünyaya götürə
bilərəm. İlahi, elə elə ki, o, öz cəsarətini və təmizliyini qorusun, dünyanın ona qurduğu bütün
tələləri və qurğuları keçə, yaşaya bilsin, dünyanın uçurumuna və dibsizliyinə düşməsin. Orqanın səsi
kəsildi və günəş də dağların arxasında gizləndi - bu eyni anda baş verdi, sanki Eyni bir Əlin
hərəkətinə boyun əydi. Musiqi, doğrudan da, onun duasına çevrildi və onun duası eşidildi. Mən
gözlərimi açdım - kilsə qaranlığa qərq olmuşdu və Məryəmin obrazı önündə bircə dənə şam yanırdı.
Və budur, mən onun yaxınlaşan addımlarını eşitdim. Tənha şamın işığı mənim göz yaşlarımı və
mənim təbəssümümü işıqlandırdı – o, Məryəmin təbəssümü qədər gözəl olmasa da, qəlbimin
31

yaşadığını sübut edirdi.
O mənə baxdı, mən ona. Mənim əlim axtarmağa başladı və onun əlini tapdı. Mən onun ürəyinin
indi daha bərk döyündüyünü hiss etdim, az qala zərbələrin səsini eşidirdim, axı biz sakit və səssizcə
dayanmışdıq.
Ancaq mənim ruhum rahat, ürəyimsə sakit idi.
Mən onun əlini sıxdım, o məni qucaqladı. Deyə bilmərəm, heykəlin yanında nə qədər qaldıq,
bunun nə qədər çəkdiyini bilmirəm – zaman donmuşdu.
Məryəm bizə baxırdı. Öz taleyinə «hə» demiş gənc kəndli qız. Bətnində Allahın oğlunu, qəlbində
İlahəyə sevgini daşımağa razılıq vermiş Qadın. O, bizi anlamağa qadirdir.
Mən ondan heç bir şey haqqında soruşmaq istəmirdim. Kilsədə keçirdiyimiz anlar tamamilə kifayət
etdi ki, bizim səyahətimiz anlam qazansın. Onunla keçirdiyimiz dörd gün tamamilə kifayət etdi ki,
diqqətəlayiq heç nəyi ilə yadda qalmayan bu il əhəmiyyətli və vacib olsun.
Və buna görə də mən ondan heç bir şey haqqında soruşmadım. Biz ələ - ələ tutaraq kilsədən çıxdıq
və otağımıza qayıtdıq. Başımda hər şey bir - birinə qarışmışdı - seminariya, Müqəddəs Ana, onun
kiminləsə axşama nəzərdə tutulmuş görüşü.
Və onda mən dərk elədim: o da, mən də ruhlarımızı eyni taleyə tapşırmaq istəyirik, ancaq Fransada
seminariya, Saraqosda isə universitet var. Mənim ürəyim sıxıldı. Mən orta əsrdən qalma evciklərə,
dünən gecə yanında oturduğumuz quyuya nəzər saldım. Yadıma Özgə qadının - bu yaxınlara qədər
mən olanın - kədəri düşdü.
«İlahi, Sən özün görürsən - mən əvvəlki inamımı diriltməyə çalışıram. Bir haldaki mənim başıma
belə iş gəlib, məni tərk eləmə, tək qoyma», - mən qorxunu qovaraq yalvardım.
O çox yatmadı, mən də pəncərədəki qara uçuruma baxaraq oyandım. Sonra biz yenə də yuxuya
getdik, oyandıq, bizim azdanışan ev sahiblərimizlə şam elədik və o, onlardan evin açarını istədi.
- Bu gün biz gec qayıdacağıq, - o, sahibəyə dedi.
- Gənclərə əylənmək lazımdır, - qadın razılıqla başını tərpətdi. – Və bayramı mümkün qədər yaxşı
keçirmək.
- Mən bir şey barədə soruşmalıyam, - biz maşına oturanda mən dedim. – İstəmirdim, amma özümlə
bacarmıram.
- Seminariya barədə?
- Hə, mən başa düşmürəm, - cavab verdim, özümsə fikirləşdim: «Hərçənd artıq bunun heç bir
əhəmiyyəti yoxdur».
- Mən həmişə səni sevmişəm, - o danışmağa başladı. – Mənim başqa qadınlarım olub, ancaq təkcə
səni sevmişəm. Mən medalyonu həmişə özümlə gəzdirmişəm, nə vaxtsa onu sənə qaytaracağım,
cəsarətimi toplayaraq «Mən səni sevirəm» deyəcəyim ümidilə. Dünyada hansı yolla gedirəm-gedim,
o, məni mütləq sənin yanına gətirirdi. Mən sənə yazırdım və üzərində sənin imzan olan hər zərfi
qorxa-qorxa açırdım - axı, cavab məktublarından istəniləni mənə sənin başqası ilə görüşdüyün
xəbərini gətirə bilərdi. Məhz, onda mən mənəvi çağırışı eşitdim. Daha doğrusu, mən bu çağrıya
cavab verdim, çünki o məndə - elə sən də - uşaqlıqdan mövcud idi. Mən anladım ki, Tanrı mənim
yaşamımda həddindən artıq vacib yer tutur və əgər arzumun ardınca yollanmasam, heç vaxt xoşbəxt
ola bilməyəcəyəm. Mən İsanın simasını dünyada qarşıma çıxan hər kasıbın üzündə görürdüm və
mən Onu görməzdən gələ bilməzdim.
O susdu, mənsə onu tələsdirməmək qərarına gəldim.
İyirmi dəqiqədən sonra o, maşını saxladı və biz düşdük.
- Biz Lurddayıq, - o dedi. – Buraları yayda görəsən.
İndi isə mən adamsız küçələr, bağlı mağazalar, mehmanxanaların girişində polad şəbəkələr
görürdüm.
- Yayda burda altı milyon turist olur, - o şövqlə davam etdi.
32

- Bilmirəm yayda necədi, amma hal-hazırda o xəyalət-şəhəri xatırladır.
Biz körpünü keçdik. Əzəmətli dəmir darvazanın bir tayı – kənarlarında mələk fiqurları olan - açıq
idi. Və biz içəri girdik.
- Sonra nə baş verdiyini danış, - mən xahiş elədim, baxmayaraq ki, bir az əvvəl təkid etməməyə
qərar vermişdim. – İsanın simasının adamların üzündə necə tanınmasından danış.
Elə o dəqiqədə başa düşdüm – o söhbətini davam etdirmək istəmir. Ola bilsin ki, indi vaxtı deyil
və bura da yeri deyil. Ancaq bir halda ki başlayıb, sona çatdırmalıdır.
Biz hər iki tərəfində qarlı düzənliklər sərilmiş geniş prospektlə irəlilədik. Uzaqda məbədin silueti
görünürdü.
- Danış, - mən təkrar elədim.
- Sən artıq hər şeyi bilirsən. Mən seminariyaya daxil oldum. Hələ birinci il Allahdan sənə olan
sevgimi bəşəri sevgiyə çevirmək üçün kömək etməsini istədim. İkinci kursda başa düşdüm ki,
mənim dualarım eşidilib. Üçüncü il - nə qədər qəribsəsəm də, qəti əminlik yarandı ki, sevgim yavaşyavaş mərhəmətə, duaya, ehtiyac duyanlar üçün yardıma çevrilir.
- Bəs niyə sən yenidən məni axtardın? Niyə məndə bu odu yenidən alovlandırdın? Niyə Özgənin
qovulması haqqında danışdın, yaşamımın nə qədər miskin və mənasız olduğuna gözlərimi açdın?
Mənim səsim titrəyirdi, sözlər dolaşırdı. Keçən hər dəqiqə o, seminariyaya daha yaxın və məndən
daha uzaq olurdu.
- Niyə qayıtdın? Niyə bu əhvalatı mənə yalnız bu gün danışdın - axı, sən görürdün ki, mən səni
sevməyə başlayıram?!
- İndi deyəcəyim sənə axmaqlıq kimi görünəcək, - o, azca yubanaraq cavab verdi.
- Görünməyəcək! Mən daha gülməli olmaqdan qorxmuram. Və bunu mənə sən öyrətdin.
- İki ay əvvəl mənim ruhi müəllimim onunla birlikdə bir qadının yanına getməmi xahiş elədi - o,
ölürdü və bütün əmlakını bizim seminariyaya vəsiyyət eləməyə hazırlaşırdı. Qadın Sent-Savendə
yaşayırdı.
Məbəd artıq lap yaxında idi. Mən təhtəlşüurda hiss etdim: Ona çatan kimi söhbət kəsiləcək.
- Dayanma, - mən xahiş etdim. – Mənim izahata haqqım var.
- Onun evinə girdiyim dəqiqə mənim yadımdadır. Pəncərələr Pireneylərə açılırdı və qarın
parıltısından daha da gözqamaşdırıcı görünən günəş hər tərəfi doldurmuşdu. Mən əşyaları siyahıya
almağa başladım, amma tezliklə dayanmağa məcbur oldum. İş ondaydı ki, mərhumənin zövqü
tamamilə mənim zövqümə uyğun idi – o, mənim aldığım diskləri alırdı, pəncərənin arxasındakı bu
mənzərəni seyr edə-edə mənim də qulaq asacağım musiqiyə qulaq asırdı. Rəflərdə xeyli kitab vardı
– onlardan bəzilərini mən oxumuşdum, digərlərini isə məmnuniyyətlə oxuyardım. Mebel də, şəkillər
də, otaqlara səpələnmiş cürbəcür xırda əşyalar da - hər şey elə idi ki, sanki onları mən özüm
seçmişdim. Və həmin gündən mən o evi unuda bilmirəm. Hər dəfə dua eləmək üçün sovməəyə
girəndə yadıma düşürdü ki, mənim dünyadan imtinam bütöv deyil. Mən belə bir evdə səninlə necə
yaşadığımı, həmin musiqini dinlədiyimi, dağların qarlı zirvələrinə, buxarıdakı alova baxdığımı
təsəvvür edirdim. Mən bizim uşaqların otaqlarda necə o yan - bu yana qaçdıqlarını, Sent-Saveni
dövrəyə almış çöllərdə necə oynadıqlarını təssəvvür edirdim.
Mənsə, baxmayaraq ki, heç vaxt o evdə olmamışdım, onun necə göründüyünü dəqiq bilirdim. Və
mən istərdim ki, o, daha heç bir söz deməsin, onda mən xəyal qura bilərdim.
Ancaq o davam edirdi:
- İki həftə əvvəl mən ruhi yorğunluğumun öhdəsindən gələ bilmədim. Öz müəllimimi tapdım, ona
baş verən hər şeyi danışdım. Səni sevdiyimi və evi siyahıya alarkən hansı hissləri keçirdiyimi etiraf
elədim.
Pəncərənin arxasında xırda yağış yağmağa başladı. Mən başımı aşağı saldım, bərk-bərk jaketə
büründüm. Mən sonra nələr baş verdiyini öyrənməyə qorxurdum.
- O isə mənə dedi: «Allaha xidmət eləməyin yolları müxtəlif və rəngarəngdir. Əgər sən düşünürsən
33

ki, bu sənin taleyindir, get, axtar onu. Yalnız xoşbəxt olan kəs xoşbəxtlik yaymağa qadirdir».
«Bunun mənim taleyim olub-olmadığını bilmirəm, - mən ona dedim. – Bu monastıra qapanmaq
qərarını verəndə mən ruhi rahatlıq tapdım». «Onda dünyaya get, bütün şübhələrindən azad ol,- o
cavab verdi. – dünyada qal, ya da seminariyaya qayıt. Ancaq özün üçün seçəcəyin həmin yerdə sən
özünlə tam vəhdətdə olmalısan. Bölünmüş çarlıq kiçik təzyiqdən dağılacaq. Bölünmüş insan həyatın
üzünə ləyaqət və cəsarətlə baxa bilməz».
O cibində nə isə çıxartdı və mənə uzatdı. Bu açar idi.
- Mənim müəllimim o qadının evinin açarını mənə verdi və dedi ki, əşyaları satmaqda tələsməyim.
Mən bilirəm – o, mənim ora səninlə qayıtmamı istəyirdi. Madriddəki mühazirəni o, mənim üçün
təşkil eləmişdi, bizim yenidən görüşməmiz üçün.
Mən onun əlindəki açara baxdım və səssizcə gülümsədim. Ancaq sinəmdə sanki zənglər çalınırdı,
başımın üstündə göylər açılmışdı. O, Allaha xidmət edəcək, lakin özünəməxsus şəkildə - mənim
yanımda. Çünki mən bunun uğrunda mübarizə aparacam.
- Götür, - o dedi.
Mən əlimi uzatdım, açarı barmaqlarımın arasında sıxdım, cibimdə gizlətdim.
Məbədin baziliki artıq qarşımızda idi. Mən söz deməyə macal tapmamış kimsə onu gördü və ona
tərəf qaçdı. Narın çisək yağmaqda davam edirdi və mən burda nə qədər qalacağımızı bilmədiyimdən
bir dəqiqə belə unutmurdum - mənə islanmaq olmaz, dəyişək yoxdur.
Mən ancaq bu barədə fikirləşməyə çalışdım və yer və göy arasında asılı olan və taleyin əlinin nə
zaman ona toxunacağını gözləyən ev haqqındakı fikirləri qovdum.
O, məni səslədi və mən yaxınlaşanda bir neçə nəfərə təqdim elədi. Kimsə haradan gəldiyimizlə
maraqlandı və o Sent-Savenin adını çəkəndə dedi ki, orada müqəddəs zahid dəfn olunub. Rəvayətə
görə, məhz, o, birinci dəfə meydanın ortasında quyu tapıb və başlanğıcda şəhərcik əvvəlki kimi
yaşamaq istəməyən, dağlarda Allah axtaran möminlər üçün sığınacaq qismində nəzərdə tutulub.
- Onlar indi də ordadırlar,- mən daha kiminsə səsini eşitdim.
Mən bu əhvalatın nə qədər gerçək olduğunu bilmirdim və «onların» kimliyi barədə heç bir
təsəvvürüm yox idi.
Təzə adamlar da gəldilər və hamı mağaranın girişinə tərəf istiqamətləndi. Digərlərindən böyük
görünən bir nəfər mənimlə fransızca danışdı, lakin mənim, demək olar ki, heç nə anlamadığımı
görəndə sınıq ispan dilinə keçdi:
- Siz bura qeyri-adi bir adamla gəlmisiniz. Möcüzə yaradan bir adamla.
***
Mən heç nə demədim, ancaq yadıma Bilbaodakı axşam və ona sarı atılan ümidsiz kişi düşdü. Onda
hara getdiyini o, mənə demədi, mənəsə bu maraqlı idi. İndisə mənim fikirlərim evdə cəmlənib - mən
onun necə olacağını dəqiq bilirdim: orada hansı kitablar və disklər olacaq, pəncərədən hansı
mənzərə görünəcək.
Dünyada elə bir yer var ki, orada bizim əsl evimiz dayanıb, günlərin bir günü biz ora gələcəyik.
Mənim sakitcə onun qayıtmasını gözləyəcəyim ev. Balaca qız və oğlanın dərsdən sonra qaça-qaça
gələrək yaşam sevinci liə dolduracağı ev.
Adamlar Zühürün baş verdiyi yerə çatana qədər yağışın altında bükülərək səssizcə getdilər. Hər şey
düz mənim təsəvvürümdəki kimi idi – mağara, Müqəddəs Ananın heykəli və bir vaxtlar möcüzənin
baş verdiyi yerdə, şüşənin altında çeşmə. Ziyarətçilərin bəziləri dua edirdi, digərləri sadəcə gözlərin
yumaraq sakitcə oturmuşdu. Mağaranın qabağından çay axırdı və onun səsi mənə sakitləşdirici təsir
etdi. Müqəddəs Məryəmin obrazını görəndə mən qısa bir dua pıçıldadım - Müqəddəs Anadan mənə
kömək eləməsini istədim, zira mənim ürəyimə daha əzab gərək deyil.
«Əgər qismətimdə, əzab çəkmək varsa, qoy o, tez gəlsin, - mən deyirdim. – Çünki mənim qarşımda
34

bütöv bir həyat var və ondan mümkün olduqca yaxşı istifadə eləmək lazımdır. Əgər o seçim
etməlidirsə, qoy tez eləsin. Onda mən onu gözləyəcəyəm. Ya da unudacağam. Gözləmək işgəncədir. Unutmaq - ağırdır. Ancaq əzablardan ən dəhşətlisi – hansı qərarı verəcəyini
bilməməkdir».
Qəlbimlə hiss elədim ki, mənim dualarım eşidildi.

***
Bazilikanın üzərindəki saat gecəyarısını göstərəndə bizim ətrafımıza artıq yetərincə çox adam
toplaşmışdı - yüzdən az olmazdı. Onların arasında keşişlər, rahiblər vardı və hamı gözlərini
obrazdan çəkmədən yağışın altında hərəkətsiz dayanmışdı.
- Eşq olsun sənə, Qüsursuz Hamilə qalmış Müqəddəs Məryəm! – mənim yanımda kimsə dilləndi və
elə həmin an saatın sonuncu zərbəsi səsləndi.
- Eşq olsun! – hamı xorla cavab verdi və əl çaldı.
Dərhal bizə gözətçi yaxınlaşdı və sakitliyi qorumamızı xahiş etdi – biz başqa zəvvarlara mane
oluruq.
- Axı, biz uzaqdan gəlmişik, - bizim qrupdan kimsə dedi.
- Onlar da, - gözətçi yağışın altında dayanmış adamları göstərərək cavab verdi. – Buna baxmayaraq
səssiz dua edirlər.
Mən gözətçinin ziyarətgaha bir daha girməməsini elə çox istərdim ki.. Mən buradan çox uzaqda,
onunla təklikdə olmaq, əlindən tutmaq, nələr hiss etdiyimi demək istəyirdim. Biz planlar qurardıq,
ev haqqında və məhəbbət haqqında danışardıq. Mən onu sakitləşdirərdim, mən mehriban və
nəvazişli olardım, mən deyərdim ki, onun arzusunun həyata keçməsinə az qalıb - çünki mən onun
yanındayam və ona kömək edəcəyəm.
Gözətçi tezliklə uzaqlaşdı, keşişlərdən biri isə astadan təsbehlə dua eləməyə başladı. O, duanın
«iman gətirirəm» adlı son hissəsinə çatanda hamı gözlərini qapayaraq hərəkətsiz dayanmışdı.
- Bu adamlar, kimdi onlar? – mən soruşdum.
- Xarizmatiklər, - o cavab verdi.
Mən bu sözü artıq eşitmişdim, amma mənasını izah edə bilməzdim. O bunu daşa düşdü.
- Bu adamlar Müqəddəs Ruhun alovunu qəbul edirlər. İsanın qoyduğu alovu, o alovu ki, yalnız
bəzilərinə onun odundan öz şamını yandırmaq qismət olur. Bu adamlar xristianlığın ilkin həqiqətinə
- hamının möcüzə yaratmağa qadir olduğu ideyasına yaxındırlar. Bu adamlar Gün İşığına Bürünmüş
Qadına bəllidirlər, - o, gözləri ilə Məryəmin heykəlini göstərərək dedi.
Adamlar sanki yalnız onların eşitdiyi bir əmrə tabe olaraq yavaş səslə oxumağa başladılar.
- Sən əsirsən. Donmusan? Sən bunda iştirak etməyə bilərsən.
- Bəs sən?
- Mən qalacağam. Bu – mənim yaşamımdır.
- Onda mən də qalıram, - mən cavab verdim, baxmayaraq ki, buradan çoz uzaqda olmağı üstün
tutardım. – Əgər bu sənin dünyandırsa, mən onun bir hissəsi olmaq istəyirəm və bunu öyrənəcəyəm.
Adamlar oxumaqda davam edirdilər. Mən gözlərimi yumdum, anlamadığım fransız sözlərini
mənasız səs yığını kimi tələffüz edərək melodiyanı izləməyə çalışdım. Vaxt belə tez ötürdü.
Bütün bunlar tezliklə qurtaracaq. Və biz Sent-Savenə qayıda biləcəyik. Yalnız ikimiz - o və mən.
Mən fikirləşmədən, avtomatik oxumaqda davam edirdim və tezliklə başa düşdüm ki, musiqi məni
ovsunlayır, sanki o öz həyatını yaşayır və mənə hipnoz kimi təsir edir. Yüngül titrətmə keçdi, mən
artıq yağışa əhəmiyyət vermirdim, dəyişəyim olmadığını yadıma salmırdım. Musiqi məni oxşayırdı,
əhvalımı yüksəldirdi, Allahın yaxın olduğu və mənə kömək elədiyi zamanlara aparırdı.
Mənim tamamilə musiqiyə qarışdığım anda o kəsildi.
Mən gözlərimi açdım. Bu dəfə gözətçi yox, keşiş işə qarışdı. O, dua edənlərin sırasındakı həmkarına
35

yanaşdı və ona astadan nə isə deyərək getdi.
İkinci keşiş bizə tərəf çevrildi:
- Biz dualarımızı çayın o biri sahilində etməli olacağıq.
Və budur, biz səssizcə göstərilən yerə yönəlirik. Mağara ilə üzbəüz dayanan körpüyə qalxırıq, çayın
qarşı sahilinə keçirik. Bura gözəldir - ağaclar, düzənlik və indi bizimlə mağara arasında uzanmış
çay. Buradan Müqəddəs Məryəmin işıqlandırılmış heykəli aydın görünür və biz başqa zəvvarlara
mane olmaqdan çəkinmədən yüksək səslə oxuya bilərik.
Belə bir hiss təkcə məndə yaranmayıb – o sanki hamıya sirayət edir: adamlar başlarını səmaya
qaldıraraq və gülümsəyərək bərkdən oxumağa başlayırlar, yağış damlaları isə bu arada onların
üzüylə axır. Kimsə əllərini göyə açır, bir andan sonra hamı onun etdiyini təkrarlayır və musiqinin
ritminə uyğun yırğalanır.
Məndə daxili mübarizə gedir – mən həm bu vəhdətdə əriyirəm, həm də eyni zamanda ətrafımda
nələrin baş verdiyini diqqətlə izləmək istəyirəm. Yanımdakı keşişlərdən hansısa ispanca oxumağa
başlayır və mən də onun sözlərini təkrar edirəm. Bu yalvarışlar Müqəddəs Ruha və Məryəmə
ünvanlanmışdı - dua edənlərin üzərinə ensinlər, onlardan hər birini öz nemətləri ilə
mükafatlandırsınlar, öz qüdrətlərindən pay versinlər deyə.
- Qoy, bizə dil qabiliyyəti iltifat edilsin, - o biri keşiş dedi və sonra bu cümləni ispanca və italyanca
təkrarladı.
Sonra baş verənləri tam dərk eləmədim. Ətrafımda dayanan adamlardan hər biri mənə məlum
olmayan dildə danışmağa başladılar. Bu nitqdən daha çox əlaqəsiz səs-küy idi - sözlər sanki birbaş
qəlbdən gəlirdi, heç bir məntiqi ardıcıllıq olmadan. Mən dərhal bizim kilsədəki söhbətimizi - onun
vəyh haqqında və hər bir elmin hər şeydən əvvəl öz qəlbinin səsini dinləmək bacarığından ibarət
olması haqqında danışdıqlarını xatırladım.
«Ola bilsin ki, bu mələklərin dilidir», - mən, onları yamsılamağa çalışaraq və bunun mənasız
olduğunu hiss edərək fikirləşdim.
Sanki transdaymış kimi hamı çayın o biri sahilinə, Məryəmin heykəlinə baxırdı. Mən onu gözlərimlə
axtardım, gördüm ki, əllərini göyə qaldıraraq məndən aralanıb və o da surətlə hansısa sözlər deyir,
sanki Məryəmlə danışır. O, hərdən razılaşaraq gülümsəyirdi, hərdən də elə bil, anlamırdı.
«Budur onun dünyası», - mən düşündüm.
Bütün bunlar məni qorxutmağa başlayırdı. Yanımda tutmaq istədiyim kişi danışırdı ki, Allah həm də
qadın cinsinə aiddir, naməlum, ağlagəlməz dillərdə sözlər deyirdi, transa düşürdü və adama elə
gəlirdi ki, mələklərə yaxınlaşıb. Və mənim xəyalını qurduğum dağdakı ev reallıqdan itirdi, onun
geridə qoyduğu dünyanın bir hissəsinə çevrilirdi.
Madriddəki mühazirələrdən başlayaraq son bir neçə gün mənə bir yuxu, mənim yaşam məkanından
və zamanından kənar səyahət kimi görünürdü. Ancaq bu yuxuya dünyanın sonsuzluğu hissi, kitab
marağı, yeni macəraların ruhu hopmuşdu. Nə qədər mübarizə aparsam da, mənə məlum idi ki,
məhəbbət qadın ürəyini tez alovlandırır, odur ki, mənim küləyə əsmək, suya isə bəndi yıxmaq
icazəsi verməyim – sədəcə zaman məsələsidir. Prinsipcə, nə qədər buna qarşı olsam da, mən
əvvəllər sevmişəm və indi mən yaranmış situasiyanı necə həll etmək barədə fikirləşirdim.
Lakin burda nə isə elə bir şey vardı ki, mən dərk eləmək gücündə deyildim. Allah qanunları
dərslərində mənə bu katolik dinini öyrətmirdilər. Öz həyat yoldaşımı mən belə təssəvvür etmirdim,
belə görmürdüm.
«Həyat yoldaşı… nə qəribə söz birləşməsidi», - mən düşündüm və düşüncələrimə özüm də
heyrətləndim.
Çay və kaha mənim qəlbimdə qorxu və qısqanclıq doğurdu. Qorxu – çünki bu mənim üçün yeni idi,
yeniliksə həmişə qorxudur. Qısqanclıq – çünki mən tədricən başa düşürdüm: məhəbbət mənim
təsəvvür etdiyimdə böyükdür, məhəbbət elə sərhədləri keçir, elə yerlərdə gəzir ki, ora heç vaxt
mənim ayağım dəyməyib.
«Bağışla məni, Müqəddəs Məryəm, - mən dedim. – Bağışla ki, bu qədər cılız, yazıq, miskin olan
36

mən bu adamın təkcə məni sevməsini tələb eləyirəm». Bəs əgər onun əsl taleyi – dünyadan
çəkilmək, seminariyaya qapanmaq və mələklərlə dua etməkdirsə, necə olsun?
O öz arzusuna qarşı nə qədər müqavimət göstərə biləcək, onun evi, musiqini, qiraəti atması üçün nə
qədər vaxt keçəcək? Və hətta o, seminariyaya qayıtmasa belə, onu əsl arzusuna yaxın buraxmamaq
üçün mən hansı bədəli ödəməli olacağam?
Adama elə gəlirdi ki, ətrafda hamının bütün fikrini elədiklərinə cəmləşdirmişdi – hamı, məndən
savayı. Mən gözümü ondan çəkmirəm, o isə mələklərin dilində danışır.
Tənhalıq qorxu və qısqanclığı sıxışdırdı. Mələklər özlərinə həmsöhbət tapdılar, mənsə tək
dayanmışdım.
Bu qəribə dildə danışmağa məni nəyin vadar elədiyini bilmirəm. Ola bilsin, onunla dəhşətli dərəcədə
görüşmək, görüşmək və nələr hiss etdiyimi ona danışmaq zərurəti. Ola bilsin, qəlbimin mənimlə
söhbət etməsinə ehtiyacım vardı – ürəyim şübhələrlə dolu idi və mənə cavablar lazım idi.
Ancaq mən nə etmək lazım gəldiyini bilmirdim, - nə qədər gülünc göründüyüm düşüncəsi böyüyür
və möhkəmlənirdi. Lakin mənim yanımda, mənim ətrafımda adamlar dayanmışdılar – kişilər və
qadınlar, qocalar və cavanlar, dünyəvilər və ruhanilər, rahiblər və tələbələr. Onların yaxınlığı mənə
güc verdi və mən Müqəddəs Ruhdan mənə qorxunu yenməm üçün güc istədim.
«Cəhd elə, - mən özümə dedim. Anlamadığın sözləri deyə bilmək üçün ağzını açmaq və cəsarətini
toplamaq kifayətdir. Cəhd elə».
Və mən cəhd etmək qərarına gəldim. Lakin əvvəl nə vaxt başladığını başa düşmədiyim bu sonsuz –
uzun günü əvəz etmiş gecənin mənim üçün zühur gecəsi olmasını istədim.
Və Tanrı da, sanki mənim dualarımı eşitdi. Və sözlər asan səslənməyə başladı, tədricən onlar insan
dilinin cizgilərini itirdilər. Artıq utanc məni o qədər də incitmirdi, özümə inam artmışdı və dilim də
itaətkar və çevik oldu. Mən əvvəlki dediklərimdən heç nə başa düşmürdüm, ancaq bu qəribə sözlər
mənim qəlbimə aydın idi.
Mən cəsarətimi topladığım və mənasız sözləri dediyim üçün sevinc dalğası hiss elədim. Mən azad
idim, əməllərimə izahat verməyə və ya axtarmağa artıq ehtiyacım yox idi. Yeni əldə etdiyim bu
azadlıq məni göylərə qaldırırdı – elə bir yerə ki, orda yanında özünü heç zaman atılmış hiss
etməyəcəyin, hər şeyi bağışlayan Böyük Məhəbbət mənə qucağını açacaq.
«Mənə elə gəlir ki, mən təzədən inanıram», - məhəbbətin yaratmağa qadir olduğu bütün o
möcüzələrə təəccüblənərək fikirləşdim. Mən hiss edirdim – Müqəddəs Məryəm öz libası ilə məni
örtərək və qızındıraraq əllərində saxlayır. Naməlum sözlər mənim dodaqlarımdan get-gedə daha
yüngül və çevik qopurdular. Mən ağladım, göz yaşlarımın səbəbini özüm də bilmədən. Sevinc
mənim ürəyimi doldurdu, məni başdan-ayağacan batırdı. O, qorxudan, mənim miskin həqiqətimdən,
həyatımın hər saniyəsini etmək məqsədindən güclü idi.
Mən başa düşürdüm – bu göz yaşları mənə yuxarıdan göndərilib, axı, hələ məktəbdə rahibələr mənə
təlqin edirdilər ki, ən ali yüksəliş anında müqəddəslər ağlayırlar. Mən gözlərimi qaranlıq səmaya
baxaraq açdım, göz yaşlarının yağış damlaları ilə necə qarışdığını hiss elədim. Torpaq canlı idi,
yüksəklikdən enən su özü ilə dağ zirvələrinin möcüzəsini gətirirdi. Biz bu möcüzənin bir
parçasıydıq.
- Nə yaxşı, Allah qadın ola bilər, – mən yavaşca dedim, çünki başqaları oxuyurdular. – Əgər bu
belədirsə, onda onun, məhz, qadın siması bizə sevməyi öyrədib.
- Gəlin «çadırlarla» dua edək, - keşiş dedi və dərhal da cümləsini ispan, fransız, italyan dillərində
təkrarladı.
Mən yenə çaşdığımı və nə baş verdiyini anlamadığımı hiss elədim. Kimsə mənə yaxınlaşdı, qolunu
çiynimə doladı. Başqa biri də o biri tərəfdən qucaqladı.
Biz səkkizimiz də birlikdə qucaqlaşaraq dairə yaradırıq, elə əyilirik ki, başlarımız bir-birinə toxunur.
Doğrudan da, bu canlı çadıra oxşayır. Yağış güclənir, lakin heç kim ona fikir vermir. Dayandığımız
37

poza bizim bütün diqqətimizi və bədənimizin istiliyini tələb edir.
- Qüsursuz Hamilə qalmış Müqəddəs Məryəm, mənim oğluma kömək elə, qoy o, öz yolunu tapsın,
- məni sağ tərəfdən qucaqlamış kişi deyir. – «Ave Mariya»nı mənim oğlum üçün oxuyaq.
- Amin, - digərləri cavab verir və səkkiz baş duaya başlayır.
- Müqəddəs Məryəm, məni nurlandır, mənə loğmanlıq qabiliyyəti göndər, - bizim çadırda qadın səsi
deyir. – «Ave Mariya» oxuyaq. Yenə «Amin» və ardınca da dua səslənir. Səkkiz nəfərdən hər biri
öz xahişini bildirir və hamı onu öz duası ilə dəstəkləyir. Mən özüm özümə heyrət edirəm – çünki
uşaq kimi dua edirəm və uşaq kimi də inanıram ki, bizə Ənam veriləcək.
Bir anlığa sakitlik yarandı. Mən başa düşdüm ki, mənim Məryəmə dua ilə müraciət eləmək vaxtım
çatıb. Başqa şəraitdə mən utandığımdan ölərdim – deməyə heç nə tapmazdım. Amma burda
Zühuretmiş vardı və mənə inam verirdi.
- Müqəddəs Məryəm, mənə sevməyi öyrət, Sən sevdiyin kimi, - mən öz səsimi eşidirəm. – Qoy, bu
sevgi məndə və kimə xitab olunubsa, onda möhkəmlənsin. «Ave Mariya» oxuyaq.
Biz birlikdə dua edirik və mən yenə də azad oluram.
Neçə illər mən öz ürəyimə qarşı mübarizə aparmışam, çünki unudulmaqdan, əzabdan, kədərdən
qorxurdum. Lakin həmişə bilirdim ki, əsl məhəbbət – bütün bunlardan yüksəkdir, bilirdim ki, ölmək
yaxşıdır, nəinki bir daha sevməmək.
Ancaq mənə elə gəlirdi ki, bunun üçün gərəkli cəsarətə başqaları sahibdir, məndəsə o yoxdur. Və
yalnız indi anladım – var! Hətta məhəbbət özü ilə ayrılıq, tənhalıq, qüssə gətirsə belə, o, bizim onun
üçün ödədiyimiz bədələ dəyər.
«Təkcə bu barədə fikirləşmək olmaz, mən diqqətimi mərasimdə cəmləşdirməliyəm». Bizim qrupu
idarə edən keşiş dairəni açmamızı istədi və dedi ki, indi biz xəstələr üçün dua edəcəyik. İnsanlar
yağışın altında Allahın və Müqəddəs Məryəmin şərəfinə dualar edir, oxuyur, oynayırdılar.
Hərdənbir hamı əllərini göyə qaldıraraq yırğalana-yırğalana naməlum dillərdə danışmağa başlayırdı.
- Aramızdan kimin gəlini axsayırsa, bilsin ki, o sağalır, - birdən qadın dedi.
Dualar və onunla birlikdə nəğmələr və rəqslər bərpa olundu. Aradabir həmin qadının səsi eşidilirdi:
- Aramızdan kimin bu yaxınlarda anası ölübsə, qoy qəti əmin olsun ki, o Allahın rəhmətini qazanıb.
Sonra o mənə danışdı ki, peyğəmbərlik vergisi deyilən nəsnə, məhz, budur və bəzi adamlar
özlərindən minlərlə mil uzaqda bu dəqiqə nələr baş verdiyini və ya verəcəyini hissetmə qabiliyyətinə
sahibdirlər.
Və o heç vaxt xəbər tutmadı ki, mən möcüzələrdən danışan qadının səsinin gücünə inanırdım. Mən
gözləyirdim ki, bu qadın ikimizin sevgisi haqqında danışacaq, ümid edirdim ki, o deyəcək – bu
məhəbbətə bütün mələklər, müqəddəslər, Allah və İlahə xeyir-dualarını verdilər.
Mərasimin nə qədər davam etdiyini bilmirəm. Adamlar dəfələrlə naməlum dillərdə danışır, oxuyur,
oynayır, öz yaxınları üçün dualar edir, möcüzə göndərilməsini istəyir, onlara xeyir-dua verildiyini
bildirirdilər.
Və nəhayət, mərasimə rəhbərlik edən keşiş dilləndi:
- Gəlin, xarizmatik yeniləşmədə bu gün birinci dəfə olanlar üçün dualar edək.
Belə çıxır ki, mən burda tək deyiləm. Bu fikrin dərki məni sakitləşdirdi.
Yenidən nəğmələr səsləndi. Bu dəfə mən hamı ilə birgə oxumurdum, yalnız qulaq asır və
arzularımın xeyir-dua almasını istəyirdim.
Mənəsə çox şey lazım idi.
- Xeyir-dua alaq, - keşiş dedi.
Hamı üzünü çayın o biri sahilindəki işıqlandırılmış mağaraya tərəf çevirdi. Keşiş bir neçə dua oxudu
və bizə xeyir-dua verdi. Bundan sonra hamı bir-birini öpdü, bayram münasibətilə təbrik etdi və
dağılışdı.
O, mənə yaxınlaşdı. Siması adətən olduğundan daha şən idi.
38

- Sən tamam yaşsan, - o dedi.
- Sən də, - mən gülərək cavab verdim.
Biz maşına oturduq və Sent-Savenə qayıtdıq. Mən bu dəqiqəni necə arzulayırdım, amma indi o an
çatanda – bilmirəm, nə deyim. Dağlardakı evi, kitabları və diskləri, anlaşılmaz dilləri və səkkiz
ibadətçinin yaratdığı çadırı hansı sözlərlə təsvir etmək olar?
O, iki dünyada yaşayır. Nə vaxtsa və hardasa bu dünyalar qovuşacaqlar və mən bunun necə baş
verəcəyini mütləq anlamalıyam.
Lakin belə anlarda sözlər heç bir anlam daşımır. Sevgi yalnız sevgi ilə dərk olunur.
- Mənim təkcə bir sviterim var, - biz otağa daxil olanda o dedi. – Geyin onu. Sabah özümə başqasını
alaram.
- Gəl, paltarları kaloriferin üstünə asaq. Sabaha qədər quruyacaq, - mən cavab verdim. – Mənim
maykam var, dünən onu yumuşam.
Bir neçə anlıq sakitlik çökdü.
Paltar. Çılpaqlıq. Soyuq.
O, çemodanından bir dənə də futbolka çıxartmalı oldu.
- Gecəköynəyi əvəzinə yarayar?
- Əlbəttə.
Mən çırağı söndürdüm. Qaranlıqda yaş paltarı əynimdən çıxartdım, kaloriferin üstünə asdım və
tənzimləyicini tam gücü ilə açdım.
Mənim siluetimi görməsi və çılpaq olduğumu bilməsi üçün küçə fənəri yetərincə işıq salırdı. Mən
maykamı geyindim və yorğanın altına girdim.
- Mən səni sevirəm, - onun səsini eşitdim və cavabında dedim:
- Mən səni sevməyi öyrənirəm.
O siqaret yandırdı.
- Necə bilirsən, indi münasib vaxtdır?
Mən onun nədən danışdığını bilirdim. Qalxdım və onun çarpayısının qırağında oturdum.
Siqaretin qızılı qığılcımı bərabər fasilələrlə onun sifətini işıqlandırırdı. O, mənim əlimdən tutdu və
biz bir az belə oturduq. Sonra mən əlimi çəkdim və onun başını sığalladım.
- Sən soruşmamalısan, - mən cavab verdim. – Məhəbbət sual vermir, əgər biz düşünməyə başlasaq,
qorxmağa başlayacağıq. Bu – izahedilməz qorxudur, hətta mən onu sözlə ifadə etməyə belə
çalışmayacam. Bu rədd edilmək, sevilməmək qorxusu ola bilər, qorxu cazibəni pozacaq. Axmaq
səslənir, amma bu belədir. Ona görə də soruşmaq yox, hərəkət eləmək lazımdır. Sən özün də
dəfələrlə dediyin kimi - riskə getmək lazımdır.
- Mən bilirəm. Və əvvəllər heç vaxt soruşmamışdım.
- Sən artıq mənim ürəyimə sahib olmusan, - özümü onun sözlərini eşitmirmiş kimi göstərərək
dedim. – Sabah məni tərk edə bilərsən, amma bu günlərin möcüzəsini biz daim xatırlayacağıq:
romantik məhəbbəti, arzunu, imkanı. Ancaq məncə, Tanrı fövqaladə və sonsuz müdriklik sahibi
olduğundan cəhənnəmi cənnətin ortasında gizlədib. Və ona görə belə edib ki, biz həmişə ayıq olaq.
Ona görə ki, biz Mərhəmətin sevincindən həzz ala-ala Qanunlar sütununu da unutmayaq.
Mənim saçlarımı sığallayan əllər gərginləşdi.
- Sən bacarıqlı şagirdsən, - o dedi.
Bu qeyd məni təəccübləndirdi, ancaq sonra səsim yadıma düşdü: «Əgər bildiyinə inansan, əvvəl-axır
biləcəksən».
- Fikirləşmə ki, mən toxunulmazam, - mən dedim. – Mənim çox kişilərim olub. Mən hətta yaxşı
tanımadığım kişilərlə də sevgi oynamışam.
- Mən də, - o cavab verdi.
O istədi ki, bu təbii səslənsin, lakin onun əlinin təmasının dəyişməsindən anladım, mənim sözlərim
onu ağrıtmışdı.
39

- Lakin bu səhərdən etibarən mən yenə bakirə oldum. Başa düşməyə çalışma – yalnız qadın bilir,
mən nədən danışıram. Mən sevgini özümçün təzədən açıram. Və bu kəşf zaman tələb edir.
O mənim yanağıma toxundu. Mən dodaqlarımla azacıq onun dodaqlarına toxundum və öz
çarpayıma qayıtdım.
Özüm də bilmirəm ki, niyə özümü başqa cür yox, məhz, bu cür aparırdım. Başa düşmürəm – onu
özümə daha möhkəm bağlamaq istəyirdim, yoxsa azadlığa buraxmaq.
Ancaq bu gün elə uzun oldu ki… Mən düşünmək üçün həddindən artıq yorulmuşdum.
Gecə mən tamamilə sakit və rahat oldum. Elə bir dəqiqə oldu ki, dərin yuxuda olsam da, oyandığımı
sandım. Mən yanımda sanki çoxdan tanıdığım qadının varlığını duydum, ona görə də özümü
müdafiə olunmuş və sevimli hiss etdim.
Əslində isə mən saat yeddidə dözülməz istidən ayıldım. Yadıma düşdü ki, paltarı qurutmaq üçün
qızdırıcını tam gücüylə işləməyə qoymuşam. Bayır hələ qaranlıq idi. Onu oyatmamaq üçün səssiz
hərəkət eləməyə çalışaraq mən qalxdım.
Qalxdım və gördüm ki, o yoxdur.
Məni təlaş bürüdü. Və özgə də həmin dəqiqə gözlərini açaraq dilləndi: «Hə, görürsən? Sən razılıq
verən kimi o yoxa çıxdı. Bütün kişilər eynidir».
Təlaş hissi dəqiqəbədəqiqə güclənirdi. Mən özümə nəzarəti itirə bilməzdim. Lakin Özgə səsini
kəsmədən danışırdı:
«Mən hələ burdayam. Sən küləyə istiqamətini dəyişməyə icazə verdin, sən qapıları taybatay açdın
ki, sevgi həyatına daxil olaraq onu batırsın. Əgər vaxt itirmədən hərəkətə başlasaq, hər şeyi təzədən
nəzarət altına ala bilərik».
Mən buludlarda uçmağa son qoymalıyam. Mən diqqətli olmalıyam.
«O getdi, - Özgə davam edirdi. – Və indi sən mümkün qədər tez bu daldabucaqdan canını
qurtarmalısan. Sənin Saraqosadakı həyatın hələ dəyişməyib, qayıt ona. Tələs, var-gücünlə qaç. Nə
qədər ki, bu qədər ağır zəhmətlə əldə etdiklərini itirməmisən».
«Onun, yəqin ki, bir səbəbi olmalıdır», - mən fikirləşdim.
«Kişilərin həmişə səbəbi var, - Özgə mənə etiraz elədi. – Səbəb səbəb yerində, qadınsa nəticədə
tənha qalır».
İndi İspaniyaya necə dönəcəyimi qərarlaşdırmalıyam. Beyin daima məşğul olmalıdır.
«Praktik tərəfi nəzərdən keçirək, - Özgə dedi. – Pul».
Pulum yerli - dibli yox idi. Aşağı düşüb, valideynlərimə zəng eləmək - onların hesabına – və bir az
pul göndərmələrini istəmək lazımdır.
Amma bu gün bayramdır, pulu yalnız sabah almaq mümkün olacaq. Mən nə yeyəcəyəm? Ev
sahiblərinə otağın haqqı üçün iki gün gözləməli olduqlarını necə başa salacam?
«Onlara heç nə izah eləmək lazım deyil», - Özgə cavab verdi. Əlbəttə ki, onun təcrübəsi var, o belə
situasiyaların öhdəsindən gələ bilir. O, məhəbbətdən ağlını itirmiş qız deyil, həyatının hər anında nə
istədiyini bilən qadındır. Və mən özümü elə aparmalıyam ki, elə bil heç nə baş verməyib, elə bil o
tezliklə qayıdacaq. Köçürmə gələndə isə kirayə haqqını ödəmək və gəldiyim yerə dönmək.
«Əla, - Özgə məni təriflədi. – Sən yenə də əvvəlki kimi olursan. Kədərlənmək lazım deyil – nə
vaxtsa sən risk eləmədən sevə biləcəyin adama rast gələcəksən».
Mən əşyalarıma toxundum, qurumuşdular. İndi bu şəhərciklərdən hansında bank olduğunu
aydınlaşdırmaq lazımdır. Yəni iş görmək, onda mənim ağlamağa və ya darıxmağa vaxtım
qalmayacaq.
Və yalnız bu anda mən kağızı gördüm:
«Mən – seminariyadayam. Əşyalarını yığ (ha – ha – ha!), Axşam İspaniyaya gedirik. Nahardan
sonra qayıdacağam».
Və bir qədər aşağıda: «Mən səni sevirəm».
40

Kağızı sinəmə basaraq mən yüngüllüklə yanaşı özümü bədbəxt və miskin hiss etdim. Və gördüm ki,
mənim tapıntımdan açıq-aşkar karıxmış Özgə harasa yoxa çıxıb.
Mən də onu sevirdim. Və hər dəqiqə, hər saniyə bu sevgi güclənir, böyüyür və məni dəyişirdi. Mən
yenidən gələcəyə inanmağa başlamışdım, yavaş-yavaş Allaha inamım bərpa olurdu.
Və bütün bunları məhəbbət elədi.
«Daha qəlbimin qaranlıq dalanlarında azmaq istəmirəm, - qapını Özgənin burnunun önündə
qətiyyətlə bağlayaraq özümə dedim. – Üçüncü mərtəbədən yıxıldın, ya yüzüncü – heç bir fərqi
yoxdur».
Odur ki, əgər yıxılmalısansa, göydələndən yıxıl!
- Əvvəlcə yemək yeyin, - ev sahibəsi dedi.
- Mən bilmirdim ki, siz ispanca danışırsız, - mən heyrətlə bərkdən səsləndim.
- Sərhəd iki addımlıqdadı. Yayda Lurda turistlər axışır. Başa sala bilməsəm, otaqları da kirayə verə
bilmərəm.
O, stolun üstünə qızarmış çörək və südlü qəhvə qoydu. Mən daxilən bu günü qarşılamağa
hazırlaşdım: hər saat ilə bərabər olacaq. Bəlkə bu yemək başımı qatdı?
- Siz onunla çoxdan evlisiz? – o soruşdu.
- Bu, mənim həyatımın ilk məhəbbətidir, - mən cavab verdim. Bununla da bitirdik.
- O zirvələri görürsüz? – o davam etdi. – Mənim ilk məhəbbətim onlardan birində həlak oldu.
- Ancaq sonra siz başqası ilə tanış oldunuz.
- Hə, oldum. Və yenidən xoşbəxtlik tapdım. Həyat qəribə şeydi: mənim tanışlarımdan, demək olar
ki, heç biri öz ilk məhəbbətləri ilə ailə həyatı qurmayıb. Ancaq kimlərlə ki, bu hadisə baş verib, teztez təkrar edirlər ki, nə isə vacib bir şeyi əldən buraxıblar, yaşamalı olduqları çox şeyi
yaşamayıblar… - O birdən diksindi. – Oy, bağışlayın. Mən sizi incitmək istəmirdim.
- Mən incimədim.
- Bilirsiz, mən həmişə o quyuya baxıram. Və fikirləşirəm: əgər bu yeri qazmağı əmr edib, su tapan
müqəddəs Saven olmasaydı, bizim şəhər aşağıda, çayın kənarında yerləşərdi.
- Məhəbbətin bura nə dəxli var? – mən soruşdum.
- Bu quyu ümidləri, arzuları, çətinlikləri olan hər bir insanı özünə tərəf çəkir. Bir dəfə kimsə
cəsarətləndi, qərara gəldi ki, su tapsın və su çıxdı, hamı da onun ətrafında yığılmağa başladı. Sadəcə
mən fikirləşirəm ki, biz məhəbbəti cəsarətlə axtaranda - məhəbbət tapılır, biz isə yeni-yeni sevgiləri
özümüzə cəzb edirik. Əgər səni bir nəfər sevirsə, demək, hamı sevir. Əgər sən təksənsə – demək,
daha da tənhalaşacaqsan. Həyat, bax belə, gülməli qurulub.
- Siz İ Tszin adlı kitab haqqında eşitməmisiniz? – mən soruşdum.
- Yox, heç vaxt.
- Orda deyilir ki, şəhəri dəyişmək olar, ancaq quyunu başqa yerə köçürmək mümkün deyil. Sevənlər
görüşürlər, susuzluqlarını söndürürlər, evlərini tikirlər, uşaqlarını böyüdürlər və hər şey onun
ətrafında baş verir. Lakin əgər sevənlərdən biri getmək istəsə, quyu onun ardınca yollana
bilməyəcək. Tərk edilmiş quyu olduğu yerdə qalacaq, o, atılsa da, əvvəlki kimi təmiz su ilə dolu
olacaq.
- Belə nitqlər daha qismətinə çoxlu əzab düşmüş qarıya yaraşır, gənc qadına yox, - o dedi.
- Yox, mən həmişə qorxmuşam. Mən heç vaxt quyu qazmamışam. Bunu indi birinci dəfə edirəm və
nə qədər riskli iş olduğunu unutmaq istəmirəm.
Həmin an mən cibimdə nəyə isə toxundum və onun nə olduğunu anlayanda donuxdum. Qəhvə
fincanını yerə qoydum.
Açar. O, açarı mənə vermişdi.
- Sizin şəhərdə ölümündən əvvəl bütün əmlakını Tarbesdəki seminariyaya vəsiyyət eləmiş bir qadın
yaşayırdı, - mən dedim. - Siz onun evinin yerini bilirsiniz?
Sahibə qapını açdı və meydandakı orta əsrlərdən qalma evlərdən birini göstərdi.
41

- Odur. İki keşiş az qala iki ay orda qaldı. Və… - o, tərəddüdlə mənə baxaraq susdu, ancaq sonra
sözünü bitirdi: - Və onlardan biri sizin ərinizə çox oxşayır.
- Bu elə odur, - mən artıq kandardan dedim və qəlbimdəki balaca uşağa belə dəcəllik etməyə icazə
verdiyim üçün özümdən razı qaldım.
Mən nə edəcəyimi bilmədən evin qarşısında dayandım. Hər şey qatı dumanın içində batmışdı və
mənə elə gəldi ki, yuxudayam: hansısa külrəngli məkanda dolaşan qəribə fiqurlar məni bundan da
qəribə yerlərə aparırlar.
Barmaqlarım əsəbi halda açara toxunurdu.
Ətrafda hər şey belə örtüyə bürünəndə, pəncərədən dağları görmək qeyri-mümkündür. Ev, yəqin ki,
qaranlıqdı – gün yoxdu, pərdələr də çəkilib. Ev, yəqin ki, kədərlidir – axı, o, yanımda deyil.
Saata baxdım. Doqquz.
Nə iləsə məşğul olmaq lazımdır, vaxt tez keçsin deyə. Çox gözləmək lazım gələcək.
Gözləmək. Bu sevginin mənə verdiyi ilk dərsdir. Gün ağır-ağır keçir, biz minlərlə plan qururuq,
saysız xəyali söhbətlər edirik, özümüzə söz veririk ki, filan-filan vəziyyətlərdə tamamilə başqa cür
davranacağıq - əslində isə bir yerdə qərar tutmuruq, sevgilimizin gəlişini intizarla gözləyirik.
Gələndə isə deməyə söz tapmırıq. Çoxsaatlıq həsrət gərginliyə çevrilir, gərginlik qorxu ilə əvəz
olunur, qorxusa şəfqətdən çəkinməyə məcbur edir.
«Bilmirəm, girim, ya yox». Mənim yadıma dünənki söhbət düşdü – bu ev arzunun rəmzi və onun
təcəssümü idi.
Bir də axı, bütün günü doqqazda keçirmək olmaz ki! Mən cəsarətimi toplayıb açarı cibimdən
çıxartdım və qapıya yaxınlaşdım.
- Pilar! – dumandan güclü fransız aksentli səs eşidildi.
Mən daha çox təəccübləndim, nəinki qorxdum. Bu bizim mənzilin sahibi ola bilərdi – ancaq, məncə,
mən ona adımı deməmişdim.
- Pilar! – səs yaxınlaşdı.
Mən üzərinə dumandan pərdə sərilmiş meydanı nəzərdən keçirdim və kiminsə sürətlə mənə tərəf
gələn siluetini gördüm. Qəribə fiqurların üzdüyü dəhşətli yuxu gerçəyə çevrilirdi.
- Dayan. Mən səninlə danışmalıyam.
Siluet çatdı və mən başa düşdüm ki, qarşımda dayanan keşişdir – karikaturalarda kənd kürelərini,
məhz, belə təsvir edirlər – balacaboy, tosqun və köndələn daranmış bir əlçim çal saçlı daz baş.
- Salam, - o, geniş təbəssümlə əlini mənə uzatdı.
Mən səssizcə başımı tərpətdim.
- Çox heyif ki, duman hər şeyi gizlədir, - o evə baxa- baxa dedi. – Sent-Saven dağın üstündədir və
sizin pəncərələrdən həm aşağıdakı düzənliklərə, həm də buzlu zirvələrə çox gözəl mənzərə açılır.
Yəqin, sən özün bilirsən.
Yalnız indi onun monastırın başçısı olduğu mənə çatdı.
- Siz burda nə edirsiniz? – mən soruşdum. – Və mənim adımı hardan bilirsiniz?
- İçəri girmək istəyirsən? – o, sanki məni eşitmədən maraqlandı.
- Yox. Mənə cavab vermənizi istəyirəm.
O, donmuş əllərini biri-birinə sürtdü və pillələrdə oturdu. Mən də onun yanında. Duman get-gedə
daha da qatılaşırdı. Hətta bizdən iyirmi metr aralıda olan kilsə də görünməz olmuşdu.
Bircə quyunu görmək mümkün idi. Mən sahibənin sözlərini xatırladım.
- O, Öz zühuruna şahidlik edir, - mən dedim.
- Kim?
- İlahə. O, bu dumanın simasını alıb.
- A, demək, o, səninlə bu barədə danışıb! - keşiş güldü. – Hə, mən onu Müqəddəs Məryəm
adlandırmağa üstünlük verirəm. Öyrəşmişəm.
- Sizin burda nə işiniz var? – mən təkrar etdim. – Adımı hardan öyrəndiniz?
42

- Mən gəldim, çünki səni görmək istəyirdim. Xarizmatiklərin qrupundan kimsə dünən axşam mənə
dedi ki, sən öz dostunla Sent-Savendə qalırsan. Bura isə çox balaca şəhərdir.
- O, seminariyaya gedib.
O gülümsəməyini saxlayaraq başını tərpətdi və sanki öz-özünə dedi:
- Çox təəssüf.
- Təəsüf ki, o seminariyadadır?
- O, seminariyada deyil, mən indicə ordan gəlirəm.
Mən səhər yuxudan duranda düşündüyüm və hiss etdiyim hər şeyi xatırlayaraq – hardan pul tapım?
Yolpulu üçün valideynlərimə necə xəbər göndərim? - bir neçə dəqiqə susdum. Ancaq mən and
içmişdim və qəti şəkildə ona əməl edəcəkdim.
Mənim yanımda keşiş vardı. Uşaq vaxtı bütün dərdlərimi, iztirablarımı keşişə söyləməyə hazır idim.
- Mən yorulmuşam, - sükutu pozdum. – Bir həftə əvvəl kim olduğumu və həyatdan nə istədiyimi
bilirdim. Amma indi mənə elə gəlir ki, hansısa burulğan məni o tərəf - bu tərəfə çırpır, mənsə tamam
gücsüzəm.
- Müqavimət göstərmək lazımdır, - keşiş cavab verdi. – Bu vacibdir.
Bu replika məni heyrətləndirdi.
- Təəccüblü heç nə yoxdur, - o, sanki bunu başa düşərək davam etdi. – Mən bilirəm ki, Kilsəyə yeni
keşişlər lazımdır, o, allahın ən yaxşı xidmətçilərindən olardı. Lakin ödəyəcəyi bədəl həddindən
yüksəkdir.
- Axı, o hardadır? Yəni, doğrudan, məni burda atıb və İspaniyaya gedib?
- İspaniyaya? Onun İspaniyada heç bir işi yoxdur. O, burdan bir neçə kilometr aralıda yerləşən
monastırda yaşayır. İndi orda yoxdur. Ancaq mən bilirəm, onu harda tapmaq olar.
Bu sözlər məni ruhlandırdı və kefimi qaldırdı – hər halda o getməmişdi.
Lakin keşişin sifətində təbəssüm yox idi.
- Vaxtından qabaq sevinmə, - sanki yenə də mənim fikirlərimi oxuyurmuş kimi o dilləndi. –
İspaniyaya qayıtsaydı, daha yaxşı olardı.
Keşiş qalxdı və məni ardınca çəkdi. Dumanda bir neçə metrdən o yana göz-gözü görmürdü, ancaq o,
sanki hara getdiyini bilirdi. Biz Sent-Savendən iki sutka – ya beş il? – əvvəl mənim Bernadetta
haqqında əhvalatı dinlədiyim yolla çıxdıq.
- Biz hara gedirik? – mən soruşdum.
- Gedirik onu axtarmağa, - cavabında eşitdim.
- Müqəddəs ata, mən çaşqınlıq içindəyəm,- yolda mən dedim. – Mənə elə gəldi ki, onun
seminariyada olmaması sizi kədərləndirir.
- Sən dini həyat haqqında nə bilirsən, övladım?
- Çox az şey: bilirəm ki, keşişlər kasıblıq, itaət və bakirəlik əhdi verirlər.
Bu yerdə mən davam etmək lazımdır, ya yox, deyə bir az duruxdum və qərara gəldim ki, lazımdır:
- Və başqalarının günahılarını ölçürlər, baxmayaraq ki, həmin günahları özləri də eləyirlər. Elə
düşünürlər ki, sevgi və nigah barəsində hər şeyi bilirlər, baxmayaraq ki, özləri evlənmirlər. Özlərinin
də günahkar olduqları əməllərimizə görə bizi cəhənnəm odu ilə hədələyirlər. Allahı bizə yeganə
Oğlunun ölümündə bəşər övladını günahlandıran qəzəbli qisasçı kimi təqdim edirlər.
Keşiş güldü.
- Sən, necə deyərlər, bu mövzuda əməlli-başlı «nallanmısan» ki. Ancaq mən səndən katoliklik
haqqında yox, ruhi yaşam haqqında soruşdum.
Mən tutuldum və güc-bəla ilə dilləndim:
- Dəqiq deyə bilmirəm, amma bilirəm ki, hər şeyini atıb Allahı axtarmağa yollanan insanlar var.
- Bəs tapırlarmı?
- Siz daha yaxşı bilərsiniz, mənim bundan heç başım çıxmır.
43

Keşiş mənim necə təngnəfəs olduğumu gördü və addımlarını yavaşıtdı.
- Sənin tərifin səhvdir, - o sözə başladı. – Allahı axtarmaq üçün yollanan kəs boş yerə vaxt itirir. O,
bir çox yollardan keçə bilər, bir çox dinlərə və ya sektalara qoşula bilər, lakin heç vaxt bu üsullarla
Tanrıya çatmayacaq. Tanrı indi burdadır, bizim yanımızda. Biz onu bu dumanda, bu torpaqda, bu
paltarda, bu ayaqqabıda görə bilərik. Biz yatdığımız vaxt onun mələkləri yatmır, biz işləyəndə bizə
kömək edir. Tanrını tapmaq üçün ətrafına baxmaq kifayətdir. Bu görüş asan baş tutmur. Tanrı nə
qədər çox bizi Öz möcüzəsinin iştirakçısına çevirsə, bizim çaşqınlığımız bir o qədər güclənəcək.
Zira O, daima bizdən öz arzularımızın ardınca getməyi və öz ürəyimizin səsinə qulaq verməyi
istəyir. Bu isə çətindir: axı, biz tamamilə fərqli yaşama alışmışıq. Və budur, təəccübümüzə rəğmən,
biz anlayırıq ki, Tanrı bizi xoşbəxt görmək istəyir, zira O – bizim atamızdır.
- Həm də anamız, - mən dedim.
Duman çəkilməyə başlayırdı və mən zəif işıq zolağında kəndli daxmasını və odun yığan qadını
gördüm.
- Bəli, həm də ana, - keşiş dedi. – Ruhi yaşama başlamaq üçün seminariyaya daxil olmaq, oruc
tutmaq, içki içməmək, qadınlardan kənar gəzmək lazım deyil. Tanrıya inanmaq və onu qəbul etmək
kifayətdir. Onu. Elə ki, bu baş verir, hər kəs Onun yoluna çevrilir, Onun möcüzələrinin ötürücüsü
olur.
- O, sizin haqqınızda mənə danışıb, - mən oun sözünü kəsdim. - Və sizin dediyiniz həqiqətləri mənə
təlqin edib.
- Ümid edirəm, sən onun vergisini qəbul edəcəksən. Zira, tarixin də bizi öyrətdiyi kimi, bu heç də
hər zaman baş vermir. Misirli Ozirisi şaqqalayırlar. Yunan allahları ölümlü qadın və kişilərin
üstündə düşmənçilik edirlər. Asteklər Ketsalkoatlı yurdundun qovurlar. Vikinqlərin tanrıları
Valqallanı yenə də qadına görə yandırırlar. İsanı xaça çəkirlər. Niyə?
Mən nə cavab verəcəyimi bilmirdim.
- Çünki Tanrı yerə ona görə enir ki, bizə bizim qüdrətimizi göstərsin. Biz Onun arzusunun bir
parçasıyıq, O isə xoşbəxtlik haqqında düşünmək istəyir. Əgər biz Tanrının bizi xoşbəxtlik üçün
yaratdığını etiraf etsək, onda bir şeyi də boynumuza almalı olacağıq: bizi kədərə və məğlubiyyətə
sürükləyən bütün şeylərin günahkarı özümüzük. Ancaq biz həmişə Tanrını öldürürük. Çarmıxda,
tonqalda, sürgündə və ya öz qəlbimizdə – ancaq öldürürük.
- Bəs Onu dərk edənlər…
- Onu dərk edənlər dünyanı dəyişirlər. Saysız qurbanların hesabına.
Odun daşıyan qadın keşişi gördü və bizə tərəf yüyürdü.
- Çox sağ ol, müqəddəs ata! – o, keşişin əllərini öpə- öpə qışqırdı. – Cavan oğlan mənim ərimi
sağaltdı!
- Sənin ərini Müqəddəs Məryəm sağaldıb,- o, addımlarını tezləşdirərək cavab verdi. – Cavan
oğlansa sadəcə onun alətidir.
- Yox, yox, o elədi! Mənim evimə girin, lütf eləyin.
Həmin dəqiqə mənim yadıma dünən axşam düşdü. Biz bazilikə yaxınlaşanda kimsə mənə dedi:
«Sənin yol yoldaşın möcüzələr yaradır!»
- Biz tələsirik, - keşiş dedi.
- Heç də yox, - mən fransızca danışdığım və pis danışdığım üçün bərk utana-utana etiraz etdim. –
Mən donmuşam və qəhvə içmək istəyirəm.
Qadın mənim əlimdən tutdu və içəri daxil olduq. Divarları daşdan, döşəməsi və tavanı isə taxtadan
tikilmiş ev dəbdəbədən uzaq olmasına rəğmən, rahat və səliqəli idi. Odunların alışıb-yandığı
buxarının qarşısında altmış yaşlarında bir kişi oturmuşdu.
O, keşişi görəngə əlindən öpmək üçün qalxmağa cəhd etdi.
- Otur, otur, - keşiş onu dayandırdı. – Sən hələ tam sağalmamısan.
- Mən artıq on kilo kökəlmişəm, - kişi cavab verdi. – Amma arvadıma hələ kömək edə bilmirəm.
- Qoy, bu səni narahat eləməsin. Tezliklə əvvəlkindən də yaxşı olacaqsan.
44

- Bəs cavan oğlan hanı? – kişi soruşdu.
- Mən bu gün onu həmişəki yerdə görmüşəm, - qadın cavab verdi. – Amma, adətən, o, piyada
gəzir, bu günsə maşınla idi.
Keşiş səssizcə mənə baxdı.
- Bizə xeyir-dua verin, müqəddəs ata,- qadın xahiş etdi. – Sehrli qüvvə…
-Bakirə Məryəmin, - keşiş onun sözünü kəsdi.
-… Bakirə Məryəmin, müqəddəs Ananın – axı, bu, həm də sizin gücünüzdür.
Bu dəfə keşiş mənim gözlərimə baxmamağa çalışdı.
-Müqəddəs ata, mənim ərim üçün dua edin, - qadın təkidlə dilləndi.
Keşiş dərindən nəfəs aldı və kişiyə müraciət edərək dedi:
-Qalx və qarşımda dayan.
O itaət etdi. Keşiş gözlərini yumaraq «Ave Mariya» nı oxudu, sonra Müqəddəs Ruha müraciətən
peyda olmasını və əzab çəkənə yardım etməsini dilədi.
Aradabir onun nitqi sürətlənirdi və onda – baxmayaraq ki, çox şeyi anlamırdım – bütün bunlar
mənə cinlərin qovulması ritualını xatırladırdı.
Onun əlləri xəstənin xəstənin çiyinlərinə toxundu
və aşağı sürüşdü – düz barmaqlarına qədər. Bu hərəkəti o, bir neçə dəfə təkrarladı.
Buxarıdakı odun bərk çatırdadı. Bu adi təsadüf də ola bilərdi, lakin mən fikirləşdim: Bəlkə keşiş
mənə naməlum sahəyə girdi – girdi və oradakı qüvvələri narahat elədi.
Hər dəfə yanan ağac atəş bənzər quru və kəskin səs çıxardanda ev sahibəsi ilə mən diksinirdik.
Keşiş buna fikir vermirdi: onun başı bütünlüklə problemin həllinə qarışmışdı, o, Müqəddəs
Məryəmin əlində alət idi. O, mənə məlum olmayan dildə danışır və sözləri fövqəladə sürətlə
səsləndirirdi. Onun əlləri artıq tərpənmirdi, hərəkətsiz halda xəstənin çiyinlərində qalmışdılar.
Keşiş bolluca xaç çəkərək ona xeyir – dua verdi – və ritual başladığı kimi qəfildən sona çatdı.
-Tanrının mərhəməti bu evdən əskik olmasın, - o dedi.
Sonra mənə tərəf dönərək yolumuza davam etmək vaxtı olduğunu anlatdı.
-Bəs qəhvə? - bizim getməyə hazırlaşdığımızı görən qadın dedi.
-Əgər indi içsəm, yata bilməyəcəyəm, - keşiş cavab verdi.
Qadın dodaqaltı «axı, hələ səhərdir» mızıldanaraq güldü – mən dəqiq eşitmədim, çünki biz artıq
yoldaydıq.
-Müqəddəs ata, o, ərini sağaldan hansısa gənc haqqında danışırdı. Bu o idi!
-Bəli, bu o idi.
Mən özümü pis hiss elədim – yadıma dünənki gün, Bilbao, Madriddəki mühazirə, möcüzələrdən
danışan adamlar və digərləri ilə qucaqlaşıb dua edərkən məndə yaranan Zühüretmə duyğusu düşdü.
Belə çıxır ki, möcüzələr yaratmağa qadir olan bir insanı sevirəm.
Yaxınına xidmət etməyə,
ağrılarını sakitləşdirməyə, onun əzablarını
azaltmağa, xəstələrə
sağlamlığını, onların qohumlarına ümidi
qaytarmağa qadir olan bir insanı. Belə
qabiliyyətləri olan insan üçün pəncərələrindən ağ pərdələr asılmış, rəflərinə sevimli kitabları və
diskləri düzülmüş ev dardır.
-Özünü günahkar bilmə, qızım, - keşiş dedi.
-Siz mənim fikirlərimi oxuyursunuz.
-Oxuyuram, - o razılaşdı. – Mənim də vergim var və mən ona layiq olmağa çalışıram. Müqəddəs
Məryəm mənə insan hisslərini burulğanına baş vurmağı öyrədib – onları daha düzgün yönləndirmək
üçün - insanların nəfinə.
-Siz də möcüzələr göstərirsiniz?
-Mən xəstəlikləri sağalda bilmirəm. Lakin mən Müqəddəs Ruhun qabiliyyətlərindən birinə
sahibəm.
-Onda siz mənim qəlbimi oxumağa qadirsiniz. Və siz bilirsiniz ki, mən bu insanı sevirəm, mənim
sevgim saniyəbəsaniyə böyüyür, möhkəmlənir. Biz onunla birlikdə dünyanı özümüzçün açmışıq və
orda birlikdə yaşayırıq. Mən bunu istəyirəm, ya yox – o, mənim yaşamımdan ayrılmazdır və onun
45

hər günündə mövcuddur.
Yanımca addımlayan bu keşişə mən nə deyə bilərdim ki? O heç vaxt başa düşməzdi ki, mənim
başqa kişilərim olub, mən vurulmuşam, əgər ərə getmiş olsaydım, xoşbəxt olardım. Mən hələ
uşaqkən Soriyanın meydanlarından birində məhəbbət məni tapdı və sonra unuduldu.
Amma görünür, pis unudulubmuş. Hər şeyin geri dönməsi üçün üç gün bəs elədi.
-Mənim xoşbəxt olmağa haqqım var, müqəddəs ata. Mən itirilmişi bərpa etmişəm və yenidən
itirmək istəmirəm. Mən öz xoşbəxtliyim üçün mübarizə aparacağam.
Əgər mən bu mübarizədən imtina etsəm, həm də öz ruhi yaşamımdan da imtina etmiş olacam.
Özünüzün də dediyiniz kimi – bu mənim Allahdan uzaqlaşmam, öz qadınlıq gücümdən, öz
qüdrətimdən imtina etməm demək olacaq. Mən bu insan üçün mübarizə aparacam.
Mən bu balacaboy, pota keşişin niyə burda olduğunu bilirdim. O, məni sevdiyim şəxsi tərk
etməyə inandırmaq üçün gəlib, zira onun qismətinə fərqli, ali yol yazılıb.
Yox, heç vaxt inanmaram ki, şagirdilə mənim evlənib Sent – Savendə, belə bir evdə yaşamağımız
onun ürəyincə olar. O, sadəcə məni çaşdırmaq, öz müdafiəmi zəiflətmək üçün bunu deyir,
məqsədinə çatanda isə o – təbəssümlə – məni əksinə inandıracaq.
O, bir söz belə demədən, mənim fikirlərimi oxuyurdu. Bəlkə də məni aldadır, heç də digərlərinin
düşündüyü kimi başqa adamların fikirlərini anlamaq vergisi yoxdur. Duman sürətlə çəkilirdi: artıq
mən yolları və dağ yamaclarını, düzləri və qarla örtülmüş ağacları seçirdim. Başım da aydınlaşırdı.
Əlbəttə, bu yalandır! Əgər keşiş, doğrudan da, fikirləri oxumağı bacarırsa, onda qoy, onları oxusun
və mənim barəmdə hər şeyi bilsin! Qoy, bilsin ki, dünən o, mənimlə tam yaxınlıq istəyirdi, mənsə
imtina etdim – və indi peşmanam.
Hələ dünən mən düşünürdüm ki, əgər o, gedəcək olsa, mən uşaqlıq dostumu həmişə yadımda
saxlaya və xatırlaya bilərəm. Sən demə, bütün bunlar cəfəngiyyat imiş. Hərçənd onun cismi mənə
daxil olmadı – nə isə fərqli bir şey daxil oldu, özü də elə dərinliyə ki, düz ürəyimə qədər çatdı.
-Müqəddəs ata, mən onu sevirəm, - mən təkrar elədim.
-Mən də. Məhəbbətdənsə səfehləyirlər. Mənim vəziyyətimdə bu, özünü onun yolunun üstündən
səni götürmək cəhdimdə göstərdi.
-Məni aradan götürmək o qədər də asan deyil. Dünən, biz mağaranın yanında dua edəndə mən başa
düşdüm ki, sizin haqqında danışdığınız qabiliyyətləri özümdə oyatmağa qadirəm. Və mən sevdiyimi
saxlamaq üçün onlardan istifadə edəcəyəm.
-Yaxşı, yaxşı,- keşiş yüngül təbəssümlə dedi.- Uğurlar.
O dayandı, cübbəsinin cibindən təsbeh çıxartdı və onu əlində sıxaraq düz gözlərimin içinə baxdı.
-İsa bizə and içməyi buyurmayıb və mən and içmirəm. Lakin mənimçün müqəddəs olan əşyanın
hüzurunda sənə deyirəm: mən ona adi tale arzulamıram, istəmirəm ki, o, sıradan bir keşiş olsun –
çoxları kimi.
O, Tanrıya başqa cür xidmət edə bilər. Sənin yanında. Onun, həqiqətən, bu sözləri dilinə gətirdiyinə
inana bilmirdim. Amma bu belə idi.
-Bu odur, - keşiş dedi.
Mən çevrildim. Yaxınlıqda saxlanmış maşını gördüm.
-O, həmişə piyada gəzir, - keşiş təbəssümlə davam etdi. – Bu dəfə sanki uzaqdan gəlibmiş kimi
təəssürat yaratmaq istəyir.
Mənim krossovkalarım tamam islanmışdı. Lakin mən keşişə baxdım – o, qarda yun corab və
səndəllərdə gedirdi – və şikayətlənməməyə qərar verdim.
O bacarırsa, deməli, mən də bacararam. Biz yamacı qalxmağa başladıq.
-Çox gedəcəyik?
-Uzağı, yarım saat.
-Biz hara gedirik?
46

-Onu qarşılamağa. Və digərlərini.
Mən, onun söhbəti davam etdirmək meylində olmadığını anladım. Ola bilsin ki, gücünü yoxuşa
saxlayır.
Biz səssiz gedirdik – duman artıq, demək olar ki, tamam çəkilmişdi, yavaş – yavaş səmada günəşin
sarı diski yanmağa başlayırdı.
Vadinin tam mənzərəsi birinci dəfə qarşımda peyda olurdu - aşağı axan çay, orda – burda
səpələnmiş kəndlər və qayanın ətəyinə sığınmış Sent – Saven. Mən kilsəni, əvvəl fikir vermədiyim
qəbiristanlığı və pəncərələri çaya açılan orta əsr evciklərin gördüm.
Aşağıda, bizim bir neçə dəqiqə əvvəl geridə qoyduğumuz yerdə çoban sürüsünü qovurdu.
-Yoruldum, - keşiş dilləndi. – Gəl bir az dayanaq.
Biz qaya parçasının üzərindən qarı təmizləyib gücsüz halda ora sərildik. Keşiş tərdən tamam
islanmışdı, ayaqları isə yəqin ki bərk donmuşdu.
-Qoy, müqəddəs İsa mənim gücümü qorusun, çünki mən bir də onun yolunu getmək istəyirəm, - o
mənə tərəf çevrilərək dedi.
Mən onun nəyi nəzərdə tutduğunu başa düşmədim və başqa şeydən danışmaq qərarına gəldim:
-Baxın – qarın üstündə izlər var.
-İzlərin bir qismini ovçular qoyub. Digər qismini isə - ənənəni bərpa etmək istəyən kişi və qadınlar.
-Hansı ənənəni?
-Onun əsasını müqəddəs Saven qoyub. O, dünyadan uzaqlaşıb, dağlara qalxıb və bu zirvələrdən
Tanrının qüdrətini anlamağa çalışıb.
-Müqəddəs ata, mənə bir şeyi başa düşmək lazımdır. Dünənə qədər mən seçim qarşısında olan –
evlilik və ya din – imanla birlikdə idim. Bu gün öyrəndim ki, o, möcüzələr yaradır.
-Biz hamımız möcüzə yaradırıq, - keşiş dedi. – İncili yadına sal: «əgər siz noxud boyda inama
sahib olsanız və bu dağa «burdan ora keç» desəniz, o keçəcək».
-Biz sizinlə Allah qanunları dərsində deyilik. Mən bu insanı sevirəm və onu daha yaxşı başa
düşmək, kömək etmək üçün haqqında mümkün qədər çox bilmək istəyirəm. Başqaları məni
maraqlandırmır, onlar nəyi bacarırlar, nəyi bacarmırlar, nə fərqi var.
Keşiş dərindən nəfəs aldı və qısa tərəddüddən sonra qərara gəldi və dilləndi:
-İndoneziya adalarında meymunları tədqiq edən bir alim, onlardan birinə yeməzdən qabaq şirin
kartofu yumağı öyrədə bilir. Çirkdən və qumdan təmizlənmiş kartoflar daha dadlı olur.
Bunu sadəcə meymunların təlimi haqqında elmi iş yazdığı üçün edən alim təssəvvürünə belə
gətirmirdi ki, apardığı təcrübə nə ilə nəticələnəcək. O, digər meymunların da bilincini təqlid etməyə
başladığını görəndə çox təəccübləndi.
Bu hal müəyyən sayda meymunlar kartofları yumaq sənətini öyrənənə qədər davam etdi – və
birdən, günlərin bir günü arxipelaqın digər adalarındakı meymunlar da eyni şeyi eləməyə başladılar.
Ən təəccüblüsü isə o idi ki, bütün başqa meymunlar ömürlərində eksperimentin aparıldığı adada
olmamışdılar.
Keşiş susdu, sonrasa soruşdu:
-Başa düşdün?
-Yox, - mən cavab verdim.
-Bu məsələ ilə bağlı çoxlu tədqiqatlar mövcuddur. Elm sübut edib ki, müəyyən qism insanlar
inkişafın müəyyən bir səviyyəsinə çatanda, bütün insan nəsli inkişaf edir. Biz bu sıçrayış üçün nə
qədər adamın gərək olduğunu bilmirik – lakin dəqiq bilirik ki, bu belədir.
-Bakirə Məryəmin əhvalatına oxşayır, - mən dedim. – O, Vatikan müdriklərin və savadsız kəndli
qızın gözünə görünüb.
-Kainat ruha malikdir və elə bir an gəlir ki, o, özünü hər şeydə və hamıda eyni vaxtda büruzə verir.
-Bu qadın ruhudur.
O güldü, mənsə bu gülüşün nə anlama gəldiyini başa düşmədim.
-Bakirə Məryəm ehkamı təkcə Vatikanın uydurması deyil, - o dedi. – Dünyanın hər yerindən
47

səkkiz milyon adam bu xahişlə Papaya ünvanlanmış petisiyanı imzalayıb. Bu sanki hava ilə
ötürülürdü.
-Bu birinci addım idi?
-Nəyə doğru birinci?
-Müqəddəs Ananın Tanrının qadın siması kimi qəbul edilməsi yolunda ilk addım. Axı, biz İsanın
Allahın kişi simasını təcəssüm etdiyini artıq boynumuza almışıq.
-Nəyi nəzərdə tutursan?
-Qadını Müqəddəs Üçlüyün ayrılmaz parçası kimi qəbul etməmiz üçün hələ nə qədər zaman
keçməlidir? Müqəddəs Üçlüyün Allah - Müqəddəs Ruhdan, İlahə – Anadan və Allah – Oğuldan
ibarət olduğunu nə vaxt anlayacağıq?
-Gəl gedək, - o cavab verdi. - Belə dayananda soyuq olur.
-Bir az əvvəl sən mənim səndəllərimə baxmışdın, - keşiş dedi.
-Deməli, siz, həqiqətən, düşüncələri oxuya bilirsiniz? – mən soruşdum.
Mənim sualıma cavab vermədən o belə danışdı:
-Mən sənə bizim ordenin yaranma tarixi haqqında bəzi şeylər danışacağam. Biz «karmelitlər»
adlanırıq və müqəddəs Tereza Avilskinin qoyduğu qaydalara əsasən ayaqyalın gəzirik, zira əgər
insan cismini özünə tabe etməyə qadirdirsə, öz ruhuna da hökm edə bilər.
Gözəgəlimli zahiri görünüşü olan Terezanı atası mənəvi tərbiyə alması üçün monastıra vermişdi.
Günlərin bir günü monastırın dəhlizlərindən keçərkən o, İsa ilə danışmağa başlayır. Onun düşdüyü
ekstaz o qədər güclü və dərin idi və elə tez – tez təkrarlanırdı ki, tezliklə qızın həyatı tamamilə
dəyişir. Karmelit monastırlarının nigah agentliklərinə çevrildiyini görən Tereza İsanın ehkamlarının
ilkinliyini qoruyan orden yaratmaq qərarına gəlir.
Müqəddəs Tereza özünü hazırlamalı və o dövrün iki ən qüdrətli rəqibləri ilə döyüşə girişməli idi –
Kilsə və Dövlətlə. Bununla belə o, geri çəkilmir, çünki öz borcunu yerinə yetirməyin necə vacib
olduğunu bilirdi.
Bir dəfə – onun ruhu zəifləyəndə – müqəddəsin sığınacaq tapdığı evin qapısında cırcındır içində bir
qadın peyda olur və Tereza ananın yanına aparılmasını tələb edir. Ev sahibləri ona sədəqə vermək
istəyirlər, lakin qadın onu rədd edir və müqəddəslə danışmamış getməyəcəyini bildirir.
Üç sutka o, yemədən, içmədən evin qapısında dayanır. Nəhayət, ona rəhmi gələn müqəddəs Tereza
qadını içəri buraxmağı xahiş edir.
«Yox, - ev sahibi deyir. – O dəlidir».
«Bəlkə onunla məni dəliliyin eyni növü vurub – Qolqofaya qalxan İsanın dəliliyi», - Müqəddəs
cavab verir.
-Müqəddəs Tereza İsa ilə danışırdı, - mən dedim.
-Bəli, - keşiş cavab verdi və söhbətinə davam etdi:
-Qadını müqəddəsin yanına gətirirlər. O, adının Qranadalı Mariya de Xesus Yepes olduğunu deyir.
Mariya karmelitlər monastırında rahibəliyə hazırlaşırmış, bir dəfə Bakirə Məryəm qarşısında zühur
edib və ona karmelitlər ordeninin ilkin qaydalarına ciddi riayət olunacaq, yeni monastır yaratmağı
əmr edib.
Elə həmin gün Mariya de Xesus monastırdan çıxıb və ayaqyalın Romaya yollanıb. Onun səyahəti iki
il sürüb – iki il o, açıq havada yatıb, şaxtadan və bürküdən əzab çəkib, sədəqə ilə yaşayıb, ehsanla
qidalanıb. Onun gedib Romaya çatması əsl möcüzə olub. Lakin bundan da böyük möcüzə Papa IV
Piyin onu qəbul etməsi idi. Bu isə ona görə baş verib ki, əlahəzrət müqəddəs Tereza və bir çox başqa
adamlar kimi eyni şey haqqında düşünürdü.
Və necə ki, Bernadetta Vatikanda verilmiş qərardan xəbərsizdi, necə ki, İndoneziyanın digər
adalarındakı meymunlar alimin eksperimenti barədə bilə bilməzdilər, eləcə Mariya de Xesus və
Tereza da eyni fikirləşdiklərini bilmirdilər.
Bütün bunlarda məna var.
48

İndi biz meşə ilə gedirdik. Ağacların ən uca, quru və qarlı budaqları günəşin ilk şüalarıyla
işıqlandırılmışdı. Duman tamamilə çəkilmişdi.
-Mən sizin hara getmək istədiyinizi bilirəm, müqəddəs ata.
- təbii, bilirsən. Elə anlar var ki, saysız adamlar eyni əmri alırlar.
-Öz arzunun ardınca get, öz yaşamını Allaha aparan yola çevir.
Möcüzələr yarat. Şəfa ver.
Peyğəmbərlik et. Öz qoruyucu – mələyinin səsinə qulaq ver. Dəyiş. Döyüşçü ol və döyüşdə xoşbəxt
ol.
Riskdən qaçma.
Günəş indi bütün meşəni işıqlandırırdı. Qar elə parıldayırdı ki, gözlərim qamaşmağa başlamışdı.
Eyni zamanda da sanki bu işıq və bu parıltı keşişin nitqini tamamlayır və son nöqtəni qoyurdu.
-Bəs bütün bunların onunla nə əlaqəsi var?
-Mən sənə bu tarixin qəhrəmanlıq fəslini danışdım. Lakin sən həmin qəhrəmanların ürəkləri
haqqında heç nə bilmirsən, - o dedi və uzun müddət susdu, sonra davam etdi: - Əzab. Dəyişmə
anlarında əzabkeşlər meydana çıxır. İnsanların öz arzularını ardınca yollana bilməsi üçün başqa
insanlar özlərini qurban verməlidir. Onları ələ salırlar, təqib edirlər, onların zəhmətini şübhə altına
almağa və gülüş hədəfinə çevirməyə çalışırlar.
-Kilsə cadugərləri tonqalda yandırırdı.
-Hə. Romalılar da ilk xristianları şirlərin qabağına atırdılar. Tonqal alovundə və ya sirk
arenalarında həlak olanlar başqalarını daha tez Əbədi şöhrətə çatdırarlar – odur ki, bu hətta yaxşıdır.
Ancaq bizim günlərdə işıq cəngavərləri əzabkeş talelərində ölümdən daha pis bir şeylə qarşılaşırlar.
Onları, tədricən, utanc və həqarət məhv edir. Bütün qalan ömrü boyu əzab çəkmiş müqəddəs
Terezanın taleyi, məhz, belə oldu. Mariya de Xesusun başına, məhz, bu gəldi. Fatiməli xoşbəxt
uşaqları da, məhz, eyni tale qismət oldu – Jasinto və Fransisko gördükləri möcüzədən sonra cəmi bir
neçə ay yaşadılar, Lusiya isə monastıra qapandı və ordan bir də heç vaxt çıxmadı.
-Bernadettanın taleyi başqa cür oldu.
-Bəli, fərqli. Onun qismətinə həbsxana, həqarət, inamsızlıq düşdü. O, sənə bu barədə danışmalı idi.
O, Zühur sözünü deməli idi.
-Çox azdır.
-Bakirə Məryəmin Lurdda dediyi sözlər heç dəftər vərəğinin yarısını belə doldurmaz, lakin hər –
halda təsəlli sözləri idi. Müqəddəs Məryəm çoban qıza demişdi: «Bu dünyada sənə xoşbəxtlik söz
vermirəm». Bəs niyə onun dediyi az miqdar söz xəbərdarlıq və təsəllidən ibarət idi? Ona görə ki,
Məryəm, öz qismətini qəbul edərsə, qızı hansı əzabların gözlədiyini bilirdi.
Keşiş günəşə, qara, ağacların çılpaq budaqlarına baxdı və müti tonla davam etdi:
-O – inqilabçıdır. Onun Hökmü var və Bakirə Məryəmlə danışmaq qabiliyyətinə sahibdir. Əgər o,
öz enerjisini cəmləşdirə bilsə, ön cərgələrə çıxa, insan nəslinin dəyişməsinin
başında
dayanananlardan biri ola bilər. Dünya indi çox vacib dövrünü yaşayır. Əgər o, bu yolu seçsə, onu
ağır əzablar gözləyir. Bir çox şeylər ona vaxtından əvvəl əyan olacaq. Mən adamları yetərincə yaxşı
tanıyıram və onu qarşıda nələrin gözlədiyini başa düşürəm.
O, mənə tərəf çevrildi və çiyinlərimdən yapışdı:
-Xahiş edirəm, onu gələcək əzablardan xilas elə. O tab gətirməyəcək.
-Mən anlayıram ki, siz onu sevirsiniz…
-Sən heç nə anlamırsan, - o, başını yellətdi. – Dünyada hökm sürən şərin nə qədər zəngin və
rəngarəng olduğunu anlamaq üçün sən çox gəncsən. İndi sən də özünü inqilabçı kimi hiss edirsən onunla birlikdə dünyanı dəyişmək, yeni yollar açmaq, məhəbbətinizi ağızdan - ağıza, nəsildən nəsilə keçəcək əfsanəyə çevirmək üçün nələrsə etmək istəyirsən. Sən hələ də elə bilirsən ki,
məhəbbət qalib gəlməyə qadirdir.
-Bəyəm yox?
-Yox, qadirdir, sadəcə vaxtı sual altındadı. Bu, müəyyən saatda, göylərdəki vuruşmalar sona
49

çatdıqdan sonra baş verəcək.
-Mən onu sevirəm. Və sevgimin qalib gəlməsi üçün göylərdəki vuruşmaların sonunu gözləməyə
ehtiyacım yoxdu.
Onun baxışları indi də harasa, uzaqlar zillənmişdi.
-Babil çaylarının sahilində, orda biz oturduq və ağladıq… - o, sanki özü üçün dedi. – onun
ortasında, ağaclara biz öz arfalarımız asdıq.
-Necə kədərlidir… - mən bildirdim.
-Bu sürgündən, müqəddəs torpağa dönmək istəyən, lakin bacarmayanlardan bəhs edən surənin ilk
misralarıdır. Və bu sürgün hələ məlum müddət davam edəcək. Vaxtından qabaq cənnətə düşmək
istəyən insanın əzablarına azaltmaq üçün mənim əlimdən nə gəlir?
-Heç nə, müqəddəs ata. Demək olar ki, heç nə.
-Bu odur, - keşiş dedi.
Və mən onu gördüm. O, məndən iki yüz metr aralıda qarın üstündə diz çökmüşdü. O, qurşağa qədər
çılpaq idi və hətta uzaqdan belə mən onun dərisinin soyuqdan bənövşəyiyə çaldığını gördüm.
Onun başı aşağı əyilmişdi, ovucları dua üçün bükülmüşdü. Bilmirəm səbəb nə idi – dünənki ümumi
mərasimmi, odun yığan qadının məftunluğumu – lakin əvvəllər mən heç vaxt heç kimə belə şiddətli
ruhi gərginliklə baxmamışdım. Mən artıq maddi aləmə məxsus olmayan insan görürdüm – o, Tanrı
və dağ zirvələrinin elmli ruhları ilə ittifaqda yaşayırdı. Ətrafda parıldayan qarsa bu təəssüratı yalnız
artırırdı.
- Bu dağda belələri yenə var, - keşiş dilləndi. – Onlar Tanrının və Bakirə Məryəmin təcrubəsinə
qoşularaq daimi dini cəzb halındadırlar. Onlar mələkləri və müqəddəsləri eşidirlər, peyğəmbərliklərə
və müdrik vəyhlərə qulaq asırlar, sonra isə bütün bunları azsaylı həmfikirlərinə ötürürlər. Əgər hər
şey bununla qurtarsaydı…
Amma o burada qalmayacaq. O, Müqəddəs Ananın təlimini yayaraq bütün dünyanı gəzəcək. Hələki
Kilsə bunu istəmir. Və artıq bu haqda birinci danışmağa cəsarət edənlərə dünyanın atacağı daşlar
hazırdır.
-Və onların iziylə gələnlərin başına səpiləcək güllər.
-Bəli. Lakin ona güllər qismət olmayacaq.
Və bu sözlərlə keşiş ona doğru yönəldi.
-Hara?
-Onu transdan çıxartmaq lazımdır. Səni bəyəndiyimi ona deməyə. Sizin ittifaqınıza xeyir – dua
verdiyimi. Mən bunu burda - onun üçün müqəddəs olan bu yerdə etmək istəyirəm.
Mənim ürəyim bulanmağa başladı – adətən, şüursuz, lakin dəfedilməz qorxudan belə olur.
-Mən fikirləşməliyəm, müqəddəs ata. Mən hər şeyin dediyim kimi olub – olmadığını bilmirəm…
-Heç kim bilmir, - o cavab verdi. – Bir çox valideynlər səhvə yol verirlər, çünki uşaqları üçün
nəyin yaxşı olduğunu bildiklərini düşünürlər. Amma mən sənin atan deyiləm və düzgün hərəkət
etmədiyimi bilirəm. Lakin yenə də taleyimin mənə yazdığını yerinə yetirməliyəm.
Hər yeni dəqiqə mənim həyəcanımı daha da artırırdı.
-Ona mane olmaq lazım deyil, - mən dedim. – Qoy, duasını sona çatdırsın.
-Onun yeri burda deyil. O, səninlə olmalıdır.
-Bəlkə o, indi Məryəmlə söhbət edir.
-Bəlkə də. Ancaq yenə də biz ona yaxınlaşmalıyıq. O, məni səninlə görəndə başa düşəcək ki, mən
sənə hər şeyi danışmışam. O, mənim nə barədə fikirləşdiyimdən xəbərdardı.
-Bu gün Bakirə Məryəm bayramıdır. Onun üçün çox mühüm gündür. Dünən axşam, mağaranın
yanında mən onun necə xoşbəxt olduğunu gördüm.
-Bakirə Məryəm bayramı hamı üçün bayramdır, o cavab verdi. – Amma mən indi səninlə teoloji
diskussiyalar aparmaq fikrində deyiləm. Gedək.
50

-Niyə siz bu qədər tələsirsiniz, müqəddəs ata? Niyə, məhz, elə bu dəqiqə?
-Çünki bilirəm – bu dəqiqə o, gələcəyini həll edir. Və yanlış yolu seçə bilər.
Mən geri döndüm və elə bizi bura gətirən cığırla aşağı addımladım. Keşiş ardımca gəlirdi.
-Sənin ağlına nə gəldi? Bəyəm başa düşmürsən ki, onu xilas edə biləcək yeganə Adam sənsən?
Bəyəm görmürsən – o, səni sevir və sənə görə hər şeydən imtina edəcək?
Mən addımlarımı yeyinlədir və yeyinlədirdim, mənə çatmaq onun üçün get – gedə çətinləşirdi.
Bununla belə o məndən uzaqlaşmırdı.
-Məhz, bu an o seçim edir. O, səni atmağa qərar verə bilər! Sevdiyin uğrunda mübarizə apar!
Lakin mən dayanmırdım. Mən bu dağı, keşişi, seçim məcburiyyətini arxada qoyaraq bacardıqca
tələsirdim. Bilirəm – ardımca atıla – atıla qaçan şəxs düşüncələrimi oxuyur və məni qaytarmaq üçün
bütün cəhdlərin əbəs olduğunu bilir. Bununla belə o geri qalmırdı, təkid edirdi, yeni sübutlar
gətirirdi – sona qədər mübarizə aparırdı.
Və budur, biz yarım saat əvvəl dincəlmək üçün dayandığımız həmin daşın yanındayıq. Mən əldən
düşmüş halda yerə çökdüm.
Mən heç nə haqqında fikirləşmirdim. Yalnız burdan qaçmaq, tək qalmaq, hər şeyi sakitcə,
tələsmədən götür – qoy etmək istəyirdim.
Bir neçə dəqiqədən sonra keşiş də çətinliklə nəfəs ala – ala gəlib çatdı.
-Ətrafdakı bu dağları görürsən? – o soruşdu. – Onlara dua eləmək lazım deyil, zira onların özləri –
Tanrı duasıdırlar, çünki dünyada öz yerlərini tapıblar və onun üzərində dayanıblar. İnsan ilk dəfə
ildırımın səsini eşidənə, göyə baxıb, bütün bunları kimin yaratdığını soruşana qədər də onlar burda
dayanmışdılar. Biz doğuluruq, əzab çəkirik, ölürük, onlarsa sarsılmadan dayanırlar.
Elə bir an gəlir ki, biz düşünməli oluruq – bu qədər səy lazımdırmı? Niyə bu dağlara oxşamayaq –
müdrik, qədim, özünə uyğun yer tapmış dağlara? Öyrəndikləri hər şeyi bir anın içində unudan, o
dəqiqə yeni avantüraya girişən 5-10 adamı dəyişmək riskə getməyə dəyərmi? Neyçün müəyyən
sayda meymun – adamların lazımi biliyi almasını gözləməyək, onda bu elm ağrısız, acısız yerdə
qalan digər adalara da yayılar?
-Siz, doğrudan da, bu cür fikirləşirsiniz, müqəddəs ata?
O, bir neçə anlıq susdu, sonra isə soruşdu:
-Sən fikirləri oxuyursan?
-Yox. Sadəcə əgər siz bu cür fikirləşsəydiniz, çətin ki ruhani olardınız.
-Mən tez – tez öz taleyimi dərk etməyə çalışıram. Və bacarmıram. Mən özümə Tanrı ordusunun
döyüşçüsü qismətini seçmişəm, həyatımboyu etdiklərimsə yalnız adamlara yoxsulluğun, əzabın,
ədalətsizliyin dünyada niyə mövcud olduğunu anlatmaq cəhdlərindən ibarətdir. Mən onlardan rəhmli
xristianlar olmalarını xahiş edirəm, onlarsa məndən soruşurlar: «Dünyada bu qədər əzab – əziyyət
olduğu halda mən Allaha necə iman gətirə bilərəm?»
Onda mən izahı mümkün olmayanı izah eləməyə girişirəm. Tanrı niyyəti, mələklərin apardığı
müharibələr və bizim hamımızın bu mübarizəyə cəlb edildiyimiz barədə nə isə bir söz deyirəm.
Çalışıram deyim ki, dünyada müəyyən sayda insanlarda bu ssenarini dəyişmək üçün kifayət qədər
inam yarananda, planetimizin hansı küncündə yaşamasından asılı olmayaraq yerdə qalan digərləri də
bu dəyişikliklərdən yararlana biləcəklər. Ancaq mənə inanmırlar. Və heç nə etmirlər.
-Onlar lap dağlar kimidirlər, - mən dedim. – Dağlar gözəldirlər. Onlara yaxınlaşan heç kim
Yaradanın qüdrətini dana bilməz. Dağlar – Allahın bizə bəslədiyi məhəbbətin canlı şahidləridirlər,
lakin bu dağların qisməti - həmin sevgiyə təkcə şahidlik etməkdir.
Hərəkət edən və mənzərəni dəyişən çaylardan fərqli olaraq.
-Bəli, elədir.Amma niyə biz də onlar kimi olmayaq?
-Çünki, dağlara dəhşətli tale qismət olub, - mən cavab verdim. – Onlar eyni mənzərəni əbədi seyr
etməyə məhkumdurlar.
Keşiş susdu.
-Mən dağ olmaq üçün oxuyurdum, - mən davam etdim. – Hər şeyin yeri əvvəlcədən müəyyən
51

edilmişdi. Mən işə girməyə, ailə qurmağa, əcdadlarımın dini biliklərini – özüm artıq ona inanmasam
da - uşaqlarıma təlqin etməyə hazırlaşırdım.
Bu günsə mən hər şeyi atıb sevdiyim insanın arxasınca yollanmaq qərarına gəlmişəm. Və nə yaxşı
ki, mən lap vaxtında dağların qismətindən imtina elədim - onsuz da çox dözə bilməzdim.
-Sən müdrik danışırsan.
-Özüm də buna təəccüb edirəm. Əvvəllər mən ancaq uşaqlıq illərimi xatırlamağa qadir idim.
Mən qalxdım və yoluma davam elədim. Keşiş sükutu pozmağa çalışmadı və biz şosseyə çatana
qədən məni dindirmədi.
Mən onun əlindən öpdüm.
- Mən sizinlə vidalaşıram və son olaraq deyim ki, sizi də, sizin ona bəslədiyiniz sevgini də başa
düşürəm.
O gülümsədi, mənə xeyir – dua verdi və dedi:
-Mən də sənin ona olan məhəbbətini başa düşürəm.
Bütün qalan günü mən düzənlikdə gəzdim. Qartopu oynadım, qonşu şəhərcikdə oldum, kafe də qaz
paşteti ilə sendviç yedim, uzun müddət qarda top qovan oğlanları seyr etdim.
Sonra kilsəyə girdim, şam yandırdım. Gözlərimi yumdum və bir gün əvvəl öyrəndiyim duaları
təkrar etdim. Daha sonra hərəkətsiz baxışlarımı mehrabın qarşısındakı xaçda cəmləşdirərək heç bir
anlamı olmayan sözlər deməyə başladım. Yavaş – yavaş dilləri bilmək qabiliyyəti mənə əyan oldu –
bu mən düşündüyümdən asan baş verdi.
Bütün bunlar axmaqlıq kimi görünə bilərdi – nə isə əlaqəsiz bir şeylər donquldanmaq, bizim
şüurumuza heç nə deməyən sözləri dilə gətirmək.
Lakin Müqəddəs Ruh mənim qəlbimlə
danışmağa başladı və o, eşitməli olduğunu eşitdi.
Mən kifayət qədər təmizləndiyimi hiss edəndə gözlərimi yumdum və dua oxudum:
«Müqəddəs Məryəm, mənim inamımı qaytar. Elə et ki, mən Sənin işlərinin alətinə çevrilim. Mənə
məhəbbət vasitəsilə dərk etmək imkanı ver. Zira məhəbbət heç kimi öz xəyallarından uzaqlaşdırmır.
Elə et ki, mənim sevdiyim şəxsin mütəffiqi və yoldaşı olum. Kömək elə, o, etməli olduğu hər şeyi
həyata keçirsin – mənim yanımda».
Mən Sent – Savenə qayıdanda artıq şər qarışırdı. Avtomobil bizim kirayə otaq tutduğumuz evin
yanında dayanmışdı.
-Sən hardaydın? – o, məni görər – görməz soruşdu.
-Gəzirdim, veyllənirdim, dua edirdim, - mən cavab verdim.
O, məni möhkəm qucaqladı.
-Bir an mən bərk qorxdum, mənə elə gəldi ki, sən həmişəlik getmisən.
Bu dünyada mənim
səndən qiymətli heç nəyim yoxdu.
-Mənimçünsə – səndən.
Biz San – Martin – de – Unksa çatmağa çox az qalmış hansısa şəhərcikdə dayandıq. Dünən qarla
birlikdə yağış da yağdığından Pireneylərdən keçən yol fikirləşdiyimizdən çox vaxt apardı.
-Yeməkxanadan – filandan bir şey tapa bilsəydik, - o, maşından düşəndə dedi. – Acımdan ölürəm.
Mən tərpənmədim.
-Sən niyə qaldın? – o, qapını açdı.
-Mən sənə bir sual vermək istəyirəm. Mən bu barədə görüşdüyümüz gündən soruşmamışam.
Həmin dəqiqə təbəssüm onun üzündən silindi və onun qəfil həyəcanı məni güldürdü.
-Nə isə vacib bir şeydi?
-Fövqəladə vacibdir, - mən ciddiliyimi qorumağa çalışaraq cavab verdim. – Deməli belə, sual
aşağıdakı kimi səslənir: «Biz hara gedirik?»
Və biz ikimizdə qəhqəhə çəkdik.
-Saraqosa, - o, yüngülləşdiyini gizlətmədən cavab verdi.
52

Mən maşından yerə atıldım və bu qədər gec saatda açıq olan restoran axtarmağa yollandıq. Adama
elə gəlirdi ki, bu, qeyri – mümkündü.
«Heç də yox. Özgə artıq mənimlə deyil. Möcüzə baş verir», - mən düşündüm, amma başqa dilimə
başqa şey gətirdim:
-Sən Barselonada nə vaxt olmalısan?
O cavab vermədi, üzü isə dalğın ifadə aldı. «Bu cür suallardan qaçmaq lazımdır, mən fikirləşdim. –
Yoxsa, o, elə düşünər ki, mən onun həyatına soxulmaq istəyirəm».
Biz səssiz bir az da getdik və bu bapbalaca şəhərciyin meydanında «Restoran «El Sol»» yazılmış
neon elanı gördük.
-Açıqdır, gəl, girək, - vəssalam, onun dediyi təkcə bu oldu.
Qırmızı bibərlə əhatəyə alınmış ançouslar boşqaba ox şəklində düzülüb, yanında da qoyun
pendirinin yarımşəffaf tikələri.
Stolun mərkəzində yanan şam və «Rioxi» şüşəsi qoyulub.
-Orta əsrlərə aid çaxır anbarından, - ofisiant – oğlan izah elədi.
Bu gec saatda barda heç kim yox idi. O ayağa durdu, telefona yaxınlaşdı, sonra isə stola qayıtdı.
Mən dəhşətli dərəcədə onun kimə zəng etdiyini soruşmaq istəyirdim, ancaq bu dəfə özümü saxlaya
bildim.
-Biz gecə üçün yarısına qədər işləyirik, - ofisiant davam etdi. – Lakin əgər siz bağlanandan sonra
da qalmaq istəsəniz, əlavə vetçina, pendir, şərab da verə bilərik və siz meydanda oturarsınız. Şərab
sizi donmağa qoymaz.
-Yox, oturmağa vaxtımız yoxdur, - o cavab verdi. – Biz səhər Saraqosda olmalıyıq.
Oğlan piştaxtanın arxasına qayıtdı. Biz təzədən qədəhləri doldurduq. Onda, Bilbaoda olduğu kimi
mən yenə də yüngüllük hiss etdim: «Rioxo» öz yumşaq təsirini göstərməyə və söhbətin çətin
anlarında kömək etməyə başlamışdı.
Mən bir qurtum da içdim və dedim:
-Sən maşın sürməkdən yorulmusan, həm də biz içirik. Yaxşı olardı ki, burda bir yerdə gecələyək.
Yolda mən parador gördüm.
O, razılıq əlaməti olaraq başını tərpətdi və dedi:
-Bir o stola bax. Yaponlar bunu şibumi adlandırırlar – sadəlikdə mürəkkəblik. Adamlar pul
yığırlar, bahalı restoranlara gəlirlər və elə hesab edirlər ki, dəbdəbəli yaşayırlar.
Mən bir az da içdim.
Parador. Onunla yanaşı daha bir gecə.
Əsrarəngiz şəkildə bərpa olmuş bakirəlik.
-Seminaristin dəbdəbə haqqında necə mülahizə yürütdüyünü eşitmək gülməlidir, - mən öz
düşüncələrimdən qopmağa çalışaraq dedim.
-Niyə ki? Məhz, seminariyada mən başa düşdüm ki, inamımızın sayəsində biz nə qədər Allaha
yaxınlaşırıqsa, O, bir o qədər sadələşir. Və o, nə qədər sadələşirsə, mövcudluğu bir o qədər güclü
hiss olunur.
Onun əli stolun üstü ilə sürüşdü.
-İsa ağac kəsə – kəsə, ağac yona – yona, şkaf, çarpayı, stul düzəldə - düzəldə öz missiyasını
öyrənib. Hansı iş görməyimiz vacib deyil – istənilən şey bizi Tanrı sevgisinin dərkinə gətirib çıxarda
bilər - İsa bunu göstərmək üçün bizə dülgər qismində göndərilib.
Qəflətən o dayandı:
-Bu barədə danışmaq istəmirəm. Başqa sevgi barədə danışmaq istəyirəm.
Onun əlləri mənim üzümə toxundu.
Şərab bir çox şeyləri onun üçün yüngülləşdirmişdi. Elə mənim üçün də.
-Niyə susdun? Niyə Allah haqqında, Bakirə Məryəm haqqında, mənəvi aləm haqqında danışmaq
istəmirsən?
53

-Mən başqa sevgidən danışmaq istəyirəm, - o təkrar etdi. – Kişi və qadının sevgisindən. Bu sevgidə
də möcüzələr baş verir.
Mən onun əllərini sıxdım. Bəlkə də ona İlahənin böyük sirləri əyandır – lakin məhəbbət haqqında o
da mənim qədər bilir. Hərçənd bütün dünyanı gəzib.
Və o, tələb olunan bədəli ödəməyə məcburdur – ilk addımı o atmalıdır. Çünki qadın daha yüksək
bədəl ödəyir – o özünü verir.
Biz hələ uzun müddət beləcə oturduq: əl – ələ tutaraq. Mən onun gözlərində qədim qorxuların
əksini görürdüm – onlar həqiqi sevginin keçməli olduğu sınaqlar idi. Mən onun gözlərində dünən
gecə ona təslim olmadığımı, bizim uzun ayrılığımızı, monastırda belə əhvalatların baş vermədiyi
dünyanın axtarışına sərf edilmiş illəri görürdüm.
Mən onun gözlərində görürdüm ki, o dəfələrlə bunun necə baş verəcəyini – mənim saç
düzümümdən tutmuş paltarımın rənginə qədər bizi əhatə edəcək hər şeyi xəyalından keçirib. Mən
ona «hə» demək, «xoş gəlmisən» demək istəyirdim, demək istəyirdim ki, mənim ürəyim bu döyüşdə
qalib gəldi. Mən onu necə sevdiyimi, bu dəqiqə necə arzuladığımı demək istəyirdim.
Lakin susmaqda davam edirdim. Susmaq və sanki kənardan, yuxuda olduğu kimi, onun daxili
mübarizəsini izləmək. Mən görürdüm ki, onun qarşısında mənim «yox» um dayanıb, məni itirmək
qorxusu, yaddaşdakı, belə anlarda səslənən kəskin sözlər onu sıxır – zira biz hamımız bundan
keçirik və indiyə qədər heç kim yara və çapıqlardan can qurtara bilməyib.
Budur, nəhayət, onun gözləri parıldadı. Mən anladım ki, o, bütün bu əngəllərin öhdəsindən gəlməyi
bacardı.
Onda mən, əlimi onun əlindən çəkərək stəkanı götürdüm və stolun lap kənarına qoydum.
-Düşəcək, - o xəbərdarlıq etdi.
-Yəqin ki. Mən sənin onu atmanı istəyirəm.
-Stəkanı sındırım?
Bəli, stəkanı sındırmaq. İlk baxışda sadə bir hərəkət – lakin o, özündə o qədər qorxular gizlədir ki,
biz heç vaxt onları axıradək dərk edə bilmərik. Ucuz stəkanı döşəməyə çırpmaqda qeyri – adi nə
var? – axı, hər birimiz bunu dəfələrlə təsadüfən və qəflətən o qədər etmişik ki…
-Stəkanı sındırım? – o təkrarladı. – Axı, neyçün?
-Mən sənə geniş izahat verə bilərdim, - mən cavab verdim. – Amma yalnız bir şey deyəcəyəm –
onun sınması üçün.
-Bu sənə lazımdır?
-Təbii ki, mənə yox.
O, stolun lap qırağında dayanmış stəkana baxırdı və onun düşəcəyindən ehtiyatlandığı aşkar
görünürdü.
«Bu ritualdır, - mən demək istəyirdim. – Bu – qadağadır. Bilərəkdən stəkanı qırmaq olmaz. Biz öz
evimizdə və ya restoranda oturanda çalışırıq ki, stəkanı stolun qırağına qoymayaq. Bizim Kainat
ehtiyatlı olmamızı tələb edir, stəkanlar döşəməyə düşməsinlər deyə».
Əgər qəfildən və naqolaylıqdan sındırsaq, qeyri – adi heç nəyin baş vermədiyini görəcəyik.
Ofisiant: «Narahat olmayın» deyəcək, mən də hələ ömrümdə bir dəfə də görməmişəm ki, sınmış
stəkanı hesaba qatsınlar. Stəkan qırmaq – adi işdir, məişətdə baş verir və heç kimə zərər toxunmur –
nə bizə, nə restorana, nə yaxınımıza.
Mən stola toxundum. Stəkan tərpəndi, amma düşmədi.
-Yavaş! – o ucadan dedi.
-Sındır onu, - mən inadla təkrar elədim, özümsə düşündüm:
«Sındır onu, bu simvolik jesti elə. Çalış başa düşəsən ki, mən içimdə stəkandan daha qiymətli və
vacib bir şeyi sındırmışam – və mən xoşbəxtəm. Daxilində mübarizə gedən qəlbinə bax, - və sındır
onu».
Zira bizim valideynlərimiz bizə stəkanlara və bədənə ehtiyatla yanaşmağı öyrədiblər. Beynimizə
yeridiblər ki, uşaqlıq ehtirası – mümkünsüzdü, biz ruhani olmağa hazırlaşan insanı seçdiyi yoldan
54

sapdırmamalıyıq, insanlar möcüzə yaratmağa qadir deyillər və əgər hara apardığını bilmirsənsə, yola
çıxmaq lazım deyil.
Xahiş edirəm, stəkanı sındır – və sən ikimizin də üstündən bu cadunu siləcəksən, inadkarcasına hər
şeyin izahını axtarmaq meylindən, yalnız başqalarının bəyənəcəyi işləri görmək xəstəliyindən azad
edəcəksən.
- Sındır stəkanı,- mən bir də dedim. O, zəndlə mənim gözlərimə baxdı. Sonra onun əli yavaş-yavaş
stolun üstü ilə sürüşdü, stəkana toxundu-və sərt hərəkətlə onu yerə saldı.
Şüşənin cingiltisi hamının diqqətini çəkdi.Qışqırmaq, naqolaylığına görə özünü danlamaq, ya da
buna bənzər bir şey etmək əvəzinə o, sakitcə, təbəssümlə mənə baxdı-mən də gülümsədim.
- Eybi yoxdur!- gənc qarson bizə müraciətlə səsləndi.
Lakin o, qarsonu eşitmədi. Azacıq qalxdı, başımı özünə yaxınlaşdırdı və dodaqlarını dodaqlarıma
yapışdırdı.
Mən də barmaqlarımı onun saçlarına saldım, onun dilinin ağzımda necə tərpəndiyini hiss edə-edə
dodaqlarımla dodaqlarını sordum. Sevginin anlamını başa düşmədiyimiz vaxtlarımızda, uşaqlıq
illərində çay sahilində doğulmuş bu öpüşü mən çox gözləmişdim. Bizim yetişkin çağlarımzda sanki
havada asılı qalmış, medalyon haqqındakı xatirələrin ardınca bütün dünyanı dolaşmış, məni
müsabiqəyə hazırlamaq kimi xeyirxah məqsəd güdən kitab qalaqlarının arxasında gizlənmiş öpüşü.
Bu öpüş neçə dəfə yoxa çıxmışdı,neçə dəfə itmişdi və nəhayət, biz onu tapdıq. Onda-cəmi bir dəqiqə
çəkməsinə baxmayaraq-uzun illərin axtarışları, məyusluğu, həyata keçməyən arzuları gizlənmişdi.
Mən öpüşə cavab verdim. Yəqin ki, barın azsaylı müştəriləri bizə baxırdılar və fikirləşirdilər ki,
qeyri-adi heç nə baş vermir – iki nəfər öpüşür. Onlar hardan biləydilər ki, həmin an öpüş mənim
yaşadığım bütün günlərin, onun və günəşin altında öz yolunu gözləyən, onu axtaran və onu
arzulayan hər kəsin bütün həyatının cəmi və nəticəsi oldu.
Mənim yaşamımın bütün xoşbəxt anları əriyərək bu öpüşə qarışdı.
O, paltarımı soyundurdu və mənə daxil oldu – qorxa-qorxa, var-gücüylə, ehtirasla. Mən yüngül ağrı
hiss elədim, lakin onun heç bir əhəmiyyəti yox idi. Həmin anda duyduğum kəskin həz də heç bir
əhəmiyyət daşımırdı. Mən onun başını qucaqlamışdım, iniltisinə qulaq asırdım və allaha təşəkkür
edirdim – onun mənimlə və məndə olduğu üçün, hər şeyi birinci dəfəymiş kimi hiss etdiyim üçün.
Biz bütün gecə sevişdik – gerçəklik xülyalarla, yuxuyla qarışmışdı. Mən onun varlığını içimdə
duyurdum və var –gücümlə onu özümə sıxırdım- hər şeyin həqiqətən baş verdiyinə əmin olmaq,
indi otelə çevrilmiş bu qəsrdə qədim zamanlarda yaşamış gəzəri cəngavərlərin getdiyi kimi
gözlənilmədən getməsinə yol verməmək üçün. Səssiz Daş divarlar və tağtavanlar gözləməyə, göz
yaşı axıtmağa, bir xəbər, bir ümid, bir işarə həsrətilə üfüqə baxaraq günlərini pəncərə önündə
keçirməyə məhkum olan gözəllər haqqında xatirələri qoruyurdu.
Yox, mən heç vaxt bunları yaşamayacağam – özümə and içdim. Mən heç vaxt onu itirməyəcəyəm.
O, əbədilik və daima mənimlə olacaq – zira mən mehrabdakı xaça baxanda Müqəddəs Ruhu
eşidirdim və O, bütün dillərdə və ləhcələrdə deyirdi ki, mən günah etmirəm.
Mən onun yol yoldaşı, dostu olacağam, biz yenidən yaradılmış dünyanı fəth edəcəyik. Biz
Müqəddəs Ananın haqq sözünü yayacağıq, biz arxangel Mixaillə çiyin-çiyinə döyüşəcəyik, biz
yalnız öncüllərin qisməti olan əzabları və fərəhi birlikdə yaşayacağıq.. Bunları mənə dillər deyirdilər
–və təpədən-dırnağa qədər inamla silahlanmış mən onların həqiqəti dediklərini bilirdim.
***
Mən onun sinəmə qoyduğu əllərinin təmasından oyandım. Pəncərə arxasında gün tamamilə
işıqlanmışdı və yaxındakı kilsənin zəngləri çalınırdı.
O, məni öpdü. Əlləri bir də bədənim boyu sürüşdü.
- Vaxtdır, - o dedi. – Bu gün bayram sona çatır, yollar maşınla dolu olacaq.
55

- Mən Saraqosa getmək istəmirəm,- mən cavab verdim. – Mən sənin olduğun yerdə olmaq istəyirəm.
Tezliklə banklar açılacaq, mən hesabdan pul götürəcəyəm, özümə paltar alacağam.
- Axı, sən deyirdin ki, pulun azdır?
- Bəs eləyər. Mən öz keçmişimlə əlaqəni qəddarcasına kəsməliyəm. Əgər Saraqosa qayıtsam,
axmaqlıq etdiyimi, tezliklə imtahanların başlayacığını və mən onları verənə qədər, iki ay bizim ayrı
qala biləcəyimizi fikirləşəcəyəm.
Əgər imtahanlardan kəsilsəm, ola bilsin ki, Saraqosdan getmək istəməyəcəyəm. Yox, yox, mən
qayıda bilmərəm. Körpüləri yandırmaq lazımdır- indiki mənlə əvvəlki arasında heç bir əlaqə
qalmamalıdır.
- Barselona, - o, sanki öz-özünə danışırmış kimi dedi.
- Nə?
- Yox, heç nə. Yolumuza davam edək.
- Axı sənin mühazirən var.
- Hələ iki gün var, - o cavab verdi və mənə elə gəldi ki, onun səsi nə isə qəribə səsləndi.
- Başqa şəhərə gedək. Birbaş Barselonaya getmək istəmirəm.
Mən çarpayıdan qalxdım. Xoşagəlməz heç bir şey haqqında düşünmək istəmirdim – bəlkə kimnləsə
ilk eşq gecəsindən sonra kefsiz oyanmaq və karıxdığından belə soyuq olmaq onun xasiyyətidir.
Pəncərəyə yaxınlaşdım, pərdəni çəkdim, balaca küçəyə baxdım. Qonşu evlərin eyvanlarında alt
paltarları asılmışdı. Kilsə zəngləri çaldı.
- Bilirsən, nə var?- mən dedim. – Gəl, uşaqlıqda getdiyimz yerə gedək. Mən o vaxtdan orda
olmamışam.
- Harda «orada»?
- Pyedra monastırında.
Biz oteldən çıxırıq, zənglərsə hələ də çalır. O, kilsəyə girməyi təklif edir.
- Biz elə bununla məşğuluq, - mən cavab verirəm. – Kilsə, dualar, ayinlər.
- Düz deyil, - o deyir. – Biz sevişmişik. Üç dəfə sərxoş olmuşuq. Dağlarda gəzmişik. Mərhəmət və
Ciddiliyi əməlli-başlı tarazlaşdırmışıq.
Yersiz danışdığımı hiss edirəm. Mən artıq yeni həyata öyrəşməliyəm.
- Bağışla, - mən deyirəm.
- Az oturarıq. Zənglər bizə işarə verir.
O, tamamilə haqlı çıxdı, ancaq mən bunu yalnız növbəti gün başa düşəcəkdim.
İşarənin gizli mənasını sonadək anlamadan biz maşina oturduq və dörd saatdan sonra monastırda
idik.
Tavanın suvağı qopub, müqəddəslərin azsaylı heykəlləri isə başsız qalıb. Hamısı. Birindən başqa.
Mən ətrafa nəzər saldım. Yəqin ki, keçmiş zamanlarda burada güclü iradəyə malik, hər bir daşın
təmizlikdən parıldamasının, hər bir skamyada o dövrün qüdrətli yepiskoplarından birinin
oturmasının qayğısına qalan adamlar sığınacaq tapırmışlar.
Lakin indii hər şey xarabalığa çevrilmişdi. Onları uşaq vaxtı birlikdə oynadığımız, mənim öz sehrli
şahzadəmi axtardığım qəsrlər kimi təsəvvür etmək mümkün idi.
Pyedra monastırının rahibləri əsrlər boyu bu cənnət bucağını özləri üçün qoruyublar. Təbii geoloji
çökəklikdə yerləşmiş monastır yarandığı ilk gündən göylərin mərhəməti sayəsində, qonşu şəhərlərin,
qəsəbələrin ağır zəhmət və yalvarışlar bahasına əldə etdiyi şeyi – suyu elə–belə alırdı. Burda RioPyedra onlarla qollara bölünürdü, şəlaləyə çevrilirdi, göllər əmələ gətirirdi, onun sahillərində qalın
və sıx ağaclar, kollar, otlar bitirdi.
Amma bir neçə yüz addım atmaq kifayət edirdi – və sən yarğandan çıxırdın. Hər tərəf cansız,
bəhrəsiz səhraya çevrilirdi. Hətta bu təbii çökəklikdə fırlanmaqdan yorulmuş çay öz gənclik
qüvvəsini itirirdi və yenidən zorla sezilən su şırnağı olurdu.
56

Rahiblər bu barədə bilirdilər və suyu qonşularına baha qiymətə satırdılar. Monastırın tarixi yerli
sakinlər və rahiblər arasında baş vermiş saysız toqquşma və qarşıdurmalarla zəngindir. Və bir dəfə
İspaniyanı sarsıtdığı dövrdə monastırı kazarmaya çevirdilər. Monastır kilsəsinin içində atlar
gəzirdilər. Bir – birini bayağı əhvalatlarla əyləndirən və bütün ətraf yerlərin qadınlarını zorlayan
əsgərlər skamyaların arasında öz çadırlarını qurmuşdular.
Beləliklə, gec də olsa, monastır öz cəzasına çatdı. O, qarət olundu və dağıdıldı.
Və bir daha heç vaxt rahiblər öz itirilmiş cənnətlərini qaytara bilmədilər. Hətta sonsuz məhkəmə
çəkişmələrindən birində kimsə yerli əhalinin Allahın monastıra çıxardığı hökmü yerinə yetirməsini
təklif etdi. Zira İsa susuzların yanğısını söndürməyi əmr etmişdi, rahiblərsə onun sözlərinə kar
qalmışdılar. Bax, elə buna görə də Allah təbiətin təkcə onlara aid olduğunu fikirləşənləri
cəzalandırdı.
Bəlkə elə həmin səbəbdən monastır kilsəsi əvvəlki kimi xarabalıq idi, baxmayaraq ki, monastırın
çox hissəsini yenidən tikib mehmanxanaya çevirmişdilər. Yerlilər, təbiətin insanlara havayı verdiyi
bəxşiş üçün əcdadlarının necə baha qiymət ödəməli olduqlarını unutmamışdılar.
- Bu bütöv qalmış heykəl kimindir?- mən soruşdum.
- Müqəddəs Tereza Avillinin,- o cavab verdi.- O, qüdrət sahibidir. Və qisas hissi yerli əhalini nə
qədər yandırsa da, heç kim onu murdarlamağa cəsarət etməyib.
O, mənim əlimdən tutdu və biz çıxdıq. Monastırın sonsuz dəhlizlərində addımladıq, geniş taxta
pillələrlə qalxdıq, kəpənəklər uçuşan daxili həyətə girdik. Mən bütün təffərrüatları yada salırdım,
çünki uşaqlıqda tez-tez burda olurdum və köhnə xatirələr daha aydın və parlaq görünürdü.
Yaddaş. Mənə elə gəlirdi ki, ötən həftəyə qədər olan ayların və xüsusilə günlərin mənim həyatıma
dəxli yoxdur, ya da mən onları özümün başqa cildimdə yaşamışam. Dünyada heç nəyin xətrinə mən
o zamana qayıtmaq istəməzdim, zira onun saatlarını məhəbbətin əli ölçmürdü. Mən hiss edirdim ki,
uzun illər ərzində eyni cür oyanaraq və yataraq, eyni sözləri təkrarlayaraq, eyni işləri görərək eyni
bir günü yaşamışam. Elə yuxuma da eyni şeylər girirdi.
Mən, atamı və anamı, valideynlərimin valideynlərini və bir çox dostlarımı xatırladım. Əslində mənə
ümumiyyətlə gərək olmayan bir şeyi əldə etmək üçün nə qədər zəhmət çəkdiyimi xatırladım.
Bütün bunları niyə edirdim? Mən birmənalı cavab tapa bilmirdim. Bəlkə ona görə ki, başqa yollar
xatarmağa tənbəllik edirdim. Bəlkə başqalarının mənim barəmdə nə fikirləşəcəyindən və nə
deyəcəyindən qorxduğum üçün. Bəlkə ona görə ki, həmin başqalarından fərqlənmək çətindir. Bəlkə
ona görə ki, insan köhnə nəslin addımlarını təkrarlamağa məhkumdur – və bu yerdə mən müqəddəs
atanı xatırladım –müəyyən sayda insanlar fərqli davranmağa başlayana qədər.
Elə, ya da belə, hər halda dünya dəyişir – və biz də onunla birlikdə.
Lakin bu artıq məni qane etmirdi. Mən taleyimdən haqqım olanı almışdım və indi o, mənə özümü
dəyişmək və eyni zamanda dünyanın dəyişməsində iştirak etmək imkanı vermişdi.
Mən yenə də dağlar haqqında düşündüm, yolda rastlaşdığımız alpinistləri yadıma saldım –
gənc,qarda parlaq ləkə uzaqdan nəzərə çarpsın deyə xüsusi tikilmiş rəngbərəng kostyumlarda, dağın
ətəyindən zirvəsinə qədər konkret bir marşuruta riayət edən.
Yamaclara artıq alüminium çəliklər çalınıb – alpinistlərə təkcə qoruyucu kəndirlərin qarmaqlarını
onlara keçirmək və zirvəyə qalxmaq qalırdı. Onlar istirahət günlərində bura kəkin hisslər xatirinə
gəliblər, bazar ertəsi isə həmişəki monoton həyatlarına qayıdacaqlar, ancaq onlara elə gələcək ki,
təbiətə meydan oxuyublar və bu yarışdan qalıb çıxıblar.
Gerçəkdə isə bu heç də belə deyil. Macəra ehtirası buralara başqalarını-təzə yollar açanları, öncülləri
qovmuşdu. Onlardan bəziləri yoxuşun heç yarısını da qət edə bilmədilər- uçuruma yıxıldılar.
Digərlərinin əllərini, ayaqlarını don vurdu. Çoxları, ümumiyyətlə, xəbərsiz-ətərsiz itdi. Lakin gözəl
günlərin birində kimsə zirvələrdən birinə qalxdı.
Və ilk dəfə onun gözləri aşağıda döşənmiş mənzərəni gördü, onun ürəyi qürurdan tez-tez döyündü.
O risk etdi və indi öz qələbəsilə – cəhdləri baş tutmayanları, yarıyolda qalanlara ehtiram borcunu
ödədi.
57

Çox ola bilər ki,orada, aşağıda adamlar düşünürlər: «Yuxarıda maraqlı nə var axı? Bəlkə təkcə
mənzərə. Bu onun nəyinə gərəkdi?»
Ancaq o, bu zirvələrə birinci qalxan səbəbi bilirdi. Çağırışı qəbul etmək və irəli getmək üçün. Bir
günün o birisinə bənzəmədiyini, hər səhərin bizə öz təkrarsız möcüzələrini əta etdiyini, köhnə
qalaktikaların öldüyü və yeni ulduzların doğulduğu sehrli anların olduğunu bildiyi üçün.
Bu zirvələrə birinci qalxan şəxs, yəqin hündürlükdən tüstüsü çıxan evciklərə baxaraq özünə həmin
sualı verirdi: «Aşağıdakı adamların bir günü o birindən fərqlənmir. Bu onların nəyinə gərəkdi?»
İndi dağlar artıq fəth olunub, astronavtlar artıq kosmik fəzaya giriblər və Yer planetində kəşf
olunmasını gözləyən hətta ən kiçik ada belə yoxdur, lakin böyük ruhi macəralar hələ yetərincədir –
və onlardan biri indi mənim qismətimə düşüb.
Bu xeyir-dua idi. Müqəddəs ata heç nə anlamadı. Necə ləzzətli bir əzabdır?!
İlk addımı atmağı bacaranlar bəxtiyardırlar. Nə vaxtsa adamlar başa düşəcəklər ki, mələklərin
dilində danışmağa qadirdilər. Başa düşəcəklər ki, bizim hər birimizdə Müqəddəs Ruhun vergiləri var
və hamımız möcüzə yarada, gələcəyi görə, ehtiyacı olanlara sağalda, yaxınlarımızı anlaya bilərik.
Günün bütün ikinci yarısını biz kanyonda gəzirik, uşaqlıq illərini yada salırıq. O, bu barədə birinci
dəfə danışırdı – Madriddən Bilbaoya qədər getdiyimiz müddətdə mənə elə gəlirdi ki, keçmiş ona
artıq maraqlı deyil.
Amma indi o özü mənə yaşıdlarımızın həyatı haqqında sual verir, xoşbəxt olub-olmadıqlarını
soruşur, məşğuliyyətləri ilə maraqlanır.
Nəhayət ki, biz Rio-Pyedranın kiçik çayların suyunu bir yerə toplayan və sonra da təxminən 30metrlik hündürlükdən səpələyən ən böyük şəlaləsinə çatdıq. Biz şəlalənin kənarında dayanmışıq,
boğuq uğultunu dinləyirik, dumanda əmələ gələn göy qurşağına baxırıq.
- «At Quyruğu», - mən deyirəm və özüm də bu adı hələ unutmadığıma heyrətlənirəm- axı onu
çoxdan eşitməmişəm.
- Yadıma gəlir ki… - o danışmağa başlayır.
- Mən bilirəm, sən indi nə deyəcəksən!
Əlbəttə bilirəm! Şəlalə nəhəng mağaranı gizlədir. Uşaq vaxtı, Pyedra monastırından qayıdandan
sonra biz hələ bir neçə gün onun haqqında danışırdıq.
- … Orda mağara vardı, - o, sözünü bitirir. - Gedək ora!
Yüksəklikdən tökülən suyun şaquli şırnağı altından keçmək qeyri –mümkündür və rahiblər hələ çox
qədim zamanlarda kanyonun yuxarısından mağaranın dərinliyinə aparan tunel qazmışdılar.
Girişi tapmaq çətin deyil. Yayda yəqin turistlər azmasınlar deyə orda şam yandırırlar, lakin indi
bizdən başqa heç kim yoxdur və tunel qaranlığa qərq olub.
- Gedirik? – mən soruşuram.
Əlbəttə. Mənə güvən.
Və biz şəlalənin yanında açılmış dəliyə düşərək enməyə başlayırıq. Bizi zülmət ağuşuna almışdı,
ancaq biz yolu bilirdik – və bir də o, ona güvənməmi istəmişdi axı.
«İlahi, sənə təşəkkür edirəm, - biz torpağın bətninin daha da dərinliklərinə endikcə mən
fikirləşirdim. – Zira mən yolunu azmış qoyun idim, Sənsə məni sürüyə qaytardın. Zira mənim
həyatım ölü idi, Sənsə onu canlandırdın. Zira məhəbbət çoxdan mənim ürəyimdən yaşamırdı, Sənsə
yenidən mənə onun xeyir-duasını əta etdin».
Mən sevgilimin çiynindən yapışmışdım və o, işığın tezliklə yenidən üzümüzə açılacağını, bizim
sevinəcəyimizi bilərək qaranlıq yollarda mənim addımlarımı istiqamətləndirirdi. Çox ola bilər ki,
gələcək rolları dəyişsin- mən, eyni sevgi və eyni imanla silahlanacam, təhlükəsiz yerə çıxana qədər
ona yol göstərəcəm və onda biz rahatlıq tapacağıq.
58

Biz yavaş gedirdik və elə bil ki, bu yolun heç vaxt sonu olmayacaqdı. Bəlkə bu yeni ritm həyatımın
bütöv bir mərhələsinin sonuna işarədir- o zamanlar yaşamımı aydınladacaq kiçicik işıq şüası da yox
idi. . Tuneldə yeriyə-yeriyə mən eyni bir yerdə tərpənməz oturaraq, heç nəyin bitmədiyi və
bitməsinin mümkün olmadığı yerdə kök atmağa çalışaraq boş-boşuna nə qədər vaxt öldürdüyümü
xatırlayırdım.
Lakin Allah rəhmlidir və budur, mən yenidən keçmiş ruh yüksəkliyini də, yaşama sevincini də,
arzuladığım macəraları da, özüm də bilmədən bütün həyatım boyu gözlədiyim insanı da tapdım. O,
seminariyanı atdığı üçün mən bir damcı da vicdan əzabı çəkmirdim-müqəddəs atanın Tanrıya
xidmət etməyin müxtəlif yolları olduğu və bizim məhəbbətimizin bu yolları artıracağı barədə
dedikləri yadımda idi. Bu dəqiqədən etibarən mən də kömək və xidmət etmək imkanı qazanıram- və
bütün bunlar onun sayəsində olur.
Biz adamların arsına gedəcəyik. O, onların qəlbinə sülh, əmin-amanlıq gətirəcək, mən onun.
«Rəbbim, sənə xidmət etməmə kömək olduğun üçün minnətdaram. Bu şərəfə necə layiq olmağı
öyrət. Onun missiyasının bir parçası olmaq üçün, onunla yanaşı yerimək üçün , öz mənəvi həyatımı
diriltmək üçün mənə güc ver. Qoy bizim günlərimiz son bir neçə gün kimi olsun- qoy, biz xəstələri
sağalda-sağalda, ümidsizlərə təsəlli verə-verə, Müqəddəs Ananın məhəbbət sözlərini hamımıza ötürə
– ötürə ölkədən-ölkəyə keçək».
Qəfildən şəlalənin səs – küyü yenidən eşidilməyə başladı, bizim yolumuz işıqlandı və zülmət tunel
yer üzünün ən gözəl məkanlarından birinə çevrildi. Biz nəhəng mağaranın – baş kilsənin ölçüləri
boyda – içində idik. Onun üç divarı daşdan idi, dördüncü divarı yüksəklikdən ayağımızın altındakı
göy – yaşıl gölə tökülən su əvəz edirdi.
Günəşin içəpi daxil olan şüaları onun arasından keçirdi və yaş daşlar parıldayırdılar.
Bir kəlmə belə demədən biz, əldən düşmüş halda divara söykəndik.
Bizim uşaq oyunlarımızda, körpə fantaziyalarımızda buy er quldurların qarət etdiklərini gizlətdikləri
xəzinə idi. İndi Torpaq Ananın möcüzəsinə dönmüşdü: mən hiss edirdim ki, onun bətnindəyəm, mən
bilirdim – O burdadır, Onun daşdan olan üç divarı bizi qoruyur, dördüncü, su isə – bizim
günahlarımızı yuyur.
- Çox sağ ol, - mən dilləndim.
- Kimə təşəkkür edirsən?
- Ona. Və Onun iradəsinin aləti olmuş, mənə əvvəlki inamımı qaytarmış sənə.
O, yeraltı gölün yanına getdi. Göy – yaşıl suya baxdı və gülümsədi.
- Bura gəl.
Mən yaxınlaşdım.
- Mən sənə hələ bilmədiyin bir şey danışmalıyam.
Bu sözlər məni təşvişə saldı, lakin onun baxışları sakit qalmaqda davam edirdi və mən də
sakitləşdim.
- Yer üzündə ki hər bir insana vergi verilib, - o başladı. – Bəzilərində o öz – özünə üzə çıxır,
digərləri onu tapmaq və meydana çıxartmaq üçün qüvvə sərf etməlidirlər. Məsələn, mən
seminariyada ueçirdiyim bütün dörd il ərzində çox çalışmışam.
İndi, əgər qoca qarovulçu bizi sovməəyə buraxmayanda onun dediyi sözü xatırlasaq, mən oyun
oynamalı idim.
Özümü elə göstərməliydim ki, guya heç nə bilmirəm.
«Eybi yox», - mən düşündüm və rolumu yaxşı oynamaq üçün vaxt qazanmaq məqsədilə dedim:
- Sən seminariyada nə edirdin ki?
- Ümumiyyətlə, bu vacib deyil, - o cavab verdi. – Vacib olan odur ki, mən öz qabiliyyətimi inkişaf
etdirməyi və möhkəmlətməyi bacardım. Allah izn verəndə, mən xəstəlikləri sağalda bilirəm.
- Bu ki əladır! – mən özümü heyrətlənmiş kimi göstərərək qışqırdım. – Həkimlərə pul sərf etməyə
ehtiyac olmayacaq.
59

Lakin o, mənim zarafatıma gülümsəmədi.Və mən özümü axmaq kimi hiss etdim.
- Mən öz qabiliyyətimi sənin gördüyün xarizmatik ritualların sayəsində inkişaf etdirmişdim. Mənim
dualarıma cavab olaraq Müqəddəs Ruh mən zühur etdi və məni aydınlatdı, mən naxoşları əlimin
təması ilə müalicə edirdim və sağaldırdım.Tezliklə bunun sorağı bütün ətrafa yayıldı və monastırın
qarşısında səhər erkəndən məndən kömək gözləyən əzabkeşlərin, xəstələrin, əlillərin uzun növbəsi
düzülürdü. Hər bir irinli, üfunətli yarada mən İsanın yaralarını görürdüm.
- Mən səninlə fəxr edirəm, - mən pıçıldadım.
- Monastırda çoxları bunun əleyhinə idilər, lakin müqəddəs ata məni daima dəstəkləyirdi.
- Biz bunu davam etdirəcəyik. Dünyanı birlikdə gəzəcəyik. Mən yaraları təmizləycəyəm, sən onlara
xeyir – dua verəcəksən, Allahsa öz möcüzələrini əyan edəcək.
O, baxışlarını məndən çəkərək gölə zillədi. Sent – Savendə, quyunun yanında onunla şərab
içdiyimiz gecə olduğu kimi mən yanımda naməlum varlığın mövcudluğunu hiss etdim.
- Mən artıq sənə danışmışam, amma təkrar edəcəyəm, - o dava etdi. - Bir dəfə mən gecə oyandım.
Mənim hücrəmə parlaq işıqla işıqlanmışdı. Mən Müqəddəs Ananın simasını, Onun sevgi dolu
baxışlarını gördüm. O vaxtdan etibarən O, arabir mənim gözümə görünməyə başladı. Mən Onu
çağıra bilmirəm, lakin hərdən O, qarşımda peyda olur.
Mən özüm onda artıq Kilsənin həqiqi islahatçılarının sırasında idim. Və qəti bilirdim: mən yerdəki
vəzifəm – yalnız xəstəlikləri sağaltmaq yox, Qadın – Allahın dünyaya gəlməsi üçün yol açmaqdır.
Qadın başlanğıcı güclənəcək, təzədən Mərhəmət sütunu ucalacaq – insanların ürəklərində Müdriklik
Məbədi qurulacaq.
Mən gözqırpmadan ona baxırdım. Onun bir dəqiqə əvvəl gərginlik ifadə edən siması yumşaldı.
- Bunun öz bədəli vardı və mən ödəməyə hazır idim.
Və o, sanki nə deyəcəyinibilmədiyindən susdu.
- Necə yəni «vardı»?- mən soruşdum.
- İlahənin yolu təkcə söz və möcüzə ilə salına bilərdi. Ancaq bizim dünyamız belə qurulmayıb. Hər
şey daha çətindir. Göz yaşları, əzab, anlamamazlıq olacaq.
«Bu müqəddəs atanın işidir, - mənim başımdan keçdi. – Keşiş onun ürəyinə qorxu səpib. Lakin mən
onun üçün təsəlli və ruhlandırıcı olacacağam».
- Bu əzab yox, şöhrət yoludur, - mən cavab verdim.
- Adamların çoxu hələ də məhəbbətə etibar eləmir…
Mən hiss edirdim – o, mənə nə isə demək istəyir, amma bacarmır. Bəlkə ona yardım etmək
lazımdır?
- Mən bu barədə fikirləşmişəm, - onun sözünü kəsdim. – Pireneylərin ən yüksək zirvəsini ən birinci
fəth edən kəs anlamışdı ki, risksiz həyat Tanrının nemətlərindən məhrumdur.
- Sən nemətlər haqqında nə bilirsən? – o qışqırdı və mən sakitliyin onu yenidən tərk etdiyini
gördüm. – Müqəddəs Ananın adlarından biri – Bərəkətli Müqəddəs Məryəmdir və onun əli verdiyi
nemətləri qəbul etməyi bacaran hər kəsə xeyir – dua verir.
Biz başqalarının yaşamlarını mühakimə edə bilmərik, zira hər kəs təkcə öz əzablarını tanıyır və öz
məhrumiyyətlərindən keçir. Doğru yolu tapdığını düşünmək bir şeydir, özünü və digərlərini bu
yolun yeganəliyinə inandırmaq isə tamam başqa.
İsa deyib: «mənim Atamın evində yaşayanlar çoxdur». Vergi Tanrı nemətinin özüdür. Lakin zəhmət
və yaxınlarına sevginin olduğu sadə, ləyaqətli həyat da Tanrı nemətləri ilə zəngindir. Məryəmin Yer
üzündə adsız zəhmətin qiymətini göstərə bilmiş həyat yoldaşı vardı. O, özü kölgədə qala – qala
arvadını və oğlunu başlarının üstündəki tavan və qida ilə təmin elədi, onlara missiyalarını yerinə
yetirmək imkanı verdi. Baxmayaraq ki, onun əməyini heç kim layiqincə qiymətləndirmədi, o, çox
əhəmiyyətlidir.
Mən dinmədim. O, mənim əlimdən tutdu.
- Bağışla, mən kobud və səbirsizəm.
Mən onun ovucunu öpdüm və yanağıma sıxdım.
60

- Mənim sənə izah etmək istədiyim budur, - o dedi və onun üzündə təbəssüm peyda oldu. – Bizim
təzədən görüşdüyümüz dəqiqədən etibarən mən anladım ki, səni əzablara məhkum edə bilmərəm,
onlarsa mənim bu dünyadakı missiyamın ayrılmaz parçasıdır.
Mən narahatçılıq hiss elədim.
- Dünən mən sənə yalan dedim. Birinci və sonuncu dəfə. Mən dedim ki, seminariyaya gedirəm,
amma əslində dağa qalxdım və Müqəddəs Ana ilə danışdım.
Mən Ona dedim ki, əgər O istəsə, mən səndən uzuqlaşacam və öz yolumla getməkdə davam
edəcəyəm – qapımın ağzandakı xəstələrlə, gecə səfərlərilə, inamı rədd etmək istəyənqlərin
anlamamazlığıyla, məhəbbətin xilas gətirdiyinə inanmayanların təhqiredici baxışları ilə. Əgər
Müqəddəs Ana bunu istəsə, mən ən əziz varlıqdan imtina edəcəyəm – səndən.
Və bu anda müqəddəs ata bir də mənim yadıma düşdü. O haqlı çıxdı. Həmin səhər seçim edilmişdi.
- Lakin yenə də, əgər bu qismətin məndən yan keçməsi mümkündürsə, mən dünyaya sənə olan
sevgimin vasitəsilə xidmət eləməyə söz verirəm.
- Sən nə danışırsan? – mən qorxu içində soruşdum.
Amma sanki eşitmirdi.
- Öz inamının möhkəmliyini sübut etmək üçün dağları yerindən tərpətmək lazım deyil, - o davam
etdi. – Mən əzabları təklikdə qəbul etməyə və onlara dözməyə hazıram, laki onu səninlə bölüşməyə
yox. Əgər mən əvvəlki yoluma davam eləsəm, bizim heç vaxt ağ pərdəli pəncərələri dağlara baxan
evimiz olmayacaq.
- Mən o ev haqqında heç nə bilmək istəmirəm! Mən onun kandarından belə keçmək istəmirdim! –
mən qışqırmamağa çalışaraq dilləndim. – mən səni müşayət etmək, sənin mübarizəndə yanında
olmaq, birinci risk edənlərin sırasında olmaq istəyirdim. Yəni sən başa düşmürsən? Sən mənə
inamımı qaytarmısan!
Cünəş yerini dəyişdi və onun şüaları mağaranın divarlarını işıqlandırdı. Lakin indi bu gözəlliyin elə
bir mənası yox idi.
Allah cəhənnəmi cənnətin ortasında gizlətmişdi.
- Sən anlamırsan,- o dedi və onun gözləri mənə yalvarırdı ki, başa düşüm. – Sən bunun necə risk
olduğunu anlamırsan.
- Lakin səni o, xoşbəxt edir!
- Hə. Amma bu mənim riskimdir.
Mən onun sözünü kəsməyə cəhd etdim, ancaq o, məni eşitmədən danışırdı:
- Ona görə də dünən mən Müqəddəs Məryəmdən möcüzə göstərməsini istədim. Xahiş elədim ki, o,
məni vergimi geri götürsün.
Mən qulaqlarıma inanmadım.
- mnim bir az pulum var, saysız – hesabsız səyahətlərdə qazandığım təcrübəm var. Ev alarıq, mə niş
taparam və Allaha İosif kimi xidmət edərəm – kölgədə qalanın itaətkarlığı ilə. İnamımı qorumaq
üçün mənə daha möcüzə lazım deyil. Mənə sən lazımsan.
Mənim ayaqlarım pambıq eimi oldu, sanki indicə huşumu itirəcəkdim.
- Mən Müqəddəs Məryəmə bu dua ilə müraciət etdiyim an içimdən naməlum dillərdə səslər gəldi və
mən eşitdim: «Əllərini torpağa daya. Sənin vergin səni tərk edəcək və Ananın bətninə qayıdacaq».
- Ancaq sən bunu etmədin? – mən dəhşətlə soruşdum.
- Etdim. Mən, məni qoruyan Müqəddəs Ruhun dediklərini etdim. Duman çəkilməyə başladı və
günəş yenidən dağların zirvələri arxasında parıldadı. Mən hiss etdim ki, Müqəddəs Məryəm məni
başa düşdü – axı, o da ürəkdən sevib.
- Amma o, öz ərinin ardınca getdi! Və oğlunun əməllərini bəyəndi!
- Bizdə Onun gücü yoxdu, Pilar. Mənim vergim başqasına keçəcək – o, bihudə itib – batmayacaq.
Dünən mən barda Barselonaya zəng vurdum və mühazirəni ləğv elədim. Gedək Saraqosa – orda
sənin tanışların çoxdur, orda balamaq asan olacaq. Mən tez iş tapacağam.
Mən artıq fikirləşmək iqtidarında deyildim.
61

- Pilar!
Lakin mən artıq tunellə geri qayıdırdım və artıq mənim dayağım, mənə yol göstərən bir kimsəm yox
idi, mənim ardımca isə minlərlə kütlə gəlirdi – ölümə məhkum edilmiş xəstələr, əzab çəkməyə
məhkum edilmiş ailələr, həyata keçirilməmiş möcüzələr, dünyanı gözəlləşdiməmiş təbəssümlər,
əvvəlki yerlərində qalmağa məcbur dağlar.
Mən hər tərəfdən üstümə yeriyən az qala fiziki qatı zülmətdən başqa, demək olar ki, heç nə
görmürdüm.
***
Rio – Pyedranın sahilində mən oturdum və ağladım. O gecə mənim başımdan keçən fikirlər dağınıq
və tutqun idilər və onda nə barədə düşündüyümü indi yadıma salmaqda çətinlik çəkirəm. Bircə onu
başa düşürəm ki, ölüm lap yaxınımda idi – ancaq onun sifətini xatırlamıram, məni hara apardığını
bilmirəm.
Amma mən onu yadıma salmaq istərdim - öz ürəyimdən qoparmaq üçün. Ancaq bacarmıram.
Qaranlıq tuneldən çıxaraq üstünə zülmət çökmüş dünya ilə üz –üzə gəldiyim ana qədər hər şey
yuxuya bənzəyir.
GÖydə bir dənə də ulduz yox idi. Maaşına necə çatdığım, oturacaqdan rükzakı necə götürdüyüm və
hara getdiyimi bilmədən irəlilədiyim tutqun yadıma gəlir. Yəqin, şosseyə çıxmışam, Saraqosa gedən
yol maşınlarını saxlamağa çalışmışam – amma nəticəsiz. Axırda monastırın bağına qayıtmışam.
Hər yerdən su səsi eşidilirdi – hər tərəf şəlalə idi və mən hara gedirəmsə, gedim, arxamca gələn
Müqəddəs Ananın varlığını hiss edirdim. Axı, o da dünyanı Allahı sevdiyi qədər möhkəm sevirdi,
axı, o, öz öğlunu adamlara qurban vermişdi. Lakin onun qadın – kişi məhəbbətindən xəbəri vardımı?
Ola bilsin ki, O da sevgidən əziyyət çəkib, amma bu başqa sevgi idi. Onun Böyük Əri hər şeyi
bilirdi və möcüzələr yaradırdı. Onun dünyəvi əri qadınının yuxularındakı hər şeyə inanan, itaətkar,
zəhmətkeş idi. Ona sevdiyin kişini atmağın və ya onun tərəfəndən tərk edilməyin nə demək
olduğunu bilmək qismət olmayıb. İosif,Onun hamiləliyindən xəbər tutub evdən qovmaq istəyəndə,
Səmavi Ər buna Mane olmaq üçün onun yanına mələk göndərdi.
Bəli, Oğlu onu tərk etdi. Lakin uşaqlar həmişə ata evindən gedirlər. Yaxınına, oğluna və ya
bəşəriyyətə sevgi xatirinə əzablara dözmək asandır. Bu əzablar sənin həyatın bir parçası olman
hissini yaradır və sənin əzabların dahi və alicənabdırlar. Öz missiyanı gerçəkləşdirmək üçün, ali
amal xatirinə əzablara dözmək asandır – bu əzablar əzabkeşin ruhunu göylərə qaldırır.
Ancaq kişi üçün əzab çəkdiyini necə izah edəsən və bəraət verəsən? Heç cür. Bu mümkün deyil. Və
biz cəhənnəmə düşürük, zira bu əzablarda nə alicənablıq, nə böyüklük var. Bəs nə var? Heç nə
yoxdur. Yalnız bədbəxtlik.
Həmin gecə mən donmuş torpağa yıxıldım və sanki soyuq mənim acılarımı keyləşdirdi. Hərdən belə
bir fikir yaranırdı: sığınacaq tapmasam, donacağam. Nə olsun? Həyatımdakı ən vacib şeylər bir
həftə içndə səxavətlə mənə bağışlandı – bağışlandı və həmin anda geri alındı, elə tez alındı ki, mən
heç səsimi də çıxartmağa macal tapmadım.
Məni əsməcə tutmuşdu,lakin mən buna fikir vermirdim. Vaxt çatacaq – bədənim məni isitmək üçün
sərf etdiyi bütün gücünü itirərək dayanacaq və mən artıq heç nə edə bilməyəcəyəm. Onda mənim
bədənim öz adi sakitliyinə dönəcək, ölüm məni öz qoynuna alacaq.
Bir saatdan çox titrədim. Və rahatlıq gəldi.
Gözlərim yumulana yaxın qulağıma anamın səsi gəldi. O, mənim uşaqlıqda eşitdiyim əhvalatı
danışırdı və heç ağlına da gətirmirdi ki, bu əhvalat mənim haqqımdadır.
«Biri vardı, biri yoxdu, bir gənc oğlan və qız vardı. Onlar biri – birini sevdilər – anamın səsi ya
ölümqabağı bihuşluqda, ya da yuxuda eşidilirdi. – Və evlənmək qərarına gəldilər. Bəy və gəlinsə
həmişə birinə hədiyyə verir.
Oğlan kasıb idi: yeganə sərvəti babasından ona miras qalmış saat idi. O saatı sataraq çox gözəl
62

saçları olan sevgilisinə gümüş daraq almaq qərarına gəldi.
Qızın da nişanlısına hədiyyə almaq üçün pulu yox idi. Onda o, şəhərdəki ən varlı tacirin dükanına
getdi və öz saçlarını satdı. Qazandığı pulla saata qızıl zəncir aldı.
Və onlar toy günü görüşəndə gəlin bəyə satdığı saatı üçün qızıl zəncir bağışladı, bəysə gəlinə –
kəsdirdiyi saçları üçün daraq».
Kimsə məni möhkəm silkələyərək oyatmağa çalışırdı və mən ayıldım.
- İç! – mən kişi səsi eşitdim. – Tez iç!
Mən nə baş verdiyini anlamırdım və müqavimət göstərə bilmirdim. Adam mənim dişlərimi araladı
və içimi yandıran mayeni ağzıma tökdü. Nəzərimə onun təkcə köynəkdə olduğu, öz gödəkcəsi ilə
məni bürüdüyü çarpdı.
- İç! İç! – o tələb etdi.
Və mən boyun əydim. Sonra yenə gözlərimi yumdum.
Monastırda ayıldım. Kimsə bir qadın mənə baxırdı.
- Siz, az qala, ölmüşdünüz, - o dedi. – Əgər monastırın arovulçusu olmasaydı, indi dünyanızı
dəyişmişdiniz.
Mən nə elədiyimi tam anlamadan çətinliklə ayağa qalxdım. Dünənki hadisədən bəzi şeyləri
xatırladım və həmin qarovulçunun yaxınlıqda olmasına təəssüfləndim.
Lakin ölümün məqamı ötürülmüşdü. Mən yaşamalı idim.
Qadın məni mətbəxə apardı, qəhvə tökdü, boşqaba yeməyə nə isə qoydu. O, heç nə soruşmurdu,
mən də heç izah etmədim. Yeməyimi bitirəndə o, rükzakımı mənə uzatdı.
- Yoxlayın, görün hər şey yerindədirmi?
- Yəqin ki. Bir də orda qiymətli heç bir şey yoxdu.
- səni qarşıda həyat gözləyir, qızım. Uzun həyat. Onun qədrini bil.
- Hardasa buralarda kilsəli olan kiçik şəhər var, - mən özümü ağlamaqdan güclə saxlayaraq dedim. –
Dünən bura gəlməzdən qabaq mən həmin kilsəyə girmişdim… - və tutuldum. - …uşaqlıq dostumla
birlikdə. Mən kilsələri gəzməkdən yorulmuşdum, amma orda kilsənin zəngləri çaldı və o dedi ki, bu
işarədir və biz içəri girməliyik.
Qadın yenidən mənim fincanımı doldurdu, özünə də süzdü və yanımda oturaraq mənə söhbətimə
qulaq asmağa başladı.
- Və biz içəri girdik. Ora qranlıq və boş idi. Mən işarənin nə olduğunu müəyyənləşdirməyə çalışdım,
lakin adi mehrabdan və müqəddəslərin heykəllərindən başqa heç nə görmədim. Qəflətən hardasa
yuxarıda, orqanın olduğu yerdə canlanma yarandı.
Məlum oldu ki, xorda altı simli gitara çalan bir neçə oğlan alətləri kökləməyə başlayıb. Biz qərara
gəldik ki, oturub bir az qulaq asaq, sonra yolumuza davam edək.
Az sonra kimsə bir Adam da bizə qoşuldu. O şən idi və oğlanlara qışqırırdı ki, pasodobl çalsınlar.
- Ümid edirəm, onlar bunu etmədilər! – qadın dedi. – Pasodoblu öküz döyüşündə çalırlar.
- Etmədilər. Ancaq güldülər və flamenko çaldılar. Bütün bunlar dostumla mənə möcüzə kimi
göründü – kilsənin dincəldici qaranlığı, gitara simlərinin cingiltisi və yanımızda oturmuş o məzəli
adam.
Yavaş – yavaş kilsə camaatla dolurdu. Musiqiçilər flamenko çalmaqda davam edirdilər və gələnlərin
hamısı melodiyanın ritminə uyaraq gülümsəyirdilər.
Mənim dostum messanı dinləyib – dinlməyəciyimi soruşdu – tezliklə ibadət başlamalıydı. Mən
imtina etdim, çünki yolumuz çox uzaq idi. Biz çıxmağa hazırlaşdıq, lakin əvvəlcə həyatımıza bir
gözəl an daha yazdığı üçün Allaha təşəkkür etdik.
Qapıya yaxınlaşanda gördük ki, həddindən çox adam - az qala bu balaca şəhərin bütün sakinləri –
kilsəyə axışır. Mən düşündüm ki, bəlkə də bura İspaniyanın sonuncu tam katolik şəhəridir – yəqin
ona görə ibadətlər burda belə şən və canlı keçir.
Maşina oturanda dəfn mərasimi gördük. Adamlar əllərində tabut aparırdılar. Ağlaşmaya
hazırlaşırdılar. Dəfn mərasimi məbədin qapısından içəri girəndə musiqiçilər flamenkonu kəsdilər və
63

rekviem çaldılar.
- Allah rəhmət eləsin! – qadın xaç çəkərək dedi.
Mən də xaç çəkdim və davam etdim:
- Bax, işarə bu idi. Bizə xəbər verilirdi ki, hər bir əhvalatın sonu mütləq kədərlidir.
Qadın mənə baxdı, amma heç nə demədi. Sonra çıxdı və tez də bir qalaq kağız və qələmlə qayıtdı.
- Gəl, bayıra çıxaq.
Biz çıxdıq. Hava işıqlanırdı.
- Dərindən nəfəs al, - o xahiş etdi. – Qoy, səhərin təmiz havası ciyərlərinə dolsun, qanına işləsin.
Sən dünən möcüzə nəticəsində sağ qalmısan.
Və belə görünür ki, indicə mənə danışdığın əhvalatın mahiyyətini Heç sən özün də anlamırsan. Sən
onun təecə kədərli sonluğunu gördün və kilsədə yaşadığın xoşbəxt anları unutdun. Unutdun ki, sanki
göylərin necə yerə endiyini görmüsən. Unutdun ki, bütün bu anları … - o, dilini sürüdü və və
gülümsəyərək öz vurub sözünü bitirdi. – uşaqlıq dostunla birlikdə və onun yanında yaşamağın necə
yaxşı olduğunu düşünmüsən. İsanın sözləri yadındadı: «»Qoy, ölülər öz ölülərini basdırsınlar». Zira
o bilirdi ki, ölüm yoxdur. Həyat biz bu dünyaya gələnə qədər olub və bi zonu tərk edəndən sonra da
olacaq.
Mənim gözlərim yaşla doldu.
- Eyni şey sevgiyə də aiddir, - o davam etdi. – O, əvvəllər də var olub və əbədilik olacaq.
- Mənə elə gəlir ki, siz mənim həyatımı bilirsiniz, - mən dedim.
- Bütün sevgi əhvalatları biri birinə oxşayır. Mən də vaxtlə Bundan keçmişəm. Ancaq mən bu
yadımda qalmayıb. Yadımda qalan odur ki, sevgi dirildi və başqa insanın, yeni ümidlərin, yeni
arzuların simasında qayıtdı.
O, kağızı və qələmi mənə uzatdı.
- Bütün hiss etdiklərini yaz. O hissləri öz qəlbindən çıxart, onları kağıza tök, sonra da tulla.
Rəvayətdə deyilir ki, guya Rio – Pyedranın suları elə soyuqdur ki, bu çayın sularına düşən hər şey –
yarpaqlar, həşəratlar, quş lələkləri – vaxt keçdikcə onun məcrasını döşəyən daşlara çevrilirlər. Nə
bilmək olar, bəlkə əzabları da selə atmağın xeyri olacaq?
O, məni öpdü və dedi ki, əgər istəsəm, nahara qayıda bilərəm.
- Unutma! – o, arxamca çağırdı. – Sevgi əbədidir. Sevgililər dəyişir.
Mən güldüm, o, mənə əl yellədi.
Mən uzun müddət çaya baxdım, Göz yaşlarımın quruduğun hiss edənə qədər ağladım.
Və onda mən yazmağa başladım.

Epiloq
Mən bir, iki, üç gün yazdım. Hər səhər çayın kənarına gəlirdim. Axşama yıxın Həmin qadın peyda
olurdu və əlimdən tutaraq məni öz evinə – köhnə monastırdakı hücrəsinə apırırdı.
O, mənim paltarlarımı yuyurdu, sadə şam yeməyi hazırlayırdı, boş - boş şeylərdən danışırdı və məni
yatırdırdı.
Bir səhər, işimin sona çatmasına az qalmış, mən eşitdim – maşın gəldi. Ürəyim dayandı, sonra bərk
çırpındı, lakin mən onun dediklərinə inanmaq istəmirdir. Mən artıq özümü hər şeydən azad hiss
edirdim və dünyaya qayıtmağa, yenidən onun bir parçası olmağa hazır idim.
Ən təhlükəli an özü haqqında işıqlı kədər qoyaraq keçmişdi.
Amma ürəyim məni aldatmırdı. Gözümü əlyazmadan çəkmədən onun varlığını duydum, addımlarını
eşitdim.
- Pilar, - o, yanımda oturaraq dilləndi.
Mən cavab vermədim. Yazmağa davam etdim, amma fikirlərim artıq qarışmışdı və mən onları bir
yerə toplamaq iqtidarında deyildim. Ürəyim elə döyünürdü, elə titrəyirdi ki, sanki sinəmi tərk etmək,
64

onun görüşünə cummaq istəyirdi. Lakin mən buraxmırdım.
O, oturaraq çaya bıxırdı, mənsə dayanmadan qələmi kağızın üzərində gəzdirirdim. Bütün səhər
beləcə keçdi – heç birimiz bir kəlmə belə danışmadıq – və quyu kənarında keçirdiyimiz həmin
gecənin səssizliüini xatırladım – onda mənə qəflətən əyan olmuşdu – mən onu sevirəm.
Yorğunluqdan əllərim üyüşdü və mən dayandım. Onda o dedi:
- mən mağaradan çıxanda artıq qaranlıq düşmüşdü və mən səni gözdən itirdim. Saraqosa getdim.
Sonra – Soriyaya. Mən səni axtararaq bütün dünyanı dolaşardım. Pyedra monastırına qayıtdım və
burda bir qadınla rastlaşdım. O, sənin yerini mən dedi. Və əlavə etdi ki, bütün bu günlər sən məni
gözləmisən.
Mənim gözlərim yaşla dolurdu.
- Sən bu sahildə oturduğun müddətcə mən sənin yanında qalacam. Yatmağa gedəngə – kandarda
uzanacam. Əgər uzaqlara getsən, ardınca yollanacam.
Sən «Get» deyənə qədər belə olacaq. Onda mən gedəcəm. Amma yenə də bütün həyatım boyu səni
sevəcəm.
Mən artıq göz yaşlarımı gizlədə bilmirdim. O da ağlayırdı.
- İstəyirəm, biləsən ki… - o davam etdi.
- Heç nə demə. Götür, oxu,- mən cavab verdim və bir topa yazılı vərəqi ona uzatdım.
Həmin günü mən axşama qədər çaya baxaraq keçirdim. Qadın bizə şərab və buterbrodlar gətirdi,
hava haqqında nə isə dedi və bizi yenidən tək qoydu. OЁ bir neçə dəfə oxumağı dayandırdı və dərin
düşüncələrə dalmış halda heç nə görməyən baxışlarını üfüqə zillədi.
Mən meşədə gəzmək, kiçik şəlalələrə, dağ yamaclarına baxmaq istədim – onların hər birinin öz
əhvalatı vardı, hər biri gizli anlam daşıyırdı. ,ünəş qüruba enəndə onu qoyub –getdiyim yerə
qayıtdım.
- Çox sağ ol, - o, əlyazmasını mənə verərək dedi. – Və bağışla.
Mən Rio – Pyedranın sahilində oturdum və gülümsədim.
- Sənin məhəbbətin məni xilas etdi və arzularıma qaytardı, - o davam etdi.
Mən səssizcə və tərpənmədən oturmuşdum.
- 137- ci surə yadındadır? – o soruşdu.
Mən başımı yellədim. Ağzımı açmağa qorxurdum.
- Babil çaylarının yanında…
- Hə, hə, əlbəttə, yadımdadır, - mən yavaş – yavaş həyata qayıtdığımı hiss edərək dedim. – Orada
çöhbət sürgündən gedir.Ürəklərinin istədiyini çala bilmədikləri üçün arfalarını ağacların
budaqlarından asmış adamlardan danışılır.
- Lakin ağlaşma bitəndən sonra ağıçı röyalarının torpağını işıqlı kədərlə xatırlayaraq özünə söz verir:
Əgər mən səni unutsam, Yerusəlim,
Unut məni, sağ əlim mənim
Qırtlağıma yapış, dilim mənim
Əgər mən səni unutsam, Yerusəlim
O, yenidən gülümsədi:
- Mən bunu unutmağa başlamışdım. Sən mənim xatırlamağıma səbəb oldun.
- Necə bilirsən, sənin vergin sənə qayıdacaq? – mən soruşdum.
- Bilmirəm. Ancaq Allah həmişə mənə ikinci şans verib. O, mənə səni verir. Və sən təzədən öz
yolumu tapmaqda kömək edəcəksən.
- Bizim yolumuzu, - mən düzəliş verdim.
- Hə, bizim.
O, mənim əlimdən tutdu, yerdən qalxmağa kömək elədi.
- Əşyalarını topla. Gedirik. Arzular özbaşına həqiqətə çevrilməyəcək.

65


